Bakı. 18 iyul. REPORT.AZ/ Dünyanın bir sıra ölkələrini təmsil edən bir qrup azərbaycanlı jurnalist və diaspor fəalı tərəfindən “Diasporun Dostları” Klubu yaradılıb.
"Report" xəbər verir ki, “Diasporun Dostları” Klubu xarici ölkələrdə yaşayan azərbaycanlıları, həmçinin həmvətənlərimizlə əməkdaşlıq, dostluq edən digər diaspor, lobbi təşkilatlarını əhatə edir.
Tək Azərbaycan mətbuatı ilə kifayətlənməyib, ABŞ, Kanada, Avropa, Türkiyə, Rusiya, Orta Asiya, Qafqaz ölkələrinin mətbuatı ilə birbaşa (xaricdəki əcnəbi jurnalistlər vasitəsi ilə) əlaqəni də əsas götürən Klub dünyadakı diaspor təşkilatlarının fəaliyyətini bu əhatədə birləşdirməyi qarşısına məqsəd qoyub.
Klub jurnalistlər Elnur Eltürk, Zülfüqar Hüseynzadə, Mübariz Aslanov, Polşa Azərbaycanlı Gənclər Şurasının sədri Nail Əhməd, Rusiyada Azərbaycan Mədəniyyətinin İnkişafı və İntibahı Fondunun sədri, Ümumrusiya Azərbaycanlıları Konqresinin Moskva üzrə rəhbəri Şamil Tağıyev, Rumıniya Azərbaycanlıları Birliyinin sədri Vaqif Həsənov tərəfindən təsis olunub və bütün fəal jurnalistlərə, diaspor nümayəndələrinə açıqdır.
Klubun yaradılmasında məqsəd xaricdə yaşayan azərbaycanlıları, azərbaycanlılara dost xalqların nümayəndələrini müxtəlif layihələr və müxtəlif mövzularda bir araya gətirməkdir. Klub istər inzibatçılıqda, istərsə də üzvlükdə gələcəkdə Azərbaycan və digər ölkələrdən olan bir sıra jurnalistləri özündə birləşdirməyi nəzərdə tutub.