Bakı. 12 dekabr. REPORT.AZ/ Ukraynada yaşayan azərbaycanlılar və digər azsaylı xalqlar siyasi qərarların qəbulu zamanı, o cümlədən yeni layihələrdə ölkədə yaşayan milli azlıqların təkliflərinin nəzərə alınması və hüquqlarının təmin olunması ilə bağlı prezident Pyotr Poroşenko, Ali Rada və Nazirlər Kabinetinə müraciət ediblər.
"Report" Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin (BUAK) yaydığı məlumata istinadən xəbər verir ki, müraciət Ukraynada yaşayan milli və dini azlıqları təmsil edən bir sıra təşkilat rəhbərləri, eləcə də deputatlar, hüquq müdafiəçilərinin iştirakı ilə keçirilən toplantıda qəbul edilib.
Sənəddə ölkə rəhbərliyindən və Ali Radadan bütün sahələrdə qəbul edilən siyasi qərarlarda milli azlıqların hüquqlarının daim nəzərə alınması tələb olunub.
Qeyd edək ki, Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin sədri Rövşən Tağıyevin sədrliyi ilə keçirilən toplantıda Ukrayna Nazirlər Kabinetinin etnik siyasət və dini azlıqlarla iş şöbəsinin müdiri Yuri Reşetnikov, Ukrayna Yəhudi Forumunun prezidenti Arkadi Monastirski, deputat Oles Doniy, Ukrayna Tatar Mədəniyyət Mərkəzinin sədri Peter Şerafetdinov, Ukrayna Yunan Katolik Kilsəsinin rəhbəri Ata İqor Şaban və qaqauzları, rusları, moldovanları, Orta Asiya xalqlarını təmsil edən bir sıra təşkilat rəhbərləri, alimlər və hüquq müdafiəçiləri iştirak ediblər.