Dövlət Komitəsinin nümayəndə heyəti Macarıstanda görüşlərə başlayıb

Dövlət Komitəsinin nümayəndə heyəti Macarıstanda görüşlərə başlayıb Diasporla İş üzrə Dövlət Komitəsi nümayəndə heyətinin Macarıstana səfəri başlayıb.
Diaspor
25 Oktyabr , 2019 18:52
Dövlət Komitəsinin nümayəndə heyəti Macarıstanda görüşlərə başlayıb

Diasporla İş üzrə Dövlət Komitəsi nümayəndə heyətinin Macarıstana səfəri başlayıb.

Komitənin mətbuat xidmətindən "Report"a verilən məlumata görə, səfərin ilk günü nümayəndə heyəti Azərbaycanın Macarıstandakı səfirliyinin binasında Ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edərək, önünə gül dəstələri düzüb.

Sonra Macarıstan-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Farkas Gergeli ilə görüş keçirilib. Tədbirdə Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov, Azərbaycanın Macarıstandakı səfiri Vilayət Quliyev və nümayəndə heyətinin üzvləri iştirak ediblər. Danışıqlar zamanı diaspor və miqrasiya məsələləri ilə bağlı ətraflı fikir mübadiləsi aparılıb.

Qonaqları salamlayan F.Gergeli ölkələrimiz arasında dostluq əlaqələrinin tarixindən və davamlı inkişafından, xaricdə yaşayan macar icmaları ilə bağlı həyata keçirilən diaspor siyasətindən danışıb. O, bu görüşün xüsusi əhəmiyyət daşıdığını qeyd edərək bildirib ki, Azərbaycanda Diasporla İş üzrə Dövlət Komitəsi kimi qurumun olması, xaricdə yaşayan azərbaycanlılarla iş mexanizminin qurulması, bu sahədə çox mühüm addımların atılması ölkəsi üçün maraqlıdır.

Dostluq qrupunun rəhbəri Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğal olunmasına da münasibət bildirib.

Görüşə görə minnətdarlığını bildirən komitə sədri Fuad Muradov ölkələrimiz arasında mövcud dostluq əlaqələrini yüksək qiymətləndirdiyini qeyd edib. O, dövlətimizin diaspor siyasəti, komitənin strukturu, fəaliyyəti və həyata keçirdiyi iri miqyaslı layihələr, xaricdəki azərbaycanlı icmaların gördüyü işlər, soydaşlarımızın yerli cəmiyyətə inteqrasiya olunması, şəbəkələşməsi, eyni zamanda milli kimliklərini qoruması, azərbaycanlı tələbələrin Macarıstandakı təhsil həyatı, macar gənclərinin iştirak etdiyi beynəlxalq layihələr barədə fikirlərini söyləyib.

Komitə sədri oktyabrın 26-da azərbaycanlı icma ilə görüş keçiriləcəyi, həmin toplantıda Avropanın müxtəlif ölkələrində yaşayan soydaşlarımızın iştirak edəcəyi barədə də qarşı tərəfi məlumatlandırıb.

Səfir Vilayət Quliyev bildirib ki, ölkələrimizin mühüm inkişaf dövrünü yaşadığı bir zamanda bu cür görüşün keçirilməsi müsbət addımdır. O, Macarıstanda yaşayan azərbaycanlı gənclər haqqında məlumat verib və qeyd edib ki, həmvətənlərimiz burada təhsil almağa xüsusi önəm verirlər. Azərbaycan diasporunun bu ölkədə fəallaşdığı, bunun yaxşı nəticələrinin olduğu və çox böyük önəm daşıdığı vurğulanıb.

Danışıqların sonunda Dövlət Komitəsinin adından Farkas Gergeliyə Azərbaycanın tarixinə və mədəniyyətinə aid xatirə hədiyyələri təqdim edilib.

Daha sonra dostluq qrupunun rəhbəri azərbaycanlı qonaqları Macaristan parlamentinin qədim tarixə malik olan binası ilə tanış edib.

Son xəbərlər

Orphus sistemi