Fuad Muradov Avstriyada yaşayan azərbaycanlılarla görüşüb

Fuad Muradov Avstriyada yaşayan azərbaycanlılarla görüşüb Vyanada Diasporla İş üzrə Dövlət Komitəsinin nümayəndə heyətinin Avstriyada yaşayan azərbaycanlılarla görüşü keçirilib.
Diaspor
13 Noyabr , 2019 11:32
Fuad Muradov Avstriyada yaşayan azərbaycanlılarla görüşüb

Vyanada Diasporla İş üzrə Dövlət Komitəsinin nümayəndə heyətinin Avstriyada yaşayan azərbaycanlılarla görüşü keçirilib.

Dövlət Komitəsindən "Report"a verilən məlumata görə, dövlət himnimizin səsləndirilməsi ilə başlayan tədbirdə Azərbaycan dərnəklərinin rəhbərləri, azərbaycanlı icmanın fəal üzvləri, yerli ictimaiyyətin və kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak ediblər.

Azərbaycanın Avstriyadakı fövqəladə və səlahiyyətli səfiri Qalib İsrafilov çıxış edərək azərbaycanlı icması və diaspor təşkilatları ilə əməkdaşlıqdan danışıb. O qeyd edib ki, bu əməkdaşlıq azərbaycançılıq ideologiyasının təbliğinə, icmanın doğma dilimizə, tariximizə, mədəniyyətimizə və tarixi Vətənə daha sıx tellərlə bağlanmasına xidmət edir. Diplomatik nümayəndəliyin soydaşlarımızın qarşılaşdığı problemlərin həllində yaxından iştirak etdiyi vurğulanıb.

Diasporun təşkilatlanmasında xaricdə yaşayan soydaşlarımızın üzərinə məsuliyyətli iş düşdüyünü söyləyən səfir bu istiqamətdə dövlət qurumlarının, ilk növbədə Diasporla İş üzrə Dövlət Komitəsinin ardıcıl fəaliyyət göstərdiyinə diqqəti cəlb edib.

Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov çıxışı zamanı Azərbaycanın diaspor siyasəti, həyata keçirilən layihələr, xaricdə yaşayan soydaşlarımızın şəbəkələşməsi, onlayn platformalarda birləşərək daha mütəşəkkil fəaliyyət göstərmək imkanları haqqında geniş məlumat verib.

O, əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan komitənin yarandığı gündən bəri fəaliyyətinə nəzər salıb və qeyd edib ki, Prezident İlham Əliyevin ölkədə həyata keçirdiyi islahatlar proqramı diaspor sahəsini də əhatə edir. Xaricdə yaşayan soydaşlarımızın son illərdə fəallaşdığı və yeni təşkilatların yarandığı, qloballaşma dönəmində xaricdə yaşayan soydaşları bir araya gətirmək, milli-mənəvi dəyərləri, ana dilini qorumaq və milli birliyə nail olmaq üçün yeni çağırışların meydana çıxdığı vurğulanıb.

Dövlət Komitəsi sədrinin fikrincə, mövcud vəziyyət həm diaspor təşkilatları və icmalar arasında, həm də onların tarixi Vətənlə əlaqələrinin möhkəmlənməsini, koordinasiya işinin təkmilləşdirilməsini tələb edir. O, koordinasiya şüralarının gələcəkdə diaspor fəaliyyətinə təkan verəcəyinə ümidvar olduğunu ifadə edib.

Tədbirdə Diasporla İş üzrə Dövlət Komitəsinin 2018-2019-cu illərdə fəaliyyətinə dair video hesabatı və infoqrafik videoçarxları nümayiş olunub.

Daha sonra Almaniya Azərbaycanlılarının Koordinasiya Şurasının İdarə Heyətinin sədri Yaşar Musayev, Azərbaycan Diasporuna Dəstək Fondunun icraçı direktoru Elşad Əliyev, Avstriya-Azərbaycan Mədəniyyət və İş Adamları Dərnəyinin (AZER-DER) sədri Yardım Günəş, Avstriya Azərbaycanlıları Cəmiyyətinin sədri Fərid Əzizli və Azərbaycan Akademik Birliyinin sədri Akif Abdullayev çıxış ediblər. Natiqlər təmsil etdikləri təşkilatların fəaliyyət istiqamətləri və gələcək planlarından danışıblar.

Tədbir aktual məsələlər ətrafında fikir mübadiləsinin aparılması və sualların cavablandırılması ilə yekunlaşıb.

Son xəbərlər

Orphus sistemi