Gürcüstanlı 20 Yanvar şəhidinin ömür yolu - anaya danışılan yuxu - REPORTAJ - VİDEO

Gürcüstanlı 20 Yanvar şəhidinin ömür yolu - anaya danışılan yuxu - REPORTAJ - VİDEO Azərbaycanın müstəqilliyi uğrunda canından keçən, tariximizin qəhrəmanlıq səhifələrindən biri - 20 Yanvar faciəsinin günahsız qurbanları arasında əslən Gürcüstandan olan 6 soydaşımız da var. Onlardan biri də Saqareco rayonunun Yormuğanlı kəndində doğulan
Diaspor
20 Yanvar , 2022 13:38
Gürcüstanlı 20 Yanvar şəhidinin ömür yolu - anaya danışılan yuxu - REPORTAJ - VİDEO

Azərbaycanın müstəqilliyi uğrunda canından keçən, tariximizin qəhrəmanlıq səhifələrindən biri - 20 Yanvar faciəsinin günahsız qurbanları arasında Gürcüstanda yaşamış 6 azərbaycanlı da var. Onlardan biri də Saqareco rayonunun Yormuğanlı kəndində doğulan Ələsgər Qayıbovdur.

“Report”un Gürcüstan bürosunun əməkdaşları Ə.Qayıbovun Qaraçöp mahalındakı ata ocağına baş çəkib, yaxınları ilə şəhidin şərəfli ömür yolu haqqında həmsöhbət olublar.

24 yaşlı Ə.Qayıbov Azərbaycan İnşaat Mühəndisləri İnstitutunun (AİMİ, indiki Azərbaycan Memarlıq və İnşaat Universiteti) ikinci kurs tələbəsi idi. O, 1990-cı ildə yanvarın 19-dan 20-nə keçən gecə Bakıda qırğınlar zamanı yaralananlara kömək edib. “Gənclik” metrostansiyası yaxınlığında olarkən özü də yaralanıb və 5 nömrəli xəstəxanaya çatdırılıb. Bir neçə əməliyyat aparılsa da, onun həyatını xilas etmək mümkün olmayıb. Ə.Qayıbov yanvarın 21-də vəfat edib. O, Bakıda Şəhidlər Xiyabanında dəfn olunub. Şəhərin Nərimanov rayonunda küçələrdən birinə adı verilib, təhsil aldığı ali məktəbdə isə xatirə lövhəsi quraşdırılıb.

Yarımçıq qalan arzular

Şəhidin böyük qardaşı Nəriman Qayıbov 32 il öncə ailəsində yaşanan faciəni dünən olmuş kimi xatırlayır: “Ələsgər Bakıda mitinqlərdə fəal iştirak edirdi. O, hələ kiçik yaşlarından sovet quruluşuna qarşı çıxırdı. 90-cı ilin yanvarında ondan çox narahat idik. Poçtdan Ələsgərə zəng vurub deyirdik ki, ehtiyatlı olsun, özündən muğayat olsun. Bakıda vəziyyət yaxşı deyildi, qoşunlar yeridilirdi. Faciədən üç gün əvvəl hiss etmişdim ki, qardaşım həlak olacaq”.

N.Qayıbov qardaşının yarımçıq qalan arzularından da danışır: “Ələsgər təhsilini başa vurub mühəndis kimi kəndə qayıtmaq istəyirdi. Quruculuq işlərində yaxından iştirak etməyi arzulayırdı. O, düzgün, bacarıqlı, qorxmaz və fərasətli gənc idi. Biz ailədə 5 qardaş və 1 bacı idik. Atam Ələsgəri daha çox istəyirdi. Qardaşım ata-anaya dəyər verən övlad idi. Bakıdan atasına hörmət və sevgi dolu məktublar göndərirdi”.

O, Ələsgərin adını yaşatmağı arzuladığını dilə gətirib və doğulan oğul nəvəsinə onun adını qoyub. İndi Qayıbovlar ailəsində ikinci Ələsgər Qayıbov böyüyür. Qayıbovlar 4 yaşlı Ələsgərin xaraktercə adını daşıdığı Ələsgər Qayıbova bənzəyəcəyini arzulayırlar.

“Dağılışın! Elə indicə xəstəxanaya yaralı aparmışam”

Digər həmsöhbətimiz Ə.Qayıbovun sinif yoldaşı, 1990-cı ildə AİMİ-nin tələbəsi olmuş Telman İsayev “Qara Yanvar”ın şahidi olduğunu bildirib. O, 20 Yanvar gecəsini belə xatırlayır: “Keçmiş “Əzizbəyov” metrostansiyasının yaxınlığında idim. Tonqal ətrafında toplaşanlar vardı. Birdən kolluqdan əli silahlı 3-5 nəfər çıxdı, amma bizə atəş açmadılar. Metrodan şəhərin mərkəzinə doğru istiqamət aldılar. 500 metr getmişdilər ki, “Zil” maşınında olanları gülləbaran etdilər. Biz oradan uzaqlaşdıq və “Neftçilər” metrosu yaxınlığına getdik. Bir gənc üstü-başı qan içində bizə yaxınlaşdı və dedi: “Burada durmayın! Dağılışın! Elə indicə xəstəxanaya yaralı aparmışam”. Gedənlər də oldu, qalanlar da. “BTR”lər yaxınlaşanda hamı dağılışdı. Səhəri gün metro ilə Ələsgərin kirayədə qaldığı mənzilə yollandım. Metro həmin gün ödənişsiz idi. Elan edirdilər ki, gecə yaralananlar olub və hamını qan verməyə çağırırdılar. “Gənclik”də kirayədə qaldığı evə çatanda qonşuları dedi ki, Ələsgər də həlak olub. Qırğınlar zamanı kəndçimiz İsfahan Murquzov da ayağından yaralanmışdı”.

T.İsayevin sözlərinə görə, Qaraçöp eli Ə.Qayıbovla sağlığında da fəxr edib, şəhid olandan sonra onunla qürur duyur. O, şəhidin sinif yoldaşı və dostu Yusif Mədətoğlunun Ə.Qayıbova həsr etdiyi şeirindən bir-iki bənd söyləyir:

Ömür yaraşığım, əziz qardaşım.

Fikrim, düşüncəm, gözümdə yaşım.

Məni qınamasın dostum, tanışım.

Bu fani dünyada mən təkmi qalım?

Aç qara gözlərini, qadasın alım!.

T.İsayev deyir ki, Ələsgərin dostluğuna söz ola bilməzdi: “Həmyaşıdları arasında böyük hörməti vardı. Xatirimdədir, yanında söhbət edərkən paralel sinif yoldaşları haqqında kiminsə nəsə danışmasını heç xoşlamazdı”.

Ə.Qayıbovun həlak olması AİMİ-nin müəllim və tələbə heyəti üçün də ağır itki olub. Faciədən bir il sonra ali məktəb rektorluğunun mətbu orqanı olan “İnşaatçı kadrlar uğrunda” adlı qəzetdə tələbə Mahir Talıbovun tələbə yoldaşı haqqında “Ölümü öldürən igid” adlı məqaləsi çıxıb. O yazıb: “İllər keçəcək, bizi ağrıdan dərdləri də, əzablı-əziyyətli günləri də tədricən unudacağıq. Amma bu dərdlərin, göynərtilərin ən böyüyü qəlbimizi zaman-zaman yandırıb-yaxacaq – unuda bilməyəcəyik. 20 Yanvar tarixini şəhidlərimizin qanına qəltan olub əbədiyyətə qovuşduğu, heykəlləşdiyi gün kimi göynəyə-göynəyə qarşılayacağıq. Şəhidlərimizin daşlaşıb tarixlərdən-tarixlərə yaşayan adını – yarımçıq talelərini unutmağa haqqımız yoxdur! Çünki onlar xoşbəxtliyimiz naminə, Azərbaycanımızın gələcək azadlığı naminə ölümdən qorxmadılar... Allah sənə rəhmət eləsin, Ələsgər! Sənin adın tələbə yoldaşlarının qəlbində həmişə yaşayacaq”.

“Uşaqlıqdan Ələsgər əmimə oxşamaq istəmişəm”

Şəhidin qardaşı oğlu Kamal Qayıbov əmisi şəhid olarkən 13 yaşında olduğunu deyir. O, uşaqlıqdan əmisi ilə qürurlandığını və ona oxşamaq istədiyini qeyd edib: “Onun atama məktubunu oxuyanda göz yaşlarımı hələ də saxlaya bilmirəm. O, atama xoş sözlər yazmışdı, qardaşı ilə fəxr etdiyini qeyd etmişdi. Ələsgər əmi çox zəhmətkeş, kömək etməyi sevən bir insan idi. Kəndə istirahətə gələndə ata-anasını iş görməyə qoymurdu. Onlara yaxından kömək edirdi. O, həm də ürəyiaçıq və səxavətli idi. Avtobusla kəndə gələndə düşəndə bütün sərnişinlərin yol pulusunu verib düşərdi. Ələsgər əmi idmanla məşğul olurdu. Mənə deyirdi ki, məşq elə səni Bakıya aparacam, həm idmanla məğul olarsan, həm də təhsil alarsan. Bu söhbətdən sonra onu bir daha görmədim...”.

Ürəyiaçıqlıq və səxavət Qaraçöp elində yaşayan bütün soydaşlarımıza xas müsbət xüsusiyyətlərdir. Bu barədə bir qədər sonra...

K.Qayıbov uşaqlıqda ona danışılanları yadına salaraq deyir ki, qanlı gecədə Ə.Qayıbova güllə sol qolundan - saatının üstündən dəyib və şah damarını zədələyib: “Əməliyyat olunsa da, qan köçürülsə də, yanvarın 21-də gözlərini əbədi yumub. Səhər tezdən qarlı gündə Ələsgərin anası - nənəmlə birgə mağazaya getmişdim. Orada nənəmə Bakıda olan faciə barədə danışdılar. Ələsgərdən narahat nənəm evə gəldi, huşunu itirib yıxıldı... Daha sonra atası və əmisi oğlu Bakıya yollandı. Ailəsi Ələsgər əmini Yormuğanlıda torpağa tapşırmaq istəyiblər. Lakin məsləhət görülüb ki, Bakıda Şəhidlər Xiyabanında dəfn olunsun. Ailəsi də etiraz etməyib”.

Şəhidin qəribə yuxusu

Qardaşı oğlu əmisinin anasına danışdığı qəribə yuxunu da xatırlayır: “Ələsgər əminin evlənmək arzusu vardı. Hətta bəzi hazırlıqlar da görmüşdü, şal alıb gətirmişdi. Bakıda bəyəndiyi qız da vardı. Əmim gözəgəlimli, yaraşıqlı və abır-həyalı gənc idi. Kənddə olanda Ələsgərin subay olub-olmadığını anasından maraqlanan qızlar da olurdu. Bir dəfə anasına yuxusunu danışıb. Deyib ki, məni evləndirin, ola bilsin ki, bu dünyadan tez köçdüm. Övladım olar, məndən bir nişanə qalar”.

K.Qayıbov əmisinin çox təmiz və düzgün insan olduğunu vurğulayıb: “O, heç vaxt haqsızlığa dözə bilmirdi və bu cür hallara göz yummurdu. Bakıda mənə danışırdılar ki, metroda olanda bir qıza qarşı nalayiq hərəkət edən gəncləri döyərək onlara yaxşı dərs verib”.

Qardaşı oğlu əmisindən bir yadigar da saxlayıb: “1989-cu ildə Ələsgər əmi ilə kənddə gəzintiyə çıxmışdıq. O, gülə bənzər bir tikan dərmişdi. Çoxdan qurusa da, tikanı hələ də saxlayıram...”.

Ə.Qayıbovun dostluqda sadiqliyindən K.Qayıbov da söz açır. Onun sözlərinə görə, şəhidin Kareli şəhərindən olan əsgər yoldaşı Anzorla möhkəm dostluğu olub: “Biz indi də bu dostluğu yaşadırıq. Bir-birimizin şad günlərində iştirak edirik. Ələsgər və Anzor bir-birinə hər zaman dayaq olublar”.

Şəhidin xatirəsinin əbədiləşdirilməsi

Yaxınları Ə.Qayıbovun bitirdiyi Keşəli kənd orta məktəbinə adının verilməsinə bir neçə dəfə səy göstərib. Lakin təəssüflər olsun ki, bu istək bugünədək baş tutmayıb. Qayıbovlar Bakıda Ələsgər Qayıbov küçəsində şəhidin xatirə lövhəsinin quraşdırılması xahişi ilə Azərbaycanın Gürcüstandakı səfirliyinə müraciət ediblər.

