Gürcüstanda azərbaycanlıların xatirəsinə etinasızlıq: Memorial abidə baxımsızlıqdan dağılıb

Gürcüstanda azərbaycanlıların xatirəsinə etinasızlıq: Memorial abidə baxımsızlıqdan dağılıb Gürcüstanın faşizmlə mübarizədə töhfəsi böyük olub. Böyük Vətən Müharibəsinə ölkənin o zamankı əhalisinin təqribən 20 %-i yollanıb. Döyüşlərdə təxminən 700 min nəfər gürcüstanlı iştirak edib və onların 300 minə yaxını qayıtmayıb. Gürcüstandan olan döyüşçü
Diaspor
28 Oktyabr , 2021 12:23
Gürcüstanda azərbaycanlıların xatirəsinə etinasızlıq: Memorial abidə baxımsızlıqdan dağılıb

Gürcüstanın faşizmlə mübarizədə töhfəsi böyük olub. Böyük Vətən müharibəsinə ölkənin o zamankı əhalisinin təqribən 20 %-i yollanıb. Döyüşlərdə, təxminən, 700 min nəfər gürcüstanlı iştirak edib və onların 300 minə yaxını geri qayıtmayıb. Gürcüstandan olan döyüşçülər arasında bu ölkədə yaşayan azərbaycanlılar da çoxluq təşkil edib. Təkcə Dmanisi rayonundan müharibədə 2 500 nəfər iştirak edib ki, onların da 1 900-ü həlak olub.

“Report”un yerli bürosu xəbər verir ki, rayonun Pantiani (Armudlu) kəndində 1941-1945-ci illər, 9 May – faşizm üzərində Qələbə Gününə həsr olunan və sovet dövründə ucaldılan bir neçə memorial abidə, daha dəqiq desək, onların xarabalıqları var. Təəssüflər olsun ki, uzun illərdir diqqətdən kənarda qalan abidələr məhv olub.

Onlardan biri müharibədən qayıtmayan yüzə yaxın soydaşımızın xatirəsinə ucaldılıb. Pantiani (Armudlu) gölü ətrafında yerləşən abidə olduqca acınacaqlı və dağılmış vəziyyətdədir.

Üzərində rus dilində yazılan və çətinliklə oxunan “Qanlı döyüş meydanlarından qayıtmayan əsgərlər” sözü olan memorialda Dmanisinin bir neçə kəndi - Yuxarı Oruzman, Aşağı Oruzman, Dəllər, Pantiani kəndindən olan azərbaycanlıların soyadlarının yazıldığı mərmər lövhələr, ağlayan qadın surəti və uçan durnalar təsvir edilib. 12 lövhədən bəziləri sınıb yerə düşüb, bəziləri isə bütövlükdə yox olub. Abidə baxımsızlıqdan uçub dağılıb, çatlar verib, ot, mamır və kollarla örtülən ətrafı isə tullantılarla zibillənib, üzərində boya ilə müxtəlif sözlər yazılıb. Elə təəssürat yaranır ki, sanki qadın surəti abidəyə olan laqeydlikdən, müharibədən dönməyənlərin xatirəsinə hörmətsizlikdən fəryad edir.

Unudulmuş abidənin yaşını durnaların təsviri ilə təxmin etmək olar. Belə ki, bu quşların təsviri keçmiş sovet respublikalarında Böyük Vətən Müharibəsinə həsr olunan əksər abidələrdə rast gəlinir. Durnalar tanınmış avar şairi Rəsul Həmzətovun eyniadlı şeirindən sonra bu cür memoriallarda mərkəzi obraza çevriliblər. Şair “Durnalar” şeirini 1965-ci ildə qələmə alıb. Dmanisidə faşizmlə mübarizədə sinələrini sipər edən azərbaycanlıların xatirəsinə aid abidənin 1970-ci ildə - Qələbənin 25-ci ildönümü ilə əlaqədar açıldığını güman etmək olar. Memorialın 50-dən çox yaşı var və onilliklər ərzində heç bir təmir-bərpa işləri aparılmayıb.

İstənilən xatirə abidəsinə münasibət onun təcəssüm etdirdiyi simvolik mənaya da münasibəti aydın göstərir. Mərmər lövhələrdə soyadları qeyd olunan soydaşlarımız – Məmmədovlar, Ramazanovlar, Süleymanovlar, Muradovlar, Əliyevlər, Musayevlər, Yusubovlar, Paşayevlər, Quliyevlər, İbrahimovlar, Qurbanovlar, İmanovlar və digərləri indiki nəsillərin sülh və əmin-amanlıq şəraitində yaşaması üçün canlarını fəda ediblər. Onların xatirəsini ehtiramla yad edib, əziz tutmaq Gürcüstan vətəndaşlarının, ilk növbədə isə soydaşlarımızın mənəvi borcudur. Memorial abidənin bugünkü vəziyyəti açıq-aydın göstərir ki, II Dünya müharibəsindən geri dönməyən dmanisililər unudulub, xatirələrinə ehtiram bəslənilmir.

Abidənin vəziyyəti barədə Dmanisi meriyasında məlumatın olub-olmadığı, onun bərpasının nəzərdə tutulub-tutulmadığı barədə maraqlansaq da, açıqlama verəcək bir kəs tapılmayıb.

Memorialın indiki acınacaqlı halda olmasına Dmanisi sakinləri də cavabdehlik daşıyır. Ən azından, memorialın həsr olunduğu şəxslərin qohumları və yaxınları abidənin ətrafında təmizliyin qorunmasını təmin edə bilərlər.

Sonda bir məqamı qeyd etmək yerinə düşər: Armudlu gölü ətrafında xatirə abidəsinin yaxınlığında, kənd qəbiristanlığının hasarına bitişik bir ehsan bulağı var. 2001-ci ildə açılan bulaq quruyub, kranı sındırılıb, ətrafı dağılıb. Bu mənzərə kənd sakinlərinin nəinki köhnə, nisbətən yeni xatirə abidələrinə də diqqətlə yanaşmadıqlarının nümunəsi sayıla bilər.

Son xəbərlər

Orphus sistemi