"Diasporla İş üzrə Dövlət Komitəsi xarici ölkələrdə yaşayan azərbaycanlıların təşkilatlanması prosesində Prezident İlham Əliyevin tapşırıq və tövsiyələrini, dövlət siyasətinin prinsiplərini, Azərbaycanın milli maraqlarını rəhbər tutaraq, fəaliyyət perspektivlərini daha da genişləndirmiş, konkret nəticələr qazanmışdır. Xüsusilə qeyd etmək lazımdır ki, son illərdə Heydər Əliyev Fondunun dəstəyi və Fondun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə bir sıra ölkələrdə Azərbaycan evləri və “Qarabağ” adlı Azərbaycan məktəblərinin fəaliyyətə başlaması da bu təşkilatlanma işində və beynəlxalq ictimaiyyətin məlumatlandırılmasında mühüm rol oynayıb".
"Report" xəbər verir ki, bunu Azərbaycan Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının professoru, siyasi elmlər doktoru Elçin Əhmədov deyib.
Onun sözlərinə görə, Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə qəhrəman ordumuz 2020-ci il sentyabrın 27-dən Ermənistanın hərbi təcavüzünə cavab olaraq işğal altında olan torpaqlarımızı azad etmək üçün genişmiqyaslı əks-hücum əməliyyatları həyata keçirdiyi günlərdə, xalqımız bütünlüklə Müzəffər Ali Baş Komandanın ətrafında səfərbər oldu: "Azərbaycan torpaqlarının hər qarışının azad edilməsi uğrunda gedən döyüşlər, qüdrətli ordumuzun düşmən üzərindəki sarsıdıcı zərbələri xalqımızda, o cümlədən dünyada yaşayan bütün azərbaycanlılarda böyük inam və ruh yüksəkliyi yaratdı. Nəticədə rəşadətli Azərbaycan Ordusu 28 ildən artıq işğal altında olan torpaqlarımızı azad etmək üçün genişmiqyaslı əks-hücum əməliyyatları həyata keçirməklə yanaşı, düşmənin bu illər ərzində yaratdığı “yenilməzlik” mifini darmadağın etdi. Prezident İlham Əliyevin Vətən müharibəsinin gedişində xarici kütləvi informasiya vasitələrinə verdiyi çoxsaylı müsahibələri və xalqa müraciətləri bütün dünyada yaşayan azərbaycanlıları ölkəmizin milli maraqları, birlik və həmrəyliyi istiqamətində birləşdirici amilə çevrildi. Diasporla İş üzrə Dövlət Komitəsi və xaricdə yaşayan azərbaycanlılar üzərlərinə düşən ikiqat məsuliyyəti dərk edərək vəzifə borclarını böyük fəxarət və qürurla yerinə yetirmiş, məqsədyönlü fəaliyyətlə Azərbaycan reallıqlarının dünyaya çatdırılması istiqamətində şanlı Qələbəmizi fəxrlə yaşadıqları ölkələrin kütləvi informasiya vasitələrində müxtəlif dillərdə bütün dünyaya yaymağa çalışmışlar. Xaricdə yaşayan azərbaycanlılar rəşadətli Azərbaycan Ordusunun əzəli torpaqlarımızın işğaldan azad edilməsi uğrunda misilsiz qəhrəmanlığını, eyni zamanda Ermənistanın Azərbaycan torpaqlarında törətdiyi soyqırımı, vandalizm aktlarını, maddi-mədəniyyət nümunələrimizin dağıdılmasını yaşadıqları ölkələrin ictimaiyyətinə çatdırılması istiqamətində əvəzsiz rol oynayır".
