Bakı. 20 aprel. REPORT.AZ/ Avropa Azərbaycanlıları Konqresi (AAK) bəyanat yayıb.
“Report”un xəbərinə görə, AAK prezidenti Sahil Qasımovun imzaladığı bəyanatda vurğulanıb ki, Azərbaycan torpaqlarını işğal etmiş Ermənistan Silahlı Qüvvələrinin qoşunların təmas xəttində təxribatların sayını artırıb: “Son günlər Ermənistanda baş verən hadisələr fonunda qarşı tərəf mülki obyektlərə və əhaliyə atəş açmaqdan belə çəkinmir.
Aprelin 18-də Ağcabədi rayonunun Yuxarı Qiyaməddinli kənd sakini, 1991-ci il 15 mart təvəllüdlü Hacıyev Rahim Azər oğlu əkin sahəsində olarkən Ermənistan ordusunun bölmələri tərəfindən açılan atəş nəticəsində güllə yarası alıb. Bu faciə Azərbaycan torpaqlarının işğal altında saxlanılmasının region üçün nə qədər ciddi təhlükə olduğunu, eyni zamanda Ermənistan dövlətinin terrorçu mahiyyətini bir daha ortaya qoyur. Bu hadisə bizi - Avropa Azərbaycanlıları Konqresinı, Avropada yaşayan azərbaycanlılar icmasını dərindən sarsıdıb.
Ermənistan Silahlı Qüvvələrinin Azərbaycanın dinc əhalisinə və mülki obyektlərinə yönəlmiş artilleriya zərbələri sübut edir ki, Ermənistan dövləti təcavüzkar siyasəti ilə beynəlxalq hüquq normalarına riayət etməyərək, beynəlxalq humanitar hüququn və insan haqlarının, xüsusilə 1949-cu il Cenevrə konvensiyaları və ona 1 saylı Əlavə, həmçinin Uşaqların hüquqlarına dair və İnsan hüquqlarının müdafiəsi və fundamental azadlıqlara dair Konvensiyanı ciddi şəkildə pozmaqda davam edir.
Biz dünya ictimaiyyətinə, beynəlxalq təşkilatlara, ATƏT-in Minsk Qrupunun həmsədr ölkələrinə, Birləşmiş Millətlər Təşkilatına müraciət edərək, onları təcavüzkara qarşı konkret addımlar atmağa, beynəlxalq hüquq normalarına uyğun sərt sanksiyalar tətbiq etməyə israrla çağırırıq.
Biz, dünyanın aparıcı, sivil, sülhpərvər dövlətlərini, BMT, ATƏT, Avropa Şurası, Avropa Birliyini dinc sakinlərin, qocaların, qadınların, körpə uşaqların qətlə yetirilməməsi üçün nəhayət ki, biganəlikdən əl çəkməyə, təcavüzkar Ermənistanın işğal etdiyi torpaqlardan silahlı qüvvələrini çəkməyə məcbur edilməsi üçün qəti addımlar atmağa çağırırıq. Regionda sülhün, sabitliyin, əmin-amanlığın təmin olunmasının yeganə yolu status-kvonun dəyişdirilməsi, Azərbaycan torpaqlarının işğaldan azad olunmasıdır”.