Səbuhi Mehdiyev: "ABŞ-da poçtalyon işləyəcəyim heç ağlıma belə gəlməzdi"

Səbuhi Mehdiyev: "ABŞ-da poçtalyon işləyəcəyim heç ağlıma belə gəlməzdi" Səbuhi Mehdiyev ABŞ Poçt Xidmətininin (United States Postal Service) Boston şəhərindəki ofisində işləyir. Həmyerlimiz Amerikada fəaliyyət göstərən yeganə azərbaycanlı poçtalyondur. "Report"un xüsusi müxbiri onunla işlədiyi ofisdə söhbətləşib.
Diaspor
18 Sentyabr , 2020 13:25
Səbuhi Mehdiyev: ABŞ-da poçtalyon işləyəcəyim heç ağlıma belə gəlməzdi
Səbuhi Mehdiyev

Səbuhi Mehdiyev ABŞ Poçt Xidmətininin (United States Postal Service) Boston şəhərindəki ofisində işləyir. Həmyerlimiz Amerikada fəaliyyət göstərən yeganə azərbaycanlı poçtalyondur. "Report"un xüsusi müxbiri onunla işlədiyi ofisdə söhbətləşib. 

-  Səbuhi bəy, necə oldu ABŞ-a gəldiniz və poçtalyon kimi fəaliyyətə başladınız?  

- Deməli, 2013-cü ilin dekabrında ABŞ-a gəldim. Əslində, Bakıda bankların birində işləyirdim və dostumu ziyarət etmək üçün gəlmişdim. Ümumiyyətlə, ABŞ-da qalmaq niyyətində deyildim. Sadəcə bir müddət ingilis dilində danışığımı daha da təkmilləşdirmək və geri dönməyi hədəfləyirdim. Ancaq tale elə gətirdi ki, qalmalı oldum və bir çox işlərdə çalışdım. Açığı, bir gün ABŞ-da poçtalyon işləyəcəyim heç ağlıma belə gəlməzdi. Sadəcə, dostum vakansiya olduğunu söylədi. Mən də üç ay müddətində imtahana hazırlaşdım və uğurla keçdim. Hazırda üç ilə yaxındır Boston şəhərində poçtalyon işləyirəm.

Əslində, çox maraqlı işim var, yəni darıxdırıcı deyil. Çünki bəzən hər gün eyni işi gördüyümüz zaman bizi yora bilir. Burda isə belə deyil. Hər gün həvəslə işə gəlirəm. Ofisdə işləyənlərin hamısı amerikalılardır və mənim azərbaycanlı olmağım onlara maraqlı gəlir. Burada işlədikdən sonra onların mədəniyyəti, adət-ənənələri, düşüncə tərzləri ilə daha yaxından tanış olmaq və öyrənmək şansı qazandım. Günümün çoxu onlarla keçir. Bəzən 8-10 saat işdə, onların arasında oluram. Hətta fürsət düşən kimi amerikalılara Azərbaycanla bağlı da məlumatlar verirəm. Onlar da öz növbələrində mənə suallar verirlər. Amerikalılarla fikir mübadiləsi aparmaq xoşuma gəlir. Hər gün, demək olar, yeni bir şey öyrənirəm. 

- Bəs ABŞ kimi bir ölkədə yaşamaq və işləmək asandırmı?  

- ABŞ-da yaşamaq və işləmək olduqca çətindir. Ancaq hədəflərin varsa, müəyyən vaxtdan sonra çətinlikləri aşıb yolunu tapa bilirsən. Təəssüflər olsun ki, amerikalıların Azərbaycan haqqında çox da məlumatları yoxdur. Çünki biz müstəqilliyimizi yenicə qazanmış bir dövlətik. Ancaq ABŞ-da yaşayan azərbaycanlıların sayı gündən-günə çoxalır və onların hər biri burada Azərbaycanın könüllü elçiləridir. Artıq ABŞ-da fərqli sahələrdə uğurla çalışan həmvətənlərimiz var. Əgər belə getsə, tezliklə ABŞ-da Azərbaycanı hamı çox yaxşı tanıyacaq. Əvvəl ameriaklılara azərbaycanlı olduğumu deyəndə onların hardan gəldiyim barədə heç bir məlumatı yox idi. Ofisdə dünya xəritəsi var və mən orada ölkəmi xüsusi bir göstərici ilə işarələmişəm. Azərbaycandan danışanda onları xəritənin qarşısına aparıram. İş yoldaşlarım heç vaxt uzaq bir ölkədən gəldiyimi mənə hiss etdirməyiblər. Əksinə, onlarla ünsiyyət qurmaq istədiyini gördükləri zaman və onlara bir addım getdiyin zaman sənə iki addım gəlirlər. Ən azı mən işlədiyim mühitdə bunun şahidi olmuşam. Açığı, amerikalıların ölkəyə gələn miqrantları bağırlarına basdıqlarını düşünürəm.

- Ümumiyyətlə, işiniz ağır deyil ki?

