Cıdır düzündə dalğalandırılmış Azərbaycan bayrağı Dubayın mərkəzində

Cıdır düzündə dalğalandırılmış Azərbaycan bayrağı Dubayın mərkəzində Diaspor nümayəndələrinin Şuşa səfəri zamanı Cıdır düzündə dalğalandırılmış böyük ölçülü Azərbaycan bayrağı Dubay şəhərinin mərkəzində açılıb.
Diaspor
13 Noyabr , 2021 22:44
Cıdır düzündə dalğalandırılmış Azərbaycan bayrağı Dubayın mərkəzində

Diaspor nümayəndələrinin Şuşa səfəri zamanı Cıdır düzündə dalğalandırılmış böyük ölçülü Azərbaycan bayrağı Dubay şəhərinin mərkəzində açılıb.

Diasporla İş üzrə Dövlət Komitəsindən "Report"a verilən məlumata görə, daha sonra 8 Noyabr - Zəfər Günü münasibətilə Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi və Birləşmiş Ərəb Əmirliklərində yaşayan azərbaycanlıların iştirakı ilə “Zəfər Görüşü” adlı tədbir keçirilib.

Ərəb Ölkələri üzrə Azərbaycanlıların Koordinasiya Şurasının BƏƏ üzrə əlaqələndiricilərinin və diaspor fəallarının iştirak etdiyi tədbir Azərbaycanın Dövlət Himninin səsləndirilməsi ilə başlayıb, torpaqlarımızın işğaldan azad edilməsi uğrunda canını fəda etmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə iştirak edən Diasporla İş üzrə Dövlət Komitəsinin əməkdaşları Komitə sədri Fuad Muradovun təbriklərini və salamlarını görüş iştirakçılarına çatdırıb.

44 günlük Vətən müharibəsi zamanı xaricdəki Azərbaycan diasporunun fəaliyyətini əks etdirən videoçarx nümayiş olunub.

Ərəb Ölkələri üzrə Azərbaycanlıların Koordinasiya Şurasının BƏƏ üzrə əlaqələndiriciləri çıxış edərək harada yaşamasından asılı olmayaraq, dünya azərbaycanlılarının həmrəyliyinin, onların təşkilatlanması prosesinin əhəmiyyətinə toxunublar.

Birləşmiş Ərəb Əmirliklərinin Prezident Məsələləri Nazirliyinin Məhkəmə və Dini məsələlər üzrə müşaviri Seyyid Əli bin əl-Sayid Əbdül Rəhman əl-Haşim bu gözəl gün münasibətilə Azərbaycan xalqını təbrik edib, sülh və əmin-amanlıq arzu edib. BƏƏ rəsmisi Prezident İlham Əliyevin İslam və ərəb ölkələri ilə əlaqələrin inkişafına daim diqqət ayırdığını, iki ölkə arasında münasibətlərin günü-gündən inkişaf etdiyini bildirib.

Tədbirə Türkiyə, Misir, Mərakeş, İordaniya, Almaniya, Böyük Britaniya, ABŞ və Özbəkistandan gələn qonaqlar da qatılıb. Görüş bədii proqramla davam edib.

Son xəbərlər

Orphus sistemi