Almaniyada yaşayan həmvətənlərimiz Azərbaycan Ordusuna dəstək olduqlarını ifadə etmək üçün Şimali Reyn-Vestfaliya vilayətinin Düsseldorf şəhərində həmrəylik yürüşü keçiriblər.
“Report”un Avropa bürosunun məlumatına görə, həmrəylik yürüşündə Düssseldorf və ətraf şəhərlərdən, eyni zamanda Almaniyanın digər əyalətlərindən gələn həmvətənlərimiz iştirak ediblər.
Şəhər rəhbərliyi ilə razılaşdırılan yürüşdə polis təşkilatın əməkdaşlarının təhlükəsizliyini təmin ediblər. Yürüşdən əvvəl iştirakçılara ermənilərin təxribatlarına uymamaq tövsiyə olunub. Vağzal qarşısından başlayan həmrəylik yürüşü mərkəzi küçələrdən keçməklə davam edib.
Həmrəylik yürüşündə “Qarababağ Azərbaycandır”, “Erməni terroruna yox!”, “Azərbaycan var olsun, istəməyən kor olsun”, “Azərbaycan-Türkiyə”, “Xocalıya ədalət”, “Şəhidlər ölməz, Vətən bölünməz” və s. şüarlar Azərbaycan, ingilis və alman dilində səsləndirilib.
Yürüşün davamında çıxışlar olub. Meydana topalaşanlar Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Tovuz rayonu istiqamətində törətdiyi təxribatı nəticəsində şəhid olan əsgər və zabitlərimizin xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.
Daha sonra dövlət himnimiz səsləndirilib. Almaniyanın müxtəlif şəhərlərindən gələn həmvətənlərimiz söz alaraq Azərbaycan Ordusuna dəstək olduqlarını, ümummilli məsələlərdə hər zaman güclü birlik və həmrəylik nümayiş etdirəcəklərini vurğulayıblar.
Çıxışçılar Ermənistanın işğalçı siyasətini bütün dünyaya göstərmək, Qarabağ həqiqətlərini olduğu kimi çatdırmaq və nüfuzlu beynəlxalq təşkilatlardan Ermənistana təzyiq göstərmələri üçün birlikdə iş görülməsinin tərəfdarı olduqlarını dilə gətiriblər.
Həmrəylik yürüşünün sonunda iyulun 19-da Kölndə keçiriləcək ordumuza dəstək aksiyasında da fəal iştirak edilməsi ilə bağlı çağırışlar olub.