- İş rejimim 8 saatdır, səhər saat 7-də işə gəlirik və 2-3 saat ofisdə oluruq. Bu saatlar ərzində məktubları və bağlamaları prosedura uyğun şəkildə qruplaşdırırıq. Onları daha sonra maşınlara yükləyib ünvanlarına təslim etmək üçün yola çıxırıq. Bu proses təxminən 5-6 saat çəkir və sonra yenidən ofisə qayıdırıq. Bəzən müəyyən səbəblərdən sahiblərinə çatmayan məktub və bağlamaları təhvil verib sənədləşdirmə işlərini yekunlaşdırır və günün sonunda evə yollanırıq. Əslində, hər gün eyni işi edirik, proses eynidir, ancaq hər gün eyni olmur, fərqli iş görürük. Yeni insanlar, maraqlı hadisələr hər günümüzə rəng qatır. Burda işləməyin ən çox sevdiyim tərəfi vaxtın necə keçdiyini hiss etməməkdir. Çünki əvvəlki iş yerlərimdə vaxtın keçməsi üçün tez-tez saatıma baxırdım. Ancaq burda belə bir şey yoxdur. Bir də görürsən iş yekunlaşıb və evə gedirsən. Digər tərəfdən, fedaral hökumətin idarəçiliyində olan bir iş yeri olduğundan ABŞ-ın istənilən şəhərində və ştatında vakansiya olduğu halda ora köçüb işimi davam etdirə bilərəm.

-  Yəqin ki, iş prosesi zamanı başınıza gələn maraqlı hadisələr çox olub...

- ABŞ-da poçt xidməti çox inkişaf edib və amerikalılar bundan mütəmadi istifadə edirlər. Hər gün onlara məktub və ya hər hansı bir bağlama, jurnal və ya qəzet gəlir. Bu, artıq ABŞ-da formalaşmış bir mədəniyyətdir. Burda elə insanlar var ki, hər gün paçtolyonun gəlməyini gözləyirlər. Onlar məni gülərək qarşılıyırlar, salamlayırlar. Hətta bəzən hava isti olanda su verirlər, xüsusilə yeni il ərəfəsində hazırladıqları şirniyyatlardan təklif edirlər, bəzən bahalı hədiyyələr də verirlər.  

Əlbəttə, getdiyim hər yerdə maraqlı hadisələr yaşanır. Onlardan bir neçəsini danışmaq istəyirəm. Azərbaycanlılar bu şəhərdə bir qədər azdır. Ancaq bir neçə dəfə məktub apardığım ailələr arasında azərbaycanlı ailələr də olub. Mən onların Azərbaycan dilində danışdıqlarını eşidəndə onlarla elə ana dilimdə danışmağa başlamışam. Onlar ABŞ Poçt Xidmətində işləyən bir azərbaycanlı gördüklərinə görə çox təəccüblənib və seviniblər.

Deməli, uşaqlıqdan itlərdən qorxuram, itlərə qarşı fobiyam var. Başıma gələn hadisələrin çoxu elə itlərlə bağlıdır. Neçə dəfə olub ki, getdiyim evlərdə itlər mənə hucum çəkiblər. Bir dəfə də qapını açıb keçəndə baxdım ki, it qarşımda dayanıb. Çox qorxmuşdum, ancaq bunu bildirməməyə çalışdım (gülür). İtlərlə bağlı çox xatirələrim var, tez-tez onlarla maraqlı və bəzən də gülməli hadisələr yaşanır.

- Gələcək hədəfləriniz nələrdir?

- ABŞ-da azərbaycanlı poçtalyon kimi işləmək çox xoşuma gəlir. Ən azı sevdiyim işi görürəm. Ancaq bu demək deyil ki, eyni işdə ömrüm boyu davam etmək istəyirəm. Təbii ki, bu vəzifədə qalmaq istəmirəm. Poçt şöbələrində sadəcə iş poçtalyon olmaqdan ibarət deyil. Burda fərqli-fərqli departamentlər və şöbələr var. Hər il topladığım təcrübələr məni bir qədər yüksəyə qaldırır. Hazırda xüsusi bir imtahan var və ona hazırlaşıram. Həmin imtahanı keçə bilsəm, daha yüksək vəzifəyə keçə biləcəyəm. Bunu reallaşdırmaq hazırkı hədəfimdir.

- Son olaraq nə söyləmək istərdin?

- Azərbaycanlı olmaq mənim üçün qürurdur. Azərbaycan sadəcə 10 hərfdən ibarət söz deyil, mənim üçün hər şeydir. Mən 7 ildir burda yaşayıram, hələ Azərbaycandan qopmamışıq. Mən 50 il də burda yaşasam, Azərbaycana sevgim zərrə qədər də azalmayacaq. Fikrimcə, xaricdə yaşayan və kimliyindən asılı olmayaraq, hər bir azərbaycanlının bir missiyası var: yaxşı mənada Azərbaycanı tanıtmaq, azərbaycanlı olmaqdan qürur duymaq. Azərbaycan ana vətənimdir, bu, sadəcə sözdə deyil, reallıqda, hisslərdə və düşüncələrdə belədir. Mən azərbaycanlı görəndə, Azərbaycan dilində danışanda xoşbəxt oluram. Burda amerikalı xanımla ailə qurmuşam və artıq üç yaşında əkiz övladlarım var. Onlar hələ Azərbaycanda olmasalar da, ancaq Azərbaycan sevgisilə böyüyürlər. İnşallah, koronavirus bəlası xalqımızın üzərindən tezliklə sovuşar. Ümid edirəm ki, hər şey çox yaxşı olacaq, Azərbaycan daha xoş və gözəl günlər görəcək.

Vüsalə Abbasova 

Son xəbərlər

Orphus sistemi