Roma şəhərindəki "Chiesa di San Paolo" kilsəsində 8 noyabr – Zəfər Gününə həsr edilmiş “Sülh üçün Qələbə” adlı konsert keçirilib.
Diasporla İş üzrə Dövlət Komitəsindən "Report"a verilən məlumata görə, komitənin dəstəyi və Azərbaycan-İtaliya Birliyinin təşkilatçılığı ilə baş tutan tədbirdə birliyin sədri Fərid Abbasov, Diasporla İş üzrə Dövlət Komitəsinin əməkdaşı Cahid Quliyev və Neapol-Bakı Assosiasiyasının prezidenti Cüzeppe Kaniqlia çıxış ediblər. Xalqımızı və İtaliyada yaşayan soydaşlarımızı möhtəşəm bayram münasibətilə təbrik edən natiqlər Prezident, Ali Baş Komandan İlham Əliyevin qətiyyətli və misilsiz rəhbərliyi ilə Silahlı Qüvvələrimizin torpaqlarımızı işğaldan azad etməsini tarixi hadisə adlandırıblar. Vətən müharibəsi dövründə və ötən bir il ərzində diaspor təşkilatlarının Azərbaycan həqiqətlərini yerli ictimaiyyətə çatdırmaq istiqamətində fəaliyyətinə görə minnətdarlıq ifadə edilib.
Sonra Azərbaycanın İtaliyadakı fövqəladə və səlahiyyətli səfiri Məmməd Əhmədzadənin tədbir iştirakçılarına ünvanlandığı təbrik məktubu oxunub.
Tədbir İtaliya musiqiçilərinin ifasında klassik əsərlərin təqdim olunması ilə davam edib. Tədbir çərçivəsində Azərbaycanın işğaldan azad olunmuş ərazilərində Ermənistanın törətdiyi vəhşiliklərin əks olunduğu fotosərgi nümayiş etdirilib.