Stokholmda Qafqaz bölgəsinə həsr olunan seminar keçirilib

Stokholmda Qafqaz bölgəsinə həsr olunan seminar keçirilib Məqsəd Qafqaz bölgəsində mövcud olan müxtəlif etnik qruplar, dillər və siyasi münaqişələr barədə yerli ictimaiyyəti məlumatlandırmaqdır
Diaspor
6 Dekabr , 2016 17:07
Stokholmda Qafqaz bölgəsinə həsr olunan seminar keçirilib

Bakı. 6 dekabr. REPORT.AZ/ İsveçdə fəaliyyət göstərən “Swazco” - İsveç-Azərbaycan Şurası Stokholmda "Qafqaz - geosiyasi dolaşıqlıq" adlı seminar keçirib. 

Diasporla İş üzrə Dövlət Komitəsindən “Report”a verilən məlumata görə, tədbirin məqsədi Qafqaz bölgəsində mövcud olan müxtəlif etnik qruplar, dillər və siyasi münaqişələr barədə yerli ictimaiyyəti məlumatlandırmaqdır.

Tədbiri giriş sözü ilə açan İsveç-Azərbaycan Şurasının sədri Dəniz Lətifi rəhbərlik etdiyi təşkilatın fəaliyyətindən söz açaraq bildirib ki, “Swazco”nun məqsədi iki ölkənin cəmiyyətləri arasında əlaqələri gücləndirmək və İsveç vətəndaşlarının Azərbaycan haqqında biliklərini artırmaqdır.

Stokholmda fəaliyyət göstərən Baltik və Şərqi Avropa Araşdırmalar Mərkəzinin professoru Thomas Lunden çıxış edərək Qafqaz regionun tarixi inkişaf yolu, etno-coğrafi, din və dil fərqlilikləri barədə ətraflı məlumat verib.

Stokholm Universitetinin siyasi elmlər üzrə doktoru Fərəc Quliyev isə Qafqaz regionundakı münaqişələrdən bəhs edib. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi haqqında danışan F.Quliyev, azərbaycanlılara qarşı aparılan etnik təmizləmə siyasəti və bunun nəticəsində bir milyondan artıq etnik azərbaycanlının doğma torpağından qaçqın salındığını bildirib. Yaranmış vəziyyətin bütün bölgənin inkişafına mənfi təsir etdiyini qeyd edən F.Quliyevin sözlərinə görə, bu siyasətin nəticəsində, Ermənistan regionda aparılan iri iqtisadi və nəqliyyat layihələrindən kənarda qalıb. Azərbaycanın regionun bütün ölkələri ilə dostluq və tərəfdaşlığa əsaslanan münasibətlərinin, yüksək siyasi, iqtisadi, strateji əlaqələrinin olduğunu diqqətə çatdırıb.

Çıxışlardan sonra seminar müzakirələrlə davam edib. 

Tədbirin sonunda “Swazco" təşkilatının rəsmi internet səhifəsinin təqdimatı olub. 

Seminarda İsveç ictimaiyyətinin nümayəndələri, habelə, Azərbaycan və türk diaspor fəalları iştirak ediblər.

Son xəbərlər

Orphus sistemi