Yuxarı

​Türkiyədə azərbaycanlının deputatlığa namizədliyi irəli sürülüb

MHP-nin namizədlər siyahısı aprelin 7-də Yüksək Seçim Kuruluna təqdim olunub

Bakı. 8 aprel. REPORT.AZ/ Türkiyə Azərbaycan Həmrəylik və Kültür Dərnəyinin İdarə Heyətinin sədri, əslən azərbaycanlı olan Səfər Qaraqoyunlu Milliyətçi Hərəkat Partiyasının deputatlığa namizədləri siyahısına daxil edilib. Bu barədə “Report”a Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən məlumat verilib.

Səfər Qaraqoyunlu MHP-nin İğdır bölgəsi üzrə siyahısında ikinci yerdədir. Onun namizədliyi deputatlıq iddiası olan 11 nəfər partiya üzvü arasından seçilib. MHP-nin namizədlər siyahısı aprelin 7-də Yüksək Seçim Kuruluna təqdim olunub.

Qeyd edək ki, əslən azərbaycanlı olan Səfər Qaraqoyunlu 1963-cü ildə Türkiyənin İğdır bölgəsinin Qaraqoyunlu ilçəsində doğulub, Anadolu Universitetinin İctimaiyyətlə əlaqələr bölümünü bitirib. Hazırda İstanbulda yaşayan diaspor fəalı 2010-cu ildə İstanbul Türkiyə Azərbaycan Dərnəyini (“İS-TAD”) təsis edərək Türkiyədə Azərbaycan həqiqətlərinin təbliği istiqamətində fəaliyyətə başlayıb. Bu illər ərzində S.Qaraqoyunlunun rəhbərlik etdiyi təşkilat Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi, Xocalı soyqırımı və onun nəticələrinin Türkiyə ictimaiyyətinə çatdırılması, həmçinin Azərbaycan mədəniyyəti, incəsənətinə həsr olunmuş onlarla müxtəlif səpkili tədbirlər həyata keçirib.

Xatırladaq ki, Türkiyə Böyük Millət Məclisinə seçkilər 2015-ci il iyunun 7-də keçiriləcək.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi