Tbilisi. 22 fevral. REPORT.AZ/ “Gürcüstanın hakim Gürcü Arzusu Partiyası azərbaycanlıların yaşadığı Marneuli rayonunun İcra Hakimiyyəti başçısı vəzifəsinə layiqli namizəd irəli sürəcək”.
Bunu “Report”un yerli bürosuna açıqlamasında hakim partiyanın Marneulidən olan deputatı Ruslan Hacıyev bildirib.
Namizədin azərbaycanlı olub-olmayacağına gəlincə, deputat deyib ki, hakim komanda Marneulidə azərbaycanlıların çoxluq təşkil etdiyini nəzərə alacaq: “Gürcüstanın müstəqillik tarixində ilk dəfə olaraq məhz Gürcü Arzusu Partiyası Marneulinin icra başçısı vəzifəsinə azərbaycanlı namizəd irəli sürmüşdü. Düşünürəm ki, bu tendensiya davam edə bilər. Bu vəzifəyə namizədin təqdim olunması məsələsində Marneuli ictimaiyyətinin fikri mütləq nəzərə alınacaq”.
Qeyd edək ki, Marneuli rayonunun sabiq başçısı Temur Abazov 2017-ci ildə yerli idarəetmə orqanlarına keçirilmiş seçkilərdə qalib gələrək Marneulinin icra başçısı seçilib. O, 2018-ci ilin iyunun 13-də Marneuli rayon sakini Elçin Allahverdiyevə qarşı qeyri-insani və alçaldıcı davranış faktı ilə bağlı saxlanılıb. Ötən ilin dekabr ayının 13-də T.Abazov 10 min lari məbləğində girov müqabilində azadlığa buraxılıb.
T.Abazov öz istəyi ilə vəzifəsindən istefa verib. Fevralın 14-də onun səlahiyyətlərinə xitam verilib. Marneulidə icra başçısı seçkiləri bu ilin may ayında keçiriləcək.