Gürcüstan paytaxtı Tbilisi şəhərində yerləşən 218 saylı ictimai məktəbə keçmiş direktor Rüstəm İsayevin adı veriləcək.
“Report”un Gürcüstan bürosu xəbər verir ki, bu məsələ Tbilisi Sakrebulosunun (Şəhər Şurası) Təhsil və mədəniyyət komissiyasının iclasında müzakirə olunub.
Təhsil müəssisəsinə vəfat etmiş keçmiş direktorun adının verilməsi təşəbbüsü ilə bağlı Tbilisi Sakrebulosuna şəhərin Krtsanisi rayonunun Poniçala qəsəbəsinin Ağsaqqallar Şurası və məktəbin Qəyyumluq Şurası müraciət edib.
Təhsil və mədəniyyət komissiyasının rəhbəri Tamar Taliaşvili bildirib ki, hər hansı bir məktəb qarşısında böyük xidmətləri olan şəxslərin adlarının təhsil ocağına verilməsi müsbət qarşılanır və bu, onların xidmtətlərinə verilə biləcək yüksək qiymət ola bilər.
Qeyd edək ki, R.İsayev müxtəlif illərdə 218 saylı ictimai məktəbin alman dili müəllimi, tədris bölməsinin rəhbəri, direktor, kənd şurasının katibi və sədri vəzifələrində çalışıb. Məktəb üçün yeni üçmərtəbəli binanın inşa olunması və təhsilin səviyyəsinin artırılması məhz onun adı ilə bağlıdır.
Komissiyanın iclasında məktəbin direktoru, Qəyyumluq Şurasının üzvləri və müəllimləri iştirak ediblər. Onlar komissiya üzvlərini R.İsayevin fəaliyyəti və məktəbə onun adının verilməsinin məqsədləri barədə məlumatlandırıblar.
Təhsil və mədəniyyət komissiyasının üzvləri 218 saylı məktəbə R.İsayevin adının verilməsi ilə bağlı təşəbbüsü dəstəkləyiblər. Müvafiq qərar təsdiq olunması üçün komissiya rəhbərinə təqdim olunacaq.