Oleq Kupçik: “Azərbaycan multikulturalizmi ukraynalı tələbələr üçün çox maraqlıdır” - MÜSAHİBƏ

Oleq Kupçik: “Azərbaycan multikulturalizmi ukraynalı tələbələr üçün çox maraqlıdır” - MÜSAHİBƏ Ukraynada Azərbaycanı sevən və Azərbaycan mədəniyyətinin, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı tarixi həqiqətlərin yayılmasına kömək edən, sadəcə həmvətənlərinə Azərbaycan sevgisi haqqında danışan və ölkələrimiz arasındakı əlaqələrin inkişafına töhfələrini verən çox sayda insan var. Bunlardan biri tanınmış tarixçi, tarix elmləri namizədi, Taras Şevçenko adına Kiyev Milli Universitetinin müəllimi Oleq Kupçikdir.
Diaspor
13 Aprel , 2020 16:17
Oleq Kupçik: “Azərbaycan multikulturalizmi ukraynalı tələbələr üçün çox maraqlıdır” - MÜSAHİBƏ

Ukraynada Azərbaycanı sevən və Azərbaycan mədəniyyətinin, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı tarixi həqiqətlərin yayılmasına kömək edən, sadəcə həmvətənlərinə Azərbaycan sevgisi haqqında danışan və ölkələrimiz arasındakı əlaqələrin inkişafına töhfələrini verən çox sayda insan var. Bunlardan biri tanınmış tarixçi, tarix elmləri namizədi, Taras Şevçenko adına Kiyev Milli Universitetinin müəllimi Oleq Kupçikdir.

“Report” Oleq Kupçiklə müsahibəni oxucularına təqdim edir.

- Oleq Romanoviç, zəhmət olmasa, Ukrayna-Azərbaycan sahəsində fəaliyyətinizin nədən və nə vaxt başladığı barədə məlumat verərdiniz.

- 2012-ci ildə Əli Dəmirov qarşılıqlı tanışlıqlar vasitəsilə xarici siyasət və diplomatiya tarixini öyrənən bir tarixçi kimi mənə müraciət etdi. O, Azərbaycanda anadan olub, amma iyirmi ildən çoxdur Ukraynada yaşayır, jurnalist və iş adamı kimi fəaliyyət göstərir. Bakıda 1918-1921-ci illərdə mövcud olmuş Ukrayna Xalq Respublikasının diplomatik nümayəndəliyinin yerləşdiyi bina tapıldığından (2009-cu ildə bu binaya xatirə lövhəsi qoyulub) Əli də elə həmin 1918-1921-ci illərdə Azərbaycan Xalq Cümhuriyyətinin Kiyevdə yerləşən diplomatik nümayəndəliyinin binasını axtarırdı.

Əli ilə birlikdə ən yüksək hökumət və idarəetmə orqanlarının Mərkəzi Dövlət Arxivində arxiv sənədləri axtarmağa başladıq və bir müddətdən sonra ADR-in rəsmi nümayəndəliyinin göstərildiyi sənəd tapdıq. Orada deyilirdi ki, 1918-ci ilin oktyabrında komissar Cəlil Sadıxov və onun müavini Yusif Salehovun rəhbərliyi altında “Ukraynada Azərbaycan Komissarlığı” yaradılıb. Komissarlığın ünvanı kimi C.Sadıxovun yaşadığı yer göstərilmişdi. Lakin həmin ev, təəssüf ki, qorunub saxlanılmamışdı.

Nəticədə toplanmış arxiv sənədləri əsasında Əli Dəmirovla birlikdə azərbaycanlı tarixçi və professor Musa Qasımlının həmmüəllifliyi ilə “Ukrayna-Azərbaycan əlaqələri: tarix və bu gün” kitabını yazdıq. Kitabda 1917-1921-ci illərdə baş verən milli inqilablar dövründəki Azərbaycan və Ukraynanın tarixi, habelə bu dövrün Ukrayna-Azərbaycan münasibətlərindən bəhs olunur. Kitab 2012-ci ildə Kiyevdə nəşr edildi. 2014-cü ildə isə təkrar nəşr olundu.

Oleq Kupçik
Oleq Kupçik

1918-1921-ci illərdə Ukrayna-Azərbaycan diplomatik münasibətləri mövzusunu araşdırarkən Əli Dəmirovla birlikdə müəyyənləşdirdik ki, “Ukraynada Azərbaycan Komissarlığı” üzvlərinin çoxu 1917-ci il fevral inqilabına qədər Kiyev universitetlərində təhsil alıblar. Kiyev Dövlət Arxivinin sənədlərini araşdıraraq “Kiyevin tələbə-azərbaycanlıları Ukraynanın siyasi həyatında (1900-1917)” (Kiyev, 2013) kitabını hazırladım. Bu kitabda azərbaycanlı tələbələrin Müqəddəs Vladimir Universitetinin, Kiyev Politexnik İnstitutunun, Kiyev Ticarət İnstitutunun hüquq və tibb bölmələrində təhsil alması, habelə Kiyev ali qadın kurslarının tibb bölməsində təhsil alan yeganə azərbaycanlı qadın Sona xanım Axundova haqqında məlumat verilib.

- Azərbaycan sahəsindəki hansı layihənizi və ya iştirakınızla olan hansı layihəni ən əhəmiyyətli hesab edirsiniz? Bunun səbəbi nədir?

- Bütün bu hadisələr mənim üçün şəxsi “Azərbaycan tarixi”nin başlanğıcı oldu. Bu əsnada Azərbaycan Respublikasının Ukraynadakı səfirliyi və ovaxtkı səfir Eynulla Mədətli ilə əməkdaşlıq əlaqələri qurdum. Yeni Azərbaycan Partiyasının dəvəti ilə 2013-cü ilin fevralında “Xocalıya ədalət” tədbirlərində iştirak elədim. Azərbaycan Xarici İşlər Nazirliyinin dəvəti ilə Bakı Beynəlxalq Forumunda iştirak etdim (Oktyabr 2013).

Daha sonra AMEA-nın Qafqazşünaslıq İnstitutu və onun direktoru, professor Musa Qasımlı ilə əməkdaşlıq fəal şəkildə inkişaf etdi. Dövri olaraq bu institutun təşkil etdiyi elmi tədbirlərdə, o cümlədən Birinci Qafqazşünaslıq Forumunda (Bakı, aprel 2017), “Qafqazda beynəlxalq münasibətlər: 100 il əvvəl və bu gün” Beynəlxalq Elmi Konfransında (may 2018) və İkinci Qafqazşünaslıq Forumunda (may 2019) iştirak etdim.

Azərbaycan Xarici İşlər Nazirliyi və AMEA-nın Tarix İnstitutunun və AMEA-nın Qafqazşünaslıq İnstitutunun nəşrlərində dərc olunmuş Azərbaycan-Ukrayna münasibətlərinin tarixi ilə bağlı araşdırmaları da qeyd etmək lazımdır.

Əsas layihə nədir? Düşünürəm ki, əsas layihənin mahiyyəti ondan ibarətdir ki, Azərbaycan tarixini, Azərbaycan-Ukrayna münasibətlərinin tarixini öyrənərək Azərbaycanı, onun tarixini və mədəniyyətini “kəşf etdim”. Belə nəticəyə gəldim ki, Ukrayna və Azərbaycan xalqları çox oxşardır: açıq, sülhpərvər və qonaqpərvərdirlər. Oxşar cəhətlərimiz çoxdur, bu gün ümumi problemlər həm də ərazi bütövlüyünün bərpası və işğal olunmuş ərazilərin qaytarılması məsələsi də əlavə olunub.