Kənddə Ə.Qayıbovun və bütün 20 Yanvar və 9 aprel hadisələrində həlak olanların xatirəsinə faciənin birinci ildönümündə - 1991-ci ildə “Şəhid” abidəsi ucaldılıb. Monumentin müəllifi Azərbaycanın əməkdar rəssamı, mərhum Zahid Hüseynovdur. Qayıbovlar abidə ətrafında abadlığıa diqqət yetirirlər. Yormuğanlıda küçələrdən birinə Ələsgər Qayıbovun adının verilməsi də Qayıbovların istəyidir.

K.Qayıbovun oğlu Əmir də söhbətimizə qoşulur: “Ələsgər babanı görməsəm də, mənə onun haqqında çox danışıblar. Ona qarşı böyük istək yaranıb və qəhrəmanlığı, qeyrətinə görə böyük hörmət bəsləyirəm”.

“Qardaşımın qanı alınıb”

K.Qayıbov danışır ki, 44 günlük Vətən müharibəsində Azərbaycanın əldə etdiyi qələbədən sonra Ə.Qayıbovun bacısı Sərmayə xanım Bakıdan ona zəng edib: “Şuşanın azad olunduğu günün səhərisi idi. Bibim telefonda mənimlə kədər və sevinc hissi qarışıq və göz yaşları ilə danışdı. O dedi ki, qardaşım Ələsgərin qanı alındı. Sanki bibim qardaş itkisinin ağrı-acısını ovundura bilmişdi, müəyyən rahatlıq tapmışdı”.

Qayıbovlar şəhidin tələbəlik dövrünə aid dəftərlərini, məktublarını, haqqında məqalələrin yer aldığı qəzet səhifələrini qoruyub saxlayıb. Şəxsi əşyalarını bacısı Bakıda muzeyə təqdim edib.

Qaraçöpün Azərbaycana dəstəyi, 30 il sonra təkrarlanan el yardımı

Sonda bir məqam mütləq vurğulanmalıdır. 20 Yanvar faciəsindən iki gün sonra Qaraçöp mahalından Bakıya ərzaq məhsulları ilə dolu 10-a yaxın maşından ibarət karvan yola salınıb. Həmin yardım aksiyası 1990-cı ilin fevralın 15-də işıq üzü görmüş “Sovet Gürcüstanı” qəzetində “Odlar yurdu, odun sönməyəcək” başlıqlı məqalədə işıqlandırılıb: “Bir-iki günün içində 25 min manat vəsait toplandı. Bundan başqa, 220 erkək, 3 baş qaramal kəsilib hazırdır. Əhalidən toplanan pulla bir ton qənd, 4 ton kartof, bir ton yağ, bir ton düyü, üç ton un, xeyli miqdarda makaron və s. alınıb qablaşdırılıb... Yük maşınları və “İkarus”lar cərgəyə düzülür. Maşınlara bərkidilən plakatda bu sözlər yazılmışdır: “Odlar yurdu, şəhid olmağa həmişə oğulların var!”, “Bakı, Qaraçöp həmişə səninlədir!”, “Gürcü xalqı dərdinizə şərikdir!”, “Nələr çəkmiş başın sənin”...”. Aksiyanın fəal təşkilatçılarından biri Cəlil Əliyev karvanı yola salarkən deyib: “...Bu, Bakıya son gedişimiz olmayacaq. Gələcəkdə də Azərbaycana kömək əlimizi uzadacağıq”.

Və 30 ildən sonra – 2020-ci ildə 44 günlük Vətən Müharibəsində Qaraçöp eli söz verdiyi kimi Azərbaycana yardım əlini bir daha uzatdı. Yardım kampaniyasının fəal təşkilatçılarından biri məhz K.Qayıbov olub. Aksiya çərçivəsində mahalın kəndlərindən 600 başdan çox xırdabuynuzlu mal-qara toplanıb və Azərbaycana göndərilib.

Son xəbərlər

Orphus sistemi