“Azadlıq uğrunda mübarizə aparan bütün etnik qruplardan olan iranlılar Qərbdən kömək ala bilsəydilər, nüvə məsələsi həll olunardı”.
"Report"un xəbərinə görə, bunu tanınmış israilli siyasi şərhçi və jurnalist, Dona Qrasiya Diplomatiya Mərkəzinin təsisçisi və baş direktoru Reyçel Avraham ölkəsinin geniş oxucu kütləsinə malik populyar “
“İranda qadınların acınacaqlı vəziyyəti” sərlövhəli məqalədə bu günlərdə Paris Biznes Məktəbinin Avropada Demokratiyanın Müdafiəsi Assosiasiyası ilə birgə İranda qadınların acınacaqlı vəziyyətinə dair simpozium təşkil etdiyi və müzakirələrdə İranda yaşayan qeyri-fars qadınların vəziyyətinə xüsusi diqqət yetirildiyi qeyd olunub.
Simpoziumda çıxış edən Avropa Parlamentinin müşaviri, Avropada Demokratiyanın Müdafiəsi Assosiasiyasının rəhbəri Manel Msalmi Məhsa Əmininin ölümünün molla rejimi tərəfindən İranda qadınlarına edilən zülm və onların marjinallaşdırılması məsələsini önə çəkməklə yanaşı, ölkədə qeyri-fars etnik qruplara qarşı pis rəftarı ifşa edib.
Etnik mənsubiyyətcə kürd olan Əmini yeganə qurban deyil, Tehran yaxınlığındakı Kərəc şəhərindən olan fəal qadın, etnik ərəb Atefeh Naminin cəsədi bu yaxınlarda təhlükəsizlik qüvvələri tərəfindən etirazlarda iştirak etdiyi üçün həbs olunduqdan sonra evinin eyvanında tapılıb.
Məqalədə keçən il 23 yaşlı azərbaycanlı tibb tələbəsi Aylar Həqqinin Təbriz şəhərində məcburi hicaba qarşı etiraz aksiyalarında iştirak edərkən ayətullah rejimi tərəfindən öldürülməsinin Güney Azərbaycan xalqı arasında geniş etirazlara səbəb olduğu vurğulanıb.
Kürd, ərəb və bəluc qadınları kimi, Güney azərbaycanlı qadınların da İranda sistematik diskriminasiyaya hədəf olduğunu bildirən israilli politoloq azərbaycanlı qadınların cinsə və etnik mənsubiyyətə görə üzləşdiyi çoxsaylı ayrı-seçkilik və bərabərsizlik təzahürlərini ABŞ-dakı rəngli qadınların məruz qaldığı mənfi təcrübəyə bənzədib.
Qeyd olunub ki, bir çox azərbaycanlı qadın fars qadınlarına bənzər patriarxal təcrübələrdən əziyyət çəksə də, dil maneələri və resursların məhdudluğu səbəbindən öz etirazlarını bəzi hallarda fars qadınlarından daha sərt şəkildə ifadə edir.
İran məktəblərində Azərbaycan dilində tədrisin olmamasının qadınların da təhsilində bir çox problem yaratdığına diqqət çəkən müəllif əksəriyyəti fars dilini bilməyən valideynlərin yanında böyüyən uşaqların məktəbdə, habelə böyüklərin iş yerlərində ləhcələrinə görə ayrı-seçkiliyə məruz qalmasının onların sosial hərəkətliliyini məhdudlaşdırdığını diqqətə çatdırıb.
O əlavə edib ki, dil problemlərinə görə mediaya və hüquq sisteminə çıxışın olmaması bu qadınları öz hüquqlarından xəbərsiz vəziyyətdə saxlayır. Buna misal olaraq diqqətə çatdırılıb ki, ərini qətlə yetirdiyinə görə edam edilən Rahilə Zamani kimi Güney azərbaycanlı qadınların məhkəmə işində əsas problem kimi təzahür edən dil problemi məhkəmə prosesinin başa düşülməməsinə səbəb olmaqla bərabər, məhkəmədə onların müdafiəsini formalaşdırmağın qarşısını alır.