Bakı. 10 aprel. REPORT.AZ/ "Bu gün Avropada yaşayan azərbaycanlıların mütləq əksəriyyəti Azərbaycan dövlətinin ətrafında birləşib".
Bunu "Report"a açıqlamasında Maqdeburq Alman-Azərbaycan Mədəniyyət Cəmiyyətinin sədri, Avropa Azərbaycanlıları Konqresinin (AAK) vitse-prezidenti Yaşar Niftəliyev deyib.
Onun sözlərinə görə, təhqir və söyüşü siyasi mübarizə və təbliğat vasitəsi kimi istifadə etmək heç kimə başucalığı gətirmir: "Biz indi elə bir tarixi mərhələni yaşayırıq ki, harada yaşamasından asılı olmayaraq, hər bir azərbaycanlı dövlətinin, xalqının yanında olmalıdır. Bu baxımdan, bəzi soydaşlarımızın Azərbaycan əleyhinə xarici ölkələrdə apardığı kampaniya milli maraqlarımıza tamamilə ziddir".
Y.Niftəliyev vurğulayıb ki, normal mühakimə qabiliyyəti, dünyagörüşü olan bütün insanlar bir qrup təxribatçının başladığı bu kampaniyanı qətiyyətlə pisləyir: "Bu qrupun fəaliyyəti bütün soydaşlarımızın etirazına səbəb olub. Azərbaycan ictimaiyyəti, eyni zamanda xaricdə yaşayan soydaşlarımız öz etirazlarını bildiriblər. Avropanın bir neçə şəhərində etiraz aksiyaları keçirilib. Hesab edirəm ki, bu etirazlar həmin qrupun fəaliyyətinə ictimaiyyətin reaksiyasını əks etdirir".