Professor bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyevin 2021-ci il fevralın 26-da Xocalı soyqırımının 29-cu anım günündə 30-dan çox yerli və xarici media nümayəndələri üçün tarixi mətbuat konfransında 4 saatdan artıq Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması üçün 50-yə yaxın suala konkret faktlarla cavabları informasiya savaşında da əhəmiyyətli rol oynamaqla yanaşı, dünya azərbaycanlıları üçün beynəlxalq informasiya platformalarına çıxmaq yolunda sanki yol xəritəsinı cızıb: "Məhz bu mübarizənin nəticəsidir ki, Xocalı soyqırımının dünyada tanıdılması və soyqırıma siyasi qiymət verilməsi istiqamətində görülən işlər daha ciddi nəticələr verməkdədir. Artıq ABŞ-ın 24 ştatı və 17 ölkənin qanunverici orqanı Xocalı faciəsinin soyqırımı aktı və insanlığa qarşı cinayət kimi tanınması barədə müxtəlif sənədlər qəbul etmişdir. Azərbaycan diasporunun fəaliyyəti nəticəsində ABŞ-ın bəzi şəhərlərində 26 fevral tarixi Xocalı soyqırımı qurbanlarının anım günü elan edilmişdir. Lakin hələ də Xocalı soyqırımının dünya dövlətləri tərəfindən soyqırımı kimi tanınması, qətliama ayrı-ayrı ölkələrin qanunverici orqanları tərəfindən obyektiv qiymət verilməsi tarixi zərurət olaraq qalmaqdadır. Hazırda Xocalı mitinqlərinin coğrafiyasının genişlənməsi və bu fəaliyyətin ildən-ilə yüksələn xətt üzrə davam etməsi həm də Azərbaycan diasporunun misilsiz xidmətləridir. Belə ki, 2022-ci il fevralın 26-da ABŞ-ın paytaxtı Vaşinqton şəhərində Xocalı soyqırımının 30-cü ildönümü ilə əlaqədar Ümumamerika Xocalı Mitinqi keçirilmişdir. Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi və Amerika Azərbaycanlıları Koordinasiya Şurasının təşəbbüsü ilə Kapitoli binasının yaxınlığında baş tutan izdihamlı mitinqdə ABŞ-ın müxtəlif şatatlarında fəaliyyət göstərən 20-yə yaxın diaspor təşkilatlarının rəhbərləri, diaspor nümayəndələri və fəalları, həmçinin Azərbaycana dost münasibət bəsləyən xalqların diaspor üzvləri, yerli ictimaiyyətin nümayəndələri iştirak etmişlər.
Qeyd etmək lazımdır ki, erməni lobbisinin fəal olduğu ABŞ-da Ümumamerika Xocalı Mitinqi bütün ştatlardan gəlmiş azərbaycanlıların iştirakı ilə ilk dəfə idi keçirilirdi. Bununla yanaşı, Azərbaycan, Türkiyə və ABŞ bayraqlarını dalğalandıran mitinq iştirakçıları Xocalı soyqırımı qurbanlarının fotolarını, faciənin dəhşətli anlarını əks etdirən şəkilləri və şüarlar yazılmış plakatları nümayiş etdiriblər. Bu, artıq ABŞ-dakı Azərbaycan diaspor təşkilatlarının birləşməsinə xidmət edən, bunu ehtiva edən faktorlardan biridir. Qeyd etmək vacibdir ki, son illərdə xarici ölkələrdə fəaliyyət göstərən Azərbaycan və türk diaspor təşkilatları arasında əməkdaşlığın inkişaf etdirilməsi istiqamətində həm dövlət, həm də qeyri-hökumət təşkilatları səviyyəsində bir sıra mühüm tədbirlər görülmüş, Azərbaycan icmalarına türk diasporunun təşkilatçılığı ilə keçirilən tədbirlərdə fəal iştirak etmək tövsiyə olunmuşdur. Keçirilən tədbirlərin daha da uğurlu alınmasında və diasporlar arasında münasibətlərin uzunmüddətli qurulmasında Azərbaycan və Türkiyənin dövlət başçılarının da bu istiqamətdə hər zaman vahid platformadan çıxış etməsi diqqəti cəlb edir".
“Azərbaycan və Türk diaspor təşkilatlarının birgə fəaliyyət strategiyası”nda nəzərdə tutulmuş vəzifələrin həyata keçirilməsi istiqamətində səylərin gücləndirilməsi, diasporlarımız arasında əlaqələrin get-gedə möhkəmlənməsi, xüsusilə vahid platformadan çıxış etməsi hər iki dövlətin daim bir-birinin yanında olmasının bariz nümunəsidir. Bundan əlavə, Ümumamerika Xocalı mitinqlərinin geniş miqyas alması erməni lobbisinin fəal olduğu Amerika cəmiyyətinə də bir mesajdır. Bu, həm də onun göstəricisidir ki, Azərbaycan və türk diaspor təşkilatlarının əlaqələndirilmiş şəkildə birgə fəaliyyəti ABŞ-da real bir qüvvəyə çevrilə bilər. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bildirmişdir: “Artıq bu gün dünyada mövcud olan və fəallaşan Azərbaycan icmaları ölkəmizə də dəstəkdir. Biz də onları dəstəkləyirik. Dəfələrlə demişəm ki, bütün Azərbaycan vətəndaşları, xaricdə yaşayan azərbaycanlılar bilirlər ki, onların arxasında güclü Azərbaycan dövləti dayanır”, - deyə E.Əhmədov vurğulayıb.