“Ukraynada bu ay baş tutmuş prezident seçkisinin ikinci turu hələ də dünyanın diqqət mərkəzindədir və təbii ki, fəallığına görə daim seçilən bu ölkədəki azərbaycanlılar da bu prosesdən kənarda qala bilməzdi. Ukraynalıların etimadını doğrultmayan hazırkı Prezident Petro Poroşenko həmçinin biz ölkə azərbaycanlılarının da etimadını doğrultmadı”.
Bu fikirləri “Report”a açıqlamasında Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun (UABD) sədri Hikmət Cavadov deyib.
O qeyd edib ki, onun rəhbərlik etdiyi təşkilat və bu təşkilatın çətiri altında əksər Ukrayna azərbaycanlıları prezident seçkisinin ikinci turunda qalib gəlmiş Vladimir Zelenskini dəstəkləyib: “Seçki prosesi zamanı çağırışlarımızda, bəyanatlarımızda biz öz mövqeyimizi əvvəldən ortaya qoymuşduq. Bunun da səbəbi digər ukraynalılar kimi, bizim də Petro Poroşenkonun yürütdüyü siyasətdən narazılığımız idi”.
Seçkinin nəticələrinin gözlənilən olduğunu deyən UABD sədri bildirib ki, nəticələr ilə onların proqonozu arasında cəmi 2 faiz fərq olub: “Bizim sosial şəbəkələrdə səhifələrimizdə də bu proqnozlar qeyd olunub. Elə gözlədiyimiz kimi, Poroşenko dərhal məğlubiyyətini etiraf etdi”.
“Sabiq Prezident Viktor Yanukoviçin dövründəki kimi, sifarişli həbslər, biznes monopoliyası, xalqın tələblərinin yerinə yetirilməməsi, orta sahibkarlığın sıxışdırılması, fərqli siyasi baxışları olan şəxslərə təzyiqlər və s. Poroşenkoya qarşı xalqın inamını itirdi. Onun hakimiyyəti vaxtında mənim özümə qarşı da təzyiqlər oldu. Amma tarixi vətənimiz Azərbaycanın, o cümlədən yaşadığımız Ukraynanın maraqları daim bizim üçün önəmli olduğu üçün biz bu təzyiqlərdən üzüağ çıxdıq”, - H.Cavadov vurğulayıb.
Diaspor rəhbəri bildirib ki, Zelenskinin xalqın etimadını qazanmasına “Xalqın xidmətçisi” serialında Prezident rolunda çıxış etməsi də kömək etdi: “Mən deyərdim ki, bu serial onun təbliğatının başlanğıcı oldu. O, xalqa "əsl prezident necə olur?" anlayışını öz peşəsi üzərindən həmin serialda göstərdi. Bizim Zelenskiyə ümidlərimiz böyükdür, onun qələbəsi bizi sevindirir. Yeri gəlmişkən, onun Azərbaycana xüsusi məhəbbəti var. Dəfələrlə Azərbaycanda olub, problemlərimizi kökündən bilir”.
Qeyd edək ki, aprelin 21-də Ukraynada prezident seçkisinin ikinci turu keçirilib və Vladimir Zelenski 73,22 faiz, fəaliyyətdə olan Prezident Petro Poroşenko isə 24,45 faiz səs toplayıb.