Azərbaycan diaspor təşkilatlarının aktiv fəaliyyət göstərdiyi ölkələrdən biri də Ukraynadır. Bunun əsas səbəblərindən biri Ukrayna və Azərbaycan arasındakı dövlətlərarası münasibətlərin hər zaman yüksək səviyyədə olmasıdır.
SSRİ-nin dağılmasından və sovet respublikalarının müstəqillik əldə etməsindən sonra istər ümummilli lider Heydər Əliyevlə Ukraynanın o vaxtkı prezidenti Leonid Kuçmanın, istərsə də Azərbaycan Prezidenti İlham Əliyevlə sonrakı Ukrayna prezidentlərinin dostluq münasibətlərinin olması Azərbaycan diasporunun bu ölkədəki fəaliyyətinin genişlənməsinə rəvac verib. Bundan başqa, Azərbaycan və Ukrayna xalqlarının taleyinin tarixən eyni olması da xalqlararası münasibətlərdə həmişə müsbət notlar yaradıb.
Müstəqilliyin bərpasından sonra təməli ulu öndər Heydər Əliyev tərəfindən qoyulan Azərbaycan Respublikasının diaspor siyasətinin əsas prinsipini Qarabağ münaqişəsi, daha dəqiqi, Ermənistanın Azərbaycana hərbi təcavüzünün dünya ictimaiyyətinin diqqətinə çatdırılması təşkil edib. Bu, həm də xaricdə yaşayan azərbaycanlıları vahid şüar altında birləşdirmək üçün ana xətt olub.
Heydər Əliyevin xarici ölkələrə səfərləri zamanı bu ölkələrdə (o cümlədən Ukraynada) kompakt şəkildə yaşayan azərbaycanlılarla görüşməsi ənənə halını almışdı. Ümummilli lider vətəndən uzaqda yaşayan azərbaycanlıları yaşadıqları ölkələrə inteqrasiya etməyə, eyni zamanda Ana Vətənlə əlaqələri kəsməməyə və Azərbaycan həqiqətlərini təbliğ etməyə çağırardı. Ulu öndər az qala hər bir səfərindən diaspor quruculuğu məqsədilə də istifadə etməyi bacarırdı. Ukraynadakı diaspor təşkilatı nümayəndələrinin (əvvəlcə Nazim İbrahimovun, daha sonra Tələt Əliyevin) Azərbaycanın bu ölkədəki səfirləri təyin edilməsi Heydər Əliyevin xaricdə yaşayan azərbaycanlıları diaspor quruculuğunda aktiv iştirak etməyə dəvəti kimi də qiymətləndirilə bilərdi.
Məhz bu səfərlərin və uzaqgörən siyasətin nəticəsi olaraq 1990-cı illərdə Ukraynanın müxtəlif vilayətlərində Azərbaycan diaspor təşkilatları yaranmağa başladı. Lakin onların bir-biri ilə əlaqələri və koordinasiyalı fəaliyyəti demək olar ki, yox dərəcəsində idi. Bu təşkilatların bir araya gəlməsi 1997-ci ildə Ukrayna Azərbaycanlıları Konqresinin yaranmasından sonra başladı. Bundan sonra dünyanın digər ölkələrindəki Azərbaycan diaspor təşkilatları da Konqres adı altında birləşməyə start verdilər. Ukrayna Azərbaycanlıları Konqresinin ən güclü vaxtı Oqtay Əfəndiyevin rəhbərliyi dövrünə təsadüf edir. Təəssüf ki, təşkilatın müstəqil fəaliyyəti kimlərisə qane etmədi. Bəzi diaspor təşkilatları rəhbərlərinin mənəm-mənəmlik iddiası ilə yanaşı, 2002-ci ildə yaradılmış Azərbaycan Diasporla İş üzrə Dövlət Komitəsi rəhbərliyinin “parçala, hökm sür” siyasəti Ukrayna Azərbaycanlıları Konqresində bölücülüyə, çoxtirəliyə gətirib çıxardı. Parçalanma təşkilatın 2006-cı ildə keçirilən konfransında baş verdi. Bundan sonra 2010-cu ilə qədər Konqresin heç bir fəaliyyəti olmadı. Nəticədə bir çox tanınmış şəxslər diaspor fəaliyyətindən uzaqlaşdı, fürsətcillər isə özünü təşkilatın rəhbəri elan etdi. 2010-cu ildə keçirilən növbəti konfrans zamanı İlqar Abbasov adlı iş adamı Ukrayna Azərbaycanlıları Konqresinin yeni sədri seçildi. Lakin intriqalar ona da işləmək imkanı vermədi, nəticədə bir il sonra istefa verdi. Bir il sədrsiz fəaliyyət göstərən Konqresin fəaliyyətini dirçəltmək cəhdləri 2012-ci ilin sonunda keçirilən konfransda birdəfəlik iflasa uğradı.
