Elvina Murzayeva: “Bu gün hər bir Krım tatarının yaddaşında qara gündür”

Elvina Murzayeva: “Bu gün hər bir Krım tatarının yaddaşında qara gündür” Bakıda yaşayan Krım tatarları bu gün Şəhidlər Xiyabanını ziyarət ediblər.
Diaspor
18 May , 2022 18:11
Elvina Murzayeva: “Bu gün hər bir Krım tatarının yaddaşında qara gündür”

Bakıda yaşayan Krım tatarları bu gün Şəhidlər Xiyabanını ziyarət ediblər.

“Report” xəbər verir ki, səfər Krım tatarlarının 1944-cü il mayın 18-i deportasiya olunmasının ildönümünə həsr olunub.

“Bu gün hər bir Krım tatarının yaddaşında qara gündür. Burada yaşayan Krım tatarları hər il bir yerə toplaşaraq, Şəhidlər Xiyabanını ziyarət edirlər, çünki Azərbaycanın azadlığı uğrunda həlak olmuş şəxslər, 1944-cü ilin deportasiyası zamanı canını fəda etmiş şəhidlərdir”, - Bakıda yaşayan Krım tatarı Elvina Murzayeva deyib.

Həmin vaxt 200 minədək Krım tatarı deportasiyaya məruz qalmışdı. “Kişilərin çoxu cəbhədə olduğundan, əsasən qocalar, uşaqlar və qadınlar deportasiya olunmuşdu. Cəbhədən qayıdandan sonra kişilər uzun müddət ailələrini deportasiya yerlərində axtarmalı olmuşdu. Mənim nənə-babalarım da deportasiya olunmuşdu. Mən özüm Özbəkistanda anadan olmuşam”, - o bildirib.

Hadisələrin şahidlərindən biri də Bakı sakini Məmməd İbrahimovdur. Krımdan deportasiya olunarkən onun cəmi 2 yaşı olub.

M.İbrahimov valideynləri ilə birlikdə Özbəkistana sürgün edilib. 1975-ci ildə Bakıya köçdükdən sonra Elmlər Akademiyasının müxtəlif institutlarında çalışıb.

“Həmin vaxt baş vermiş bombardmanı xatırlayıram. Cəbhə xəttinin düz yaxınlığında yaşayırdıq. Valideynlərim danışırdı ki, təyyarələr uçanda və bomba atanda mən “partlayış!” deyə qışqırırdım. Eşelonlarla bizi apararkən vaqonda çoxlu xəstələrimiz var idi. Mən raxit idim, bütün bədənim yaralarla dolu idi”, - o, həmin günlərin hadisələrini belə xatırlayır.

Son xəbərlər

Orphus sistemi