Yuxarı
    Bağlamaq

    Türkiyədəki Azərbaycan diasporu erməni lobbisinin keçirdiyi konfransla bağlı bəyanat yayıb

    Ermənilər öz səhvlərini etiraf edib geri çəkildiyi zaman bölgədə sülh və sabitlik bərqərar olacaq

    Bakı. 28 noyabr. REPORT.AZ/ Türkiyədəki erməni lobbisinin Ankarada Ermənistanla sərhədlərin açılmasına həsr olunmuş konfrans keçirməsi bu ölkədəki Azərbaycan diasporunun etirazına səbəb olub. Bu barədə Diasporla İş üzrə Dövlət Komitəsindən "Report"a məlumat verilib. 

    Türkiyə Azərbaycan Həmrəylik və Mədəniyyət Dərnəyinin yaydığı bəyanatda Türkiyədə yaşayan ermənilərin Ankarada "Möhürlü Qapı: Türkiyə-Ermənistan sərhədinin Gələcəyi Konfransı" adlı tədbir keçirilməsi pislənilir.

    Bəyanatda Ermənistanın Azərbaycana təcavüzü, 1993-cü ildən bəri Dağlıq Qarabağ və 7 rayonu işğal altında saxladığını, Xocalıda törətdiyi soyqırım, ermənilərin Türkiyə torpaqlarını işğal xəyalı ilə yaşadıqları, Ermənistan prezidenti Serj Sarkisyanın bir erməni şagirdə söylədiyi “Qarabağı biz aldıq, Ağrını sizə qoyduq” sözləri xatırladılır və bütün bunların ermənilərin niyyətini acıq şəkildə bəlli etdiyi vurğulanır.

    Bəyanatda həmçinin türklərə 5 dəfə soyqırım və deportasiya aktı həyata keçirən, türk diplomatlarını şəhid edib əməlləri ilə qürur duyan, bütün bunlardan sonra isə sülhdən, sərhədlərin açılmasından danışmağın yolverilməz olduğu qeyd olunur. Ermənilərin Qarabağda, Xocalıda və Anadoluda törətdiyi vəhşiliklərə görə cavab verməli olduqları, türklərin heç bir zaman hər hansı millətə qarşı soyqırım etmədiyi, əksinə, 1915-ci ildə türklərin bir neçə cəbhədə döyüşməsindən istifadə edən ermənilərin türklərə qarşı kütləvi qətllər törətməsi də bəyanatda bildirlir.

    “Təəssüf ki, Ermənistanın etdiyi səhvlərin cəzasını başda erməni xalqı olmaqla, bölgənin digər xalqları çəkməli olur. Ermənilər öz səhvlərini etiraf edib geri çəkildiyi zaman bölgədə sülh və sabitlik bərqərar olacaq. Əks halda sərhədlərin açılması müzakirə mövzusu ola bilməz”, - bəyanatda deyilir.

    Xatırladaq ki, bu günlərdə Ankarada keçirilmiş ikigünlük konfrans Hrant Dink Vəqfi və Ankara Universiteti Siyasi Elmlər Fakültəsi tərəfindən təşkil olunub.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi