Gürcüstan azərbaycanlıları Baş Prokurorluğun qarşısında aksiya keçiriblər - FOTO

Gürcüstan azərbaycanlıları Baş Prokurorluğun qarşısında aksiya keçiriblər - FOTO Gürcüstanın Qardabani rayonunun Qaracalar kənd sakinləri ölkənin Baş Prokurorluğunun binası qarşısında etiraz aksiyası keçiriblər.
Diaspor
10 Oktyabr , 2019 13:21
Gürcüstan azərbaycanlıları Baş Prokurorluğun qarşısında aksiya keçiriblər - FOTO

Gürcüstanın Qardabani rayonunun Qaracalar kənd sakinləri ölkənin Baş Prokurorluğunun binası qarşısında etiraz aksiyası keçiriblər.

"Report"un yerli bürosu xəbər verir ki, aksiya iştirakçıları 2017-ci ildə kənddə baş verən hadisəyə görə saxlanılan şəxslərlə bağlı aparılan məhkəmə prosesinin ədalətsiz olduğunu bildiriblər.

Aksiyaçılar əllərində "Ədalətli məhkəmə tələb edirik!", "Gürcüstan azərbaycanlıları seçkidən seçkiyə yada düşürlər!" və digər şüarlar tutublar.

Qaracalar sakinləri bildiriblər ki, iş üzrə saxlanılan 6 şəxsə 12 il müddətinə həbs cəzası verilib. Onların sözlərinə görə, həbs olunan gənclərin üçü - Dinar Mehdiyev, Rahib Kərimov və Nicat Babayev günahsızdırlar.

Etirazçılar deyiblər ki, məsələ ilə bağlı Apellyasiya Məhkəməsinə müraciət olunub. Onlar birinci instansiya məhkəməsinin qərarının haqsız olduğunu qeyd edərək cəzanın yüngülləşdirilməsini tələb ediblər.

Həbsdə olan gənclərin yaxınları deyiblər ki, iş üzrə zərərçəkən şəxs həmin gənclərin hadisədə iştirak etmədiklərini bildirib. Lakin buna baxmayaraq, günahsız gənclər törətmədikləri cinayət əməlinə görə həbsdədirlər.

Aksiyaçılar deyiblər ki, işlə bağlı günahkar şəxslər azadlıqdadır və onların günahını sübut edən dəlillər var.

Qaracalar kənd sakinləri deyiblər ki, tələbləri nəzərə alınmasa, daha genişmiqyaslı aksiya keçirəcəklər. Günahsız olaraq həbsə atılan gənclər aclıq aksiyası elan etmək niyyətindədirlər.

Aksiyanın sonunda Qaracalar kənd sakinlərinin müraciəti Baş Prokurorluğa təqdim olunub.

Son xəbərlər

Orphus sistemi