“IV Qurultay dünya azərbaycanlılarının birləşməsi, daha da fəal olmaları üçün çox önəmli tədbir olacaq”
Bakı. 3 iyun. REPORT.AZ/ “IV Qurultay dünya azərbaycanlılarının birləşməsi, daha da fəal olmaları üçün çox önəmli tədbir olacaq”.
“Report” xəbər verir ki, bunu Prezident İlham Əliyev bu gün Bakıda keçirilən Dünya Azərbaycanlılarının IV Qurultayının açılışında çıxış edərkən deyib.
Prezident bildirib ki, Dünya Azərbaycanlılarının I Qurultayının keçirildiyi 2001-ci ildən indiyədək Azərbaycanda böyük işlər görülüb, Azərbaycan daha da güclənib: “Həmin vaxtdan indiyənədək bizim imkanlarımız artıb. Əlbəttə, biz həmişə xaricdə yaşayan azərbaycanlıların taleyi ilə, həyatı ilə maraqlanırıq. Çalışırıq ki, onlara öz dəstəyimizi verək. İstəyirik ki, onlar olduqları ölkələrdə rahat yaşasınlar, yaxşı mövqe tutsunlar, onların yaxşı imkanları olsun. Eyni zamanda, öz doğma Vətəninə xidmət eləsinlər”.
Dövlət başçısı bildirib ki, 2001-ci il Azərbaycan diaspora təşkilatlarının formalaşdırılması işində çox önəmli il olub: "Çünki birinci qurultaydan sonra 2002-ci ildə ulu öndər Heydər Əliyevin sərəncamı ilə Xaricdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsi yaradılıb.Hazırda həmin qurumun adı Diasporla İş üzrə Dövlət Komitəsidir".
Prezident İlham Əliyev qeyd edib ki, diaspor təşkilatlarının təşkilatlanma, formalaşma prosesi də vüsət alıb: "Əgər o vaxt dünyada azərbaycanlıların 200-dən bir qədər çox diaspor təşkilatı var idisə, hazırda onların sayı 462-dir. Həm kəmiyyət, həm də keyfiyyət baxımından Azərbaycan diaspor təşkilatları böyük yol keçmiş, güclənmiş və bu gün dünya miqyasında azərbaycanlılar və onların təmsil etdikləri təşkilatlar önəmli rol oynayırlar. Ulu öndər Heydər Əliyev bütün dövrlərdə-Sovet İttifaqı çərçivəsində başqa respubliklarda yaşayan azərbaycanlılara həmişə diqqət göstərib. Məhz onun təşəbbüsü ilə Sovet İttifaqında istisna hal kimi Azərbyacan gəncləri imtahan vermədən Rusiyanın, digər müttəfiq dövlətlərin ali məktəblərində təhsil alırdılar. Hər il 800-dən çox Azərbaycan gənci ən qabaqcıl təhsil ocaqlarında təhsil alırdılar. Bundan sonra, müstəqillik dövründə ümumilli lider bu məsələni daim diqqət mərkəzində saxlayıb. Məhz onun təşəbbüsü ilə 1991-ci ildə Dünya Azərbaycanlılarının Həmrəylik və birlik günü – 31 dekabr günü təsis edilib. Bu gün bu bayramı bütün dünya azərbaycanlıları qeyd edirlər. Beləliklə, Azərbaycanda 15 il ərzində diaspor təşkilatları ilə qurulan iş, əlaqələr tam yeni vəziyyətə gətirilib çıxarılıb. Bu gün biz dünyanın müxtəlif yerlərində istənilən tədbirlər keçirə bilərik. Azərbyacan reallıqları ilə dünya ictimiayyətini geniş şəkildə tanış edə bilərik və edirik. Əlbəttə, bugünkü qurultayda səslənəcək fikirlər, aparılacaq müzakirələr düşünürəm ki, bizim imkanlarımızı daha da genişləndirəcək. Diaspor təşkialatlarının fəaliyyəti daim diqqət mərkəzindədir".