İspaniyada 20 Yanvar faciəsinin 32-ci ildönümü anılıb

İspaniyada 20 Yanvar faciəsinin 32-ci ildönümü anılıb İspaniyanın Barselona şəhərində 20 Yanvar faciəsinin 32-ci ildönümü ilə əlaqədar anım tədbiri keçirilib.
Diaspor
21 Yanvar , 2022 04:46
İspaniyada 20 Yanvar faciəsinin 32-ci ildönümü anılıb

İspaniyanın Barselona şəhərində 20 Yanvar faciəsinin 32-ci ildönümü ilə əlaqədar anım tədbiri keçirilib.

Bu barədə "Report" Diasporla İş üzrə Dövlət Komitəsinə istinadən xəbər verir.

“Barselonadakı Azərbaycanlılar Cəmiyyəti”nin və Barselona Azərbaycan Evinin təşkilatçılığı ilə baş tutan anım tədbirində soydaşlarımız və yerli ictimaiyyətin nümayəndələri iştirak ediblər. Azərbaycanın Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə 20 Yanvar şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə çıxış edən “Barselonadakı Azərbaycanlılar Cəmiyyəti”nin sədri, Barselona Azərbaycan Evinin rəhbəri Kərim Kərimov və başqaları 32 il öncə baş verən hadisələrə ekskurs edərək, SSRİ rəhbərliyinin sovet vətəndaşları olan azərbaycanlılara qarşı törətdiyi dəhşətli cinayəti xalqımızın ədalətli və haqlı səsinin boğulmasına qəsd kimi qiymətləndiriblər. Bildirilib ki, hətta bu qorxunc addım belə ölkəsinin ərazi bütövlüyünün təmin olunmasını tələb edən xalqımızın azadlıq və müstəqillik ruhunu sarsıda bilməyib. Məşəqqətli və mürəkkəb proseslər Azərbaycanın dövlət müstəqilliyinin bərqərar olması ilə nəticələnib. Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Qarabağın erməni işğalından azad olunması və ölkəmizin ərazi bütövlüyünün bərpa edilməsi xalqımızın ləyaqətini özünə qaytarıb, 20 Yanvar şəhidlərinin ruhunu şad edib.

Sonra 20 Yanvar hadisələrindən bəhs edən sənədli film və Azərbaycan Prezidenti İlham Əliyevin Şəhidlər Xiyabanından çıxışı nümayiş olunub.

Tədbir çərçivəsində 20 Yanvar hadisələrini əks etdirən anım guşəsi təşkil edilib.

Son xəbərlər

Orphus sistemi