Azərbaycanın Qarabağ zəfəri Finlandiyada qeyd olunub

Azərbaycanın Qarabağ zəfəri Finlandiyada qeyd olunub Helsinki şəhərindəki Mədəniyyət Mərkəzində 8 Noyabr – Zəfər Gününə həsr olunmuş “Azərbaycanda Zəfər Günü” adlı təntənəli tədbir keçirilib.
Diaspor
13 Noyabr , 2021 19:10
Azərbaycanın Qarabağ zəfəri Finlandiyada qeyd olunub

Helsinki şəhərindəki Mədəniyyət Mərkəzində 8 Noyabr – Zəfər Gününə həsr olunmuş “Azərbaycanda Zəfər Günü” adlı təntənəli tədbir keçirilib.

"Report" xəbər verir ki, Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi və Skandinaviya Azərbaycanlıları Koordinasiya Şurasının Finlandiya üzrə koordinatorluğunun, Azər-Türk Gənclər Təşkilatının təşəbbüsü ilə gerçəkləşdirilən tədbirdə Azərbaycanın İsveç Krallığındakı səfirliyinin, Türkiyənin Finlandiyadakı səfirliyinin, Diasporla İş üzrə Dövlət Komitəsinin və Azərbaycan Diasporuna Dəstək Fondunun nümayəndələri, yerli ictimaiyyətin tanınmış şəxsləri və diasporumuzun üzvləri iştirak ediblər.

Azərbaycanın Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Sonra Zəfər Gününə həsr olunmuş videoçarx nümayiş etdirilib.

Tədbirin rəsmi hissəsində Skandinaviya Azərbaycanlılarının Koordinasiya Şurasının Finlandiya üzrə əlaqələndiricisi, Azər-Türk Gənclər Təşkilatının sədri Ülviyyə Cabbarova, Azərbaycanın İsveç Krallığındakı səfiri Zaur Əhmədov və Türkiyənin Finlandiyadakı səfiri Mehmet Vakur Erkul çıxış ediblər. Onlar xalqımızı, xaricdə yaşayan azərbaycanlıları və türk dünyasını əzəmətli bayram münasibətilə təbrik ediblər. Zəfər Gününün tarixi, Ermənistanın xalqımıza qarşı apardığı işğalçı və etnik təmizləmə siyasəti, 30 ilə yaxın müddətdə Azərbaycanın Dağlıq Qarabağ bölgəsini və ətrafındakı 7 rayonu işğal altında saxladığı, qəsbkarlıq dönəmində torpaqlarımızda törədilən vandalizm aktları, Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Silahlı Qüvvələrimizin azad etdiyi ərazilərimizdə hazırda irimiqyaslı layihələrin həyata keçirilməsi barədə ətraflı məlumat verilib.

Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradovun tədbir iştirakçılarına təbrik müraciətini komitə əməkdaşı Günel Təhməzzadə çatdırıb. Müraciətdə Vətən müharibəsi dövründə və ötən bir il ərzində Azərbaycan həqiqətlərinin yerli və dünya ictimaiyyətinə çatdırılması istiqamətində həyata keçirdiyi fəaliyyətə görə Finlandiyadakı diasporumuza minnətdarlıq ifadə edilib.

Konsert proqramı ilə davam edən tədbirdə Vyana Konservatoriyasının tələbəsi, beynəlxalq müsabiqələr laureatı Orxan Cəlilov, Azərbaycanın Əməkdar artisti Sahib Paşazadə (tar), Əli Məlikov (nağara), Helsinki Opera və Balet Teatrının konsertmeysteri Leyli Hüseynova (piano), Artemi Qvazava (skripka) və Finlandiyada yaşayan diaspor fəalları çıxış ediblər.

Tədbir çərçivəsində Azərbaycanın dilbər guşələrini, xalçalarını, Qarabağ atlarını əks etdirən və ölkəmizin işğaldan azad edilmiş torpaqlarında Ermənistanın törətdiyi vəhşiliyi ifşa edən fotosərgi nümayiş etdirilib.

Son xəbərlər

Orphus sistemi