İcma rəhbəri: "Hyustonda koronavirusa yoluxan azərbaycanlı yoxdur" - VİDEO

İcma rəhbəri: "Hyustonda koronavirusa yoluxan azərbaycanlı yoxdur" - VİDEO Hazırda ABŞ ölümlərin və yoluxmaların sayına görə dünyada koronavirus pandemiyasının episentri sayılır. Bu ölkədə artıq pandemiya qurbanlarının sayı 42 mini ötüb, koronavirusa yoluxanların sayı isə 793 minə çatır. Birləşmiş Ştatlarda yaşayan həmvətənlərimiz isə belə çətin şəraitdə bir-biriləri ilə əlaqələri kəsmir, həmrəylik nümayiş etdirirlər.
Diaspor
21 Aprel , 2020 13:06
İcma rəhbəri: Hyustonda koronavirusa yoluxan azərbaycanlı yoxdur - VİDEO
İradə Axundova / Report

Hazırda ABŞ ölümlərin və yoluxmaların sayına görə dünyada koronavirus pandemiyasının episentri sayılır. Bu ölkədə artıq pandemiya qurbanlarının sayı 42 mini ötüb, koronavirusa yoluxanların sayı isə 793 minə çatır. Birləşmiş Ştatlarda yaşayan həmvətənlərimiz isə belə çətin şəraitdə bir-biriləri ilə əlaqələri kəsmir, həmrəylik nümayiş etdirirlər.

Hyuston-Bakı Qardaşlaşmış Şəhərlər Assosiasiyasının və Azərbaycan evinin rəhbəri İradə Axundova "Report"un xüsusi müxbirinə açıqlamasında Texas ştatının Hyuston şəhərindəki son vəziyyət barədə danışıb: “Hazırda Hyuston şəhərindəyəm. Burada vəziyyət digər şəhərlərlə müqayisədə bir qədər yaxşıdır. Texas ştatında 190 min nəfər koronavirus testindən keçib, onlardan 1 411-i xəstəxanalardadır, 495-i isə vəfat edib. Burada xüsusi karantin rejimi tətbiq edilməyib, istənilən vaxt şəhərə çıxmaq mümkündür. Sadəcə, insanlar sosial məsafəni qoruyub saxlayır, əlcək və maskadan istifadə edirlər. Azərbaycan icmasının üzvləri arasında koronavirusa yoluxan yoxdur. Hyustonda yaşayan həmvətənlərimizlə sıx əlaqədəyik və daima məlumat mübadiləsi aparırıq. Bütün məktəblər bağlanıb və uşaqlar təhsillərini distant üsulla davam etdirirlər". 

Onun sözlərinə görə, ABŞ-da yerli özünüidarəetmə orqanları və qubernatorlar söz sahibi olduqlarından şəhərlərin nə vaxt karantin rejmindən çıxacağına özləri qərar verirlər: “Məsələn, Texasın qubernatoru bildirib ki, aprelin 27-dək şəhərin normal həyata dönüb-dönməməsi ilə bağlı qərar qəbul ediləcək. Bundan başqa, yalnız koronavirus xəstələrinin müayinə və müalicə olunacağı səhiyyə ocaqları fəaliyyətə başlayacaq. İcmanın üzvləri olan bir neçə azərbaycanlı həkim də var. Mən onlarla mütəmadi əlaqə saxlayıram və hamısı da iş başındadır. Mən onların hər birinə təşəkkür edirəm, çünki bu günlərdə onların əməyi əvəzsizidir”.

İ.Axundova Hyustonda dəstəyə ehtiyacı olan həmvətənlərimizlə mütəmadi əlaqədə olduğunu bildirib: “Burada dəstəyə, köməyə ehtiyacı olan həmvətənlərimiz diqqətimizdədir. Biz daxili imkanlarımızla onlara yaxından köməklik etməyə çalışırıq. Məsələn, Hyustonda keçirilən musiqi müsabiqəsinə qatılan üç azərbaycanlı sənətçi hava əlaqəsi kəsildiyindən Vətənə qayıda bilməyiblər. İndi onların növbəti günlərdə təşkil olunacaq çarter reysləri ilə Azərbaycana dönməsi üçün ABŞ-dakı səfirliyimizə və Diasporla İş üzrə Dövlət Komitəsinə müraciət etmişik. İnşallah, yaxın gələcəkdə problem həllini tapacaq. Bundan başqa, Hyustonda yaşayan həmvətənimiz Babək Hüseynli öz imkanları hesabına qoruyucu tibbi maskalar hazırlayaraq yerli klinikalara və təcili tibbi yardım xidmətlərinə bağışlayıb. Bilirsiniz ki, ABŞ-da tibbi ləvazimat əksikliyi var və həmvətənimizin reallaşdırdığı layihə çox gözəldir. Bu, böyük uğurdur. Biz həmvətənimizi xoş niyyəti və əməlinə görə alqışlayırıq”.

Eyni zamanda icma rəhbəri deyib ki, Azərbaycanın ABŞ-dakı səfirliyi gücləndirilmiş iş rejmində işlər: “Biz həmçinin Nyu-York, Mayami, Vaşinqton və bir çox şəhərlərdə yaşayan Azərbaycan icmalarının üzvləri ilə mütəmadi əlaqədəyik. Hər həftənin cümə günü Amerika-Azərbaycan Ticarət Palatasının (USACC) təşkilatçılığı ilə səfirlik və icma üzvləri "Facebook" üzərindən canlı söhbət edirik. ABŞ-da yaşayan bütün həmvətənlərimiz bu yolla onları maraqlandıran suallarla bağlı səfirlik əməkdaşlarına müraciət edə bilirlər. Azərbaycanın ABŞ-dakı səfiri Elim Sülmeymanov da zaman-zaman canlı bağlantılara qoşulur, diaspor üzvləri ilə həmsöhbət olur, məhsələtlərini verir. Bu isə Vətəndən uzaqda olsaq da, dövlətimizin və Prezidentimizin bizə olan daimi diqqətinin bariz nümunəsidir. Bu çətin günlərdə üzərimizə düşən əsas məsuliyyət bir-birimizin yanında olmaqdır. Bunu, sadəcə, müasir texnologiyanın imkanları ilə edirik. Gəlin harada olmağımızdan asılı olmayaraq, həmrəyliyimizi nümayiş etdirib bir-birimizə arxa-dayaq olaq”.

Müəllif: Vüsalə Abbasova

Son xəbərlər

Orphus sistemi