Oleq Kupçik
Oleq Kupçik

İndi Azərbaycanı “Şərqşünaslıq” təhsil proqramında oxuyan tarix fakültəsinin tarixçiləri üçün də “kəşf etməyə” çalışıram. “Yaxın və Orta Şərq ölkələrinin Ukrayna ilə əlaqələri: tarix və bu gün” fənninin tədrisində “Azərbaycan və Ukrayna münasibətləri” mövzusu da keçilir. Eyni zamanda, “Azərbaycan dili və ədəbiyyatı” ixtisası üzrə təhsil alan filoloq ixtisaslı tələbələri üçün “Azərbaycan tarixi” fənnini tədris edirəm. Tələbələrin Azərbaycan məsələlərinə artan marağını qeyd etmək istəyirəm. Tələbələrimdən bəzilərinin kurs işlərinin mövzusu kimi “1993-2003-cü illərdə Türkiyə Cümhuriyyətinin “Azərbaycan siyasəti”, “Azərbaycanın energetika siyasəti (2003-2020)” və s. mövzuları seçməsi bunu təsdiq edir.

- Siz həmçinin Ukraynada Azərbaycan multikulturalizmi konsepsiyasının populyarlaşdırılmasında fəal iştirak edirsiniz. Ötən ilin payızında Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi tərəfindən keçirilmiş Azərbaycan multikulturalizmi mövzusunda ümumukrayna esse müsabiqəsi keçirildi. Siz kafedranızda Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin nümayəndələri ilə bir neçə görüş təşkil etdiniz. Bu konsepsiya sizin üçün nə ilə maraqlıdır? Bu, Ukrayna cəmiyyəti üçün maraqlıdır?

- Bəli, 2019-cu ilin sentyabr ayında Ukrayna Milli Elmlər Akademiyasının Tarix İnstitutunda keçirilən Azərbaycan mövzusunda tədbirlərin birində Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin üzvü, həmin tədbirin həmtəşkilatçılarından olan Marina Qonçarukla tanış oldum. Marina Azərbaycanın Ukraynada tanıdılmasına yönəlmiş bir çox layihə həyata keçirdiyindən, əməkdaşlıqda ortaq maraq ifadə etdik. Payızda Xarici Ölkələrin Yeni və Ən Yeni Tarixi kafedrası Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin təqdimatını təşkil etdi. Şərqşünas tələbələr üçün təqdimatı Marina xanım həyata keçirdi. O, bu dövlət strukturunun yaranması, onun məqsəd və vəzifələri, habelə Mərkəzin Ukraynadakı fəaliyyəti, o cümlədən “Azərbaycan multikulturalizmi sülh və tolerantlığın təməl konsepsiyası kimi" mövzusunda keçirilən ümümukrayna esse müsabiqəsi haqqında danışdı.

Müasir Avropanın həyatında multikulturalizm siyasəti ilə bağlı bir sıra məlumatlara sahib olduğumdan, əlbəttə ki, “Azərbaycan multikulturalizmi” məhfumuna maraq göstərdim. Onun mahiyyəti müxtəlif millətlərin (təkcə azərbaycanlılar yox, həm də ləzgilər, talışlar, avarlar, tatlar, udinlər, gürcülər, ukraynalılar, ruslar və s.) birlikdə dinc yanaşı yaşamasına və inkişaf etməsinə imkan verən sülh və tolerantlıq siyasətidir. Maraqlıdır ki, Azərbaycanda multikulturalizm siyasəti ciddi resurslar (ayrıca institut, kadr, maliyyə) ayrılan dövlət siyasətidir. Azərbaycanda multikulturalizm siyasətinin bəhrəsini verdiyini görürük. Ukraynanın bu məsələdə Azərbaycandan öyrənəsi çox şey var.

- Həmin bu müsabiqədə qalib tələbəniz Marina Stetsenko qalib gəldi. Tələbələri Azərbaycan həqiqətlərinə fəal cəlb edirsiniz, onların Azərbaycan barəsində məlumatlarını daim artırırsınız. Azərbaycan multikulturalizmi haqqında mühazirələrdə iştirak edən, müsabiqə üçün esse yazan tələbələrin rəyləri necə idi?

- Tələbələri hər zaman yeni fürsətlər cəlb edir, şərqşünas tələbələri isə o cümlədən Şərq ölkələrini və xalqlarını öyrənmək fürsəti ilə özünə çəkir. Buna görə tələbələr Azərbaycan multikulturalizmi mövzusuna böyük maraq göstərdilər. Onların esse müsabiqəsində iştirakı və kifayət qədər yüksək yerlər tutması bunu təsdiq edir. 

Son xəbərlər

Orphus sistemi