Fransanın paytaxtı Parisdə “Türk xalqlarının mərasim sistemində Novruzun yeri” adlı elmi konfrans keçirilib.
“Report”un yerli bürosu xəbər verir ki, konfrans Azərbaycanın Fransadakı səfirliyinin, Diasporla iş üzrə Dövlət Komitəsi və Fransa-Azərbaycan Dialoq Assosiasiyasının dəstəyi və “ALİM” elmi assosiasiyasının təşkilatçılığı ilə Mədəniyyət Mərkəzində baş tutub.
Konfransda fransalı professorlar, jurnalistlər, vəkillər, Fransadakı Azərbaycan icmasının üzvləri və digər qonaqlar iştirak ediblər.
Tədbirdə çıxış edən AMEA Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun "Türk xalqlarının etnoqrafiyası" şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru, tarix elmləri doktoru, professor Güllü Yoloğlu Novruzun tarixi, yaranma səbəbləri, çərşənbələr, türk xalqlarının bahar bayramları ilə oxşarlığı və s. mövzular barədə ətraflı məlumat verib.
Türk xalqlarının bu bayramda keçirdikləri ayinləri müqayisəli şəkildə təqdim edən alim atəşpərəstlik və farslara bağlı olmadığını vurğulayıb.
Daha sonra bayram tonqalına toxunan tədqiqatçı onun şamanizmdən gələn saflaşdırıcı, sağaldıcı, gələcəkdən xəbər verə bilmə gücünə inamdan bəhs edib. O, bu bayramın sülh və barış bayramı olduğunu bildirib.
Tədbirin qeyri-rəsmi hissəsində Fransada yaşayıb yaradan rəssamlar - Əsmər Nərimanbəyova və Sahib Əsədli, həmçinin Tulay Musanın Novruz mövzusuna həsr olunan əsərlərindən ibarət sərgi təşkil edilib.
Tədbirin sonunda qonaqlara Novruz şirniyyatları təqdim edilib.
Qeyd edək ki, bu, Fransada Novruz bayramına həsr edilən ilk elmi konfransdır. Konfransda Fransanın Lion, Strasburq, Qrenobl, Metz, Lil, Monpelye şəhərlərindən, eyni zamanda İsveçrənin müxtəlif şəhərlərindən də qonaqlar iştirak ediblər.