Azərbaycanın müxtəlif ölkələrdə 300-dən çox diaspor təşkilatı və dünya azərbaycanlılarını birləşdirən 15 Koordinasiya Şurası fəaliyyət göstərir.
Bunu Report”a müsahibəsində Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov deyib.
O qeyd edib ki, Azərbaycanın ilk diaspor təşkilatının yaşı 50-ni keçib:
“Bu gün diasporun təşkilatlanması daha sürətlə gedir və dövrün tələbləri səviyyəsində inkişaf edir. Təxminən 70 ölkədə daimi fəaliyyətdəyik, lakin daha çox ölkədə soydaşlarımız yaşayırlar, sadəcə olaraq onlar hələ ki digərləri qədər təşkilatlanmayıblar”.
Komitə sədrinin sözlərinə görə, Nigeriya, Kolumbiya, Meksika kimi ölkələrdə yeni formalaşan Azərbaycan icmaları var:
“İslandiyada bir neçə azərbaycanlı ailə yaşayır və onlar da diaspor təşkilatı yaradaraq qeydiyyatdan keçiriblər. Trinidad və Tobaqoda mədəniyyət-incəsənət nümayəndələrimiz yaşayır, onların da diaspor təşkilatı yaratmaqla bağlı təklifləri var”.
Koordinasiya şuralarının fəaliyyətindən də bəhs edən F.Muradov diqqətə çatdırıb ki, hazırda əsas hədəf şuraların olduğu ölkələrin parlamentlərində müşahidəçi kimi qeydiyyata alınmasıdır:
“Bizim təşkilatlarımız artıq Avropa Şurası və Avropa Parlamentində müşahidəçi statusunda iştirak edə bilirlər. Onların Birləşmiş Millətlər Təşkilatında da aktiv olmaları istiqamətində ciddi işlər görülür”.
Müsahibənin tam mətni ilə buradan tanış ola bilərsiniz.