Konqresdəki ixtilaf və intriqalardan bezən, eləcə də təşkilatın dirçəldilməsinə ümidlərini birdəfəlik itirən diaspor fəalları Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporu ətrafında toplanmağa başladılar. Ukrayna Azərbaycanlıları Konqresinin tərkibinə daxil olan bir çox qurumlar da məhz bu təşkilatda birləşdilər. Konqresin adından fəaliyyətini davam etdirən digər təşkilatlar da bir müddət sonra Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresi adlı yeni təşkilat yaratdılar. Hər iki təşkilatın adında Konqres sözü olduğu üçün günü bu gün də bəzən özlərini əvvəlki konqresin davamçıları kimi təqdim edirlər. Ancaq maraqlıdır ki, Ukraynanın müvafiq dövlət orqanında Ukrayna Azərbaycanlıları Konqresinin sədri kimi hələ də İlqar Abbasov göstərilir.
2018-ci ildə Azərbaycan Diasporla İş üzrə Dövlət Komitəsinin rəhbərliyində baş verən dəyişiklikdən sonra Ukraynadakı diaspor təşkilatlarının fəaliyyətinə yenidən nəzər salındı. Komitə rəhbərliyinin təklifi ilə bu ölkədəki Azərbaycan diaspor təşkilatları Ukrayna Azərbaycanlıları Radası adı altında birləşdilər. Hər şey birlik fəlsəfəsinə uyğun baş tutdu – diaspor könüllü fəaliyyət növüdür, heç kim və heç bir təşkilat digərlərindən üstün deyil, hamı bərabərhüquqludur. Bu Rada Ukrayna vətəndaşı olan azərbaycanlıların siyasi seçiminə də qarışmayacaqdı.
Birləşmə prosesinin nəticələri öz müsbət nəticələrini qısa zamanda göstərdi. İstər COVID-19 pandemiyası dövründə, istər Tovuz döyüşləri vaxtı, istərsə də Vətən müharibəsi vaxtı hamı məhz Azərbaycan naminə birlik nümayiş etdirdi, Ukrayna ictimaiyyətini Azərbaycan həqiqətləri barədə məlumatlandırdı, ermənilərin Ukrayna mediasındakı təxribatlarını tamamilə neytrallaşdırdı, ukraynalı deputatların iştirakı ilə BMT-nin Kiyevdəki ofisi qarşısında izdihamlı aksiya təşkil olundu.
Təəssüf ki, mənəm-mənəmlik iddiaları ilə Ukrayna Azərbaycanlıları Konqresinin parçalanmasına yol açan şəxslər və qurumlar bu dəfə də öz şakərlərinə sadiqlik nümayiş etdirdilər. Lakin onlar unudurlar ki, bu dəfə zaman əvvəlki deyil. Daha heç kim diaspor təşkilatlarının parçalanmasında maraqlı deyil, bu səbəbdən onların “xidmətinə” ehtiyac duyanlar da, onlardan şəxsi sədaqət tələb edənlər də yoxdur. Çünki ortaya konkret hədəf qoyulub – ya birlik üçün çalışacaqsan, ya da birliyə mane olmayacaqsan! Güc birlikdədir axı...