Bakı. 24 avqust. REPORT.AZ/ Ukraynanın paytaxt Kiyevin mərkəzində Bayraq Günü münasibətilə şəhər meriyası Ukrayna Millətlər Assambleyası (UMA) ilə birlikdə 150 metrlik bayrağın nümayişini təşkil edib.
UMA prezidenti, Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin (BUAK) sədri Rövşən Tağıyevin "Report"a verdiyi məlumata görə, onun və şəhər meri Vitali Kliçkonun da qatıldığı aksiyada azərbaycanlılar da daxil olmaqla yüzlərlə etnik xalqlardan və yerli millətdən ibarət şəhər sakinləri, xarici qonaqlar iştirak ediblər.
Şəhərin Kreşatik küçəsi boyunca "Maydan"a qədər təşkil edilən yürüşdə ilk dəfə olaraq Ukrayna bayrağı ən böyük ölçüdə - 150 metrlik uzunluqda nümayiş olunub. R.Tağıyev bildirib ki, rəhbərlik etdiyi Millətlər Assambleyası ölkədə Ukraynanın vahidliyi uğrunda bu kimi tədbirləri mütəmadi olaraq keçirir. O, ölkə vətəndaşı olan etnik xalqların Ukraynanın ərazi bütövlüyü və dünyada tanıtımı uğrunda daim fəal olduqlarını bildirib.