ABŞ-ın Nyu-York şəhərində “Azərbaycan-Amerika Məzunlar və Peşəkarlar Şəbəkəsi” (AAAPN) təşkilatı fəaliyyətə başlayıb.
“Report”un yerli bürosu xəbər verir ki, Nyu-Yorkun Manhetten rayonunda təşkilatın təqdimat mərasimi keçirilib.
Təşkilat üzvlərinin qatıldığı görüşdə Azərbaycanın BMT yanında Daimi Nümayəndəliyinin diplomatlarıda iştirak edib.
Təşkilat ABŞ-ın nüfuzlu təhsil ocaqlarından biri olan Fordham Universitetinin maliyyə ixtisası üzrə magistr məzunu, hazırda “Starta” şirkətində investisiya üzrə mütəxəssis kimi çalışan həmyerlimiz Qüdrət Quliyevin təşəbbüsü ilə yaradılıb.
Təqdimatda çıxış edən Q.Quliyev deyib ki, təşkilatın yaradılmasında məqsəd ABŞ-ın müxtəlif universitetlərində təhsil alan və ABŞ-da peşəkar fəaliyyət göstərən azərbaycanlı gəncləri bir yerə toplayaraq ölkəmiz adına daha səmərəli fəaliyyət göstərməkdir.
Xüsusilə Nyu-York şəhəri və ətraf ştatlarda yaşayan fəal azərbaycanlı gənclərdən ibarət diasporun formalaşmasına ehtiyac olduğunu deyən həmyerlimizin sözlərinə görə, təşkilatın əsas fəaliyyət planları arasında mütəşəkkilliyin möhkəmlənməsi, azərbaycanlı tələbələr arasında qarşılıqlı əlaqələrin güclənməsi var.
Q.Quliyev əlavə edib ki, təşkilat üzvləri vasitəsi ilə müxtəlif seminarlar və görüşlər təşkil olunacaq, müxtəlif sahələrdə ABŞ-Azərbaycan əlaqələrinə töhfə verəcək layihələr həyata keçiriləcək.
Görüşdə qonaq qismində çıxış edən, uzun illərdir ABŞ-da maliyyə sahəsində çalışan, peşəkar mütəxəssis Rəşad Qurbanov gənclərlə təcrübələrini paylaşıb, onlara öz tövsiyələrini verib.