Strasburqda Doğu Perinçəkin məhkəməsi ilə bağlı aksiya keçirilib

Strasburqda Doğu Perinçəkin məhkəməsi ilə bağlı aksiya keçirilib Aksiyada Azərbaycanın Avropadakı diaspor təşkilatları da iştirak ediblər
Diaspor
28 Yanvar , 2015 19:59
Strasburqda Doğu Perinçəkin məhkəməsi ilə bağlı aksiya keçirilib

Bakı. 28 yanvar. REPORT.AZ/ “Erməni soyqırımı beynəlxalq yalandır” sözlərinə görə ittiham edilən Türkiyə İşçi Partiyasının lideri Doğu Perinçəkin məsələsinə dair yanvarın 28-də Avropa İnsan Haqları Məhkəməsinin böyük palatasında keçirilən dinləmələrlə bağlı Strasburqda təşkil edilmiş etiraz aksiyasında Azərbaycanın Avropadakı diaspor təşkilatları da iştirak ediblər.

Diasporla İş üzrə Dövlət Komitəsindən "Report"a bildirilib ki, Niderlandın Haaqa şəhərindən Azərbaycan Türk Kültür Dərnəyinin, Alman-Azərbaycan Mədəniyyət Cəmiyyətinin, Strasburq Azərbaycan Evi Cəmiyyətinin və digər təşkilatların rəhbərləri, eləcə də üzvləri aksiyaya qoşularaq türk diasporuna dəstək nümayiş etdiriblər.

Əllərində Türkiyə, Azərbaycan, Türkmənistan, Almaniya, Fransa bayraqları tutan mitinq iştirakçıları fransız və türk dillərində “Erməni yalanlarına son!”, “Avropa səsimizi duy!” və digər bu kimi şüarlar səsləndiriblər. Aksiyada beş minə yaxın insan iştirak edib.

Dinləmələrdən sonra Doğu Perinçək, onu müdafiə edən vəkillər və prosesi izləmək üçün Türkiyədən gəlmiş nümayəndə heyəti Strasburqdakı “La plase bordeux” konfrans zalında görüş keçirib.

Xatırladaq ki, Türk İşçi Partiyasının sədri, hüquq elmləri doktoru Doğu Perinçək 2005-ci ildə İsveçrədə keçirilən konfranslarda 1915-ci ildə ermənilərə qarşı Osmanlı imperiyasının “soyqırımı” həyata keçirməsini təkzib edərək “erməni soyqırımı” iddiasını “beynəlxalq yalan” adlandırıb.

2005-ci ilin iyul ayında “İsveçrə-Ermənistan Assosiasiyası” D.Perinçəkin söylədiklərinə qarşı cinayət işi tələb edən şikayətlə İsveçrə məhkəməsinə müraciət edib. 2007-ci ilin mart ayında Lozanna məhkəməsi D.Perinçəki irqi ayrı-seçkilikdə günahlandıraraq ona 90 günlük şərti həbs cəzasının verilməsi və 3000 İsveçrə frankı (2,5 min dollar) məbləğində cərimənin ödənilməsinə dair qərar qəbul edib.

2007-ci ilin dekabr ayında məhkəmənin qərarına etiraz edən D.Perinçək öz hüquqlarının pozulması ilə əlaqədar Avropa İnsan Haqları Məhkəməsinə şikayət edib. Məhkəmə 2013-cü ildə bu şikayəti təmin edib. 2014-cü ilin martında isə İsveçrə hökuməti Avropa İnsan Haqları Məhkəməsinin qərarından apellyasiya şikayəti verib.

Son xəbərlər

Orphus sistemi