“Ələkbərovun neft sənayesində çalışdığı ehtimal edilir”
Bu ilin fevralın 5-də Gürcüstanın Acarıstan bölgəsində keçmiş hərbi baza ərazisində 29 repressiya qurbanının qalıqlarının olduğu kütləvi məzarlıq aşkarlanıb. Ələkbərov Hüseyn Ələkbər oğlunun (1869-1938) da qalıqlarının bu məzarlığa aid olduğu ehtimal edilir. Belə ki, 15 mart 1938-ci il tarixli aktda barəsində güllələnmə qərarı çıxarılmış 29 nəfər arasında H.Ələkbərov da var. O, siyahıda beşinci yerdədir.
“Report”un Gürcüstan bürosu məzarlıqda qazıntı işlərinə rəhbərlik edən İnformasiya Azadlığının İnkişafı İnstitutunun (IDFI) bölmə rəhbəri, tarixçi, araşdırmaçı Anton Vaçaradze ilə görüşüb, araşdırma işləri, indiyədək aşkarlanan kütləvi məzarlıqlar və azərbaycanlının qalıqları barədə ətraflı məlumatlar əldə edib.
- Qazıntı işlərinə nə vaxt başlamısınız?
- 2017-ci ildə Acarıstanda keçmiş hərbi baza ərazisində aparılan qazıntı işləri zamanı təsadüfən məzarlıqlardan biri zədələnib və bundan sonra işlər dayandırılıb. Həmin ildə biz Batumi və Laz Yeparxiyasına məzarlıqların aşkarlanması üzrə işlərə başlamaq üçün müraciət etdik. İlk olaraq dörd kütləvi məzarlığı üzə çıxardıq və 150 insanın qalıqlarını aşkarladıq. 2019-cu ildə yeparxiya qalıqların dəfn ediləcəyini bildirdi. Acarıstan müsəlmanları bunu etirazlarla qarşıladı. Çünki kütləvi məzarlıqda müsəlmanların da qalıqları ola bilərdi. Bundan sonra İnformasiya Azadlığının İnkişafı İnstitutu repressiyaya aid arxiv sənədləri ilə işləməyə başladı. Təşkilatımız Daxili İşlər Nazirliyi ilə birgə “Stalin siyahıları”nı hazırladı. Bilirsiniz ki, 1937-1938-ci illərə aid materiallar tam məxfidir. Əgər öncə Acarıstanda repressiya olunanların sayı 650-yə yaxın idisə, biz müəyyən etdik ki, bu illər ərzində 1 050 nəfər güllələnib. Statistikaya əsasən, onların 300-dən çoxu müsəlmandır. Onların arasında polyaklar, almanlar, yunanlar və ruslar da var. Yaradılmış dövlət komissiyası və yeparxiya qalıqların dəfni ilə bağlı məsələnin həllini diqqətdə saxlayır. Hamı razılaşır ki, xüsusi plan tələb olunur.
2021-ci ilin yayında 28 insan qalığı aşkarladıq. Polşanın Milli Yaddaş İnstitutu ilə əlaqə saxladıq və onlar iki əməkdaşını Gürcüstana göndərdilər. Ekspertlər vəziyyəti qiymətləndirdilər və artıq 2022-ci ildə 29 insanın qalıqları olan altıncı məzarlıq üzə çıxdı. Qalıqlar sənədləşdirildi, fotoşəkilləri çəkildi, 3 D araşdırması aparıldı. Hazırda biz Polşadan antropoloqların gəlməyini gözləyirik. Onlarla şifahi razılığımız var. Biz onlara rəsmi məktub da göndərəcəyik ki, antropoloji və DNT analizləri aparsınlar. Gözlənilir ki, dövlətin dəstəyi ilə artıq aşkarlanmış və tədqiq olunmuş insan qalıqları mayda dəfn olunacaq
- İşlərə və araşdırmalara Azərbaycan və ya digər qonşu ölkələrdən mütəxəssislər cəlb etməyi düşünürsünüzmü?
- Biz, yəqin elə Gürcüstan dövləti də əməkdaşlığa açığıq. Niyə də yox?! Kommunizm dövrünün cinayətləri ümumi faciədir. Qonşu ölkələrdən maraq və təşəbbüs olsa, biz əməkdaşlığa hazırıq. Hazırda polyak həmkarlarımızla əməkdaşlıq edirik. Onların bu sahədə böyük təcrübələri var. Polşada repressiya qurbanları 30 ildən çoxdur axtarılır və öyrənilir. Orada çox yaxşı ənənə var. Hər il qurbanların qohumları ilə prezident sarayında anım mərasimi təşkil olunur.
- Qazıntı işlərini nə zaman yekunlaşdırmağı planlaşdırırsınız? Gələcək planlarınız nədən ibarətdir? Bildiyimiz qədər, memorial muzeyin inşası ilə bağlı planlar var.
- Hələ aşkarlanmayan kütləvi məzarlıqların olduğunu ehtimal edirik. Axtarış işləri davam edir. Batumi meriyası işlər üçün traktor ayırıb.
Muzeyə gəlincə, bu sahədə Polşa, Litva və Estoniyanın təcrübəsinə nəzər salaq: bu ölkələrdə qalıqların aid olduğu insanların adlı siyahısı, ailələrdən toplanan fotoşəkilləri, aşkarlanan artefaktların olduğu muzeylər, memoriallar yaradılır, həmin məkanlara məktəblilər, tələbələr, turistlər üçün maarifləndirici turlar təşkil olunur. Biz də belə olmasını arzulayırıq. Dövlət də bununla razıdır. İşləri yekunlaşdıraq və yəqin ki, müəyyən büdcə ayrılacaq. Bu işə müxtəlif ölkələrin səfirliklərini də cəlb etmək mümkündür. İndi bu, sadəcə bizim istəyimizdir. Bəlkə də gələcəkdə reallığa çevriləcək.
- Bu günədək həyata keçirilən axtarışların nəticəsini necə qiymətləndirirsiniz?
- Üzə çıxardığımız kütləvi məzarlıqlardan yalnız biri ciddi şəkildə dağılmışdı. Orada neçə insanın qalıqlarının olduğunu müəyyən etmək mümkün deyildi. Yəqin ki, traktorla qazılıb və dağıntılara məruz qalıb. Təxmin etmək olar ki, həmin məzarlıqda 30-a yaxın insan qalığı var. Digərlərinə gəlincə, ilk dörd məzarlıqda cəmi 150, beşincidə 28, altıncıda isə 29 insan qalığı aşkarlanıb.
- Sonuncu altıncı məzarlığa aid edilən qalıqların məxsus olduğu insanların siyahısında azərbaycanlı ad-soyad da yer alıb. Öncəki məzarlıqlarda azərbaycanlılara rast gəlinibmi?
- İndiyə qədər olmayıb. Yalnız altıncı məzarlıqda azərbaycanlının qalıqlarının olduğu ehtimalı var. Dəqiq araşdırma aparmamışıq. Elə hallar olurdu ki, güllələnən şəxslərin meyitləri quyulara edam günündən daha sonra əlavə olunurdu. Onlar növbəti gün güllələnənlər ola bilərdi. Buna görə də azərbaycanlının sonuncu məzarlığa aid olub-olmadığını dəqiq müəyyən edə bilmirik. Ələkbərovun qalıqlarının da olduğu ehtimal edilən altıncı məzarlıq beynəlmiləldir.
Araşdırmalar nəticəsində repressiya qurbanları olan 1 050 nəfərin arasında neçə nəfərin azərbaycanlı olduğunu müəyyən etmək mümkün olacaq.
Bildiyiniz kimi, Batumi çox beynəlmiləl şəhər olub. Buna görə də kütləvi məzarlıqlarda qeyri-gürcülərin aşkarlanması təbiidir. Azərbaycanlılar Batumidə neft sənayesi sahəsində çalışıblar. Bakı və Batumi arasında çox sıx əlaqələr olub. Batumidə neft emalı stansiyası fəaliyyət göstərirdi, liman vasitəsilə neft nəql olunurdu. Neft 1906-cı ildən Avropaya nəql olunmağa başlandı, kommunistlərin dövründə Odessa və sovetlər ittifaqının digər limanlarına da çatdırılırdı. Azərbaycanlılarla bağlı dəqiq araşdırma aparmamışıq, lakin çox ehtimal ki, kütləvi məzarlıqda qalıqları aşkarlanacaq və tədqiq olunacaq azərbaycanlılar məhz neft sənayesində çalışıblar. Batumidəki neft idarələrində azərbaycanlıların da işlədiyini yəqin etmək olar. Ətraflı və dəqiq araşdırmalara ehtiyac var. Həmin şəxslərin kimliyini və hansı peşə sahibləri olduqlarını yalnız arxivlərdən öyrənmək mümkündür.
P.S. Anton Vaçaradzenin “Report”a təqdim etdiyi 1 050 nəfərlik siyahıda Ələkbərov Hüseyn Ələkbər oğlu ilə yanaşı, Səlimxanov Nəriman Əhməd oğlu, Çebinov (ehtimal ki, Çobanov) Əli Faiq, Hüseynov İbrahim Həsən oğlu, Əlizadə Abbas, Salman Əlioğlu kimi azərbaycanlılara xas ad-soyadlara da rast gəlinir. Onların etnik mənsubiyyətcə türk, müsəlman acar və yaxud azərbaycanlı olduqlarının təsdiqlənməsi üçün əlavə araşdırmalara ehtiyac var.