Yuxarı

Sağalmayan 30 illik yara - Gürcüstandan olan 20 Yanvar şəhidinin ailəsindən - REPORTAJ

Sağalmayan 30 illik yara, Gürcüstandan olan 20 Yanvar şəhidinin ailəsi

20 Yanvar şəhidləri arasında əslən Gürcüstandan olan altı azərbaycanlı da var. Onlardan biri Marneuli rayonunun Kirəc-Muğanlı kəndindən olan 23 yaşlı Vəfadar Osman oğlu Eminovdur.

“Report”un Gürcüstan bürosunun müxbiri Vəfadar Eminovun doğulub boya-başa çatdığı evə baş çəkib, qardaşı Etibar Eminov və digər yaxınları ilə şəhidin ömür yolu və şəhidlik tarixçəsi barədə söhbət edib.

Qara xəbərin gəlişi

Evə daxil olan kimi divardakı fotoşəkildən Vəfadar Eminov boylanır. Qonaq otağında da şəhidin fotoşəkli vurulub. Söhbət zamanı məlum olur ki, şəhidin fotoşəkli evin hər bir otağında asılıb.

30 il bündan öncə baş vermiş faciəni xatırlamaq şəhidin doğmaları üçün çox ağırdır. E.Eminov kiçik qardaşı haqqında danışmağa başlayan kimi gözləri dolur, səsi əsir. O xatırlayır ki, qara xəbəri ailəyə çatdıranlar Vəfadarın yaralandığını bildirirlər. Təcili Qazax rayonuna yollanıb və mərkəzi poçtdan Bakıya zəng edirlər. Telefon xəttinin o biri başından “Vəfadar həyatdan köçüb” sədası eşidilir...

E.Eminov Vəfadarın gənc yaşında həyata vida etməsinin onlar üçün ağır dərd olduğunu deyir: “30 il keçsə də, dərdimiz, acımız, kədərimiz azalmır. Sağalmaz yaradır. Ata və anam – Osman kişi və Tamara ana Vəfadarın itkisi ilə hec cür barışa bilmirdilər, ömürlərinin sonuna qədər dərin hüzn içində idilər... Allah heç bir ata-anaya övlad, bacıya qardaş, qardaşa bacı itkisi nəsib etməsin”.

Etibar atası ilə 1990-cı ilin yanvarın 24-də qatarla Bakıya yola düşür. Şəhid qardaşı xatırlayır: “Bakıya qar yağmışdı. Fövqəladə vəziyyət idi. Dəmir yolu vağzalından o zamankı Lenin, indiki Azadlıq meydanına getmək üçün avtomobil tapa bilmirdik. Bir nəfər maşınla bizi aparmağa razı oldu. Vəziyyəti ona danışmışdıq. O, bizdən pul da almadı”.

“Ölmək istəmirəm”

Vəfadar 20 Yanvar qətliamından sonra olduqca sarsılmışdı. O, xalqın başına gətirilən böyük faciəni öz faciəsi kimi qəbul etmişdi. Vəfadar qanlı gecə qurbanlarının cəsədlərinin məscidə daşınmasında, xiyabanda qəbirlərin qazılmasında xeyli kömək etmişdir.

O, neçə-neçə yaralıya qan verib onları həyata qaytarmışdı. Yanvarın 23-də o zamankı Mövsüm Qədirli adına Mərkəzi Kliniki Xəstəxanaya növbəti dəfə qan verməyə tələsir. Xəstəxanadan çıxanda keçmiş “Olimp” mağazasının yaxınlığında snayper gülləsi ilə vurulur. Şahidlərin sözlərinə görə, yaxınlıqda olanlar Vəfadara “oradan getmə” deyiblər. Vəfadar isə onları dinləməyib... Sonradan Vəfadarın vurulduğu yerdə xatirə bulağı da qoyulub.

Yaralı gənc “Volqa” maşını ilə xəstəxanaya çatdırılır. Xəstəxanada onu görənlər “Bu ki bayaq qan verən oğlandır” deyirlər. Vəfadarın son sözü bu olub: “Ölmək istəmirəm”. Güllə qaraciyərinə dəymişdi, xeyli qan itirmişdi. Vəfadar neçə yaralıya qan verib yaşatmışdı, lakin özü isə yaşaya bilmədi. Cərrah Vəfadarın ölümünü özünə heç vaxt bağışlamayacağını bildirib, çünki gənc ölmək istəmədiyini demişdi.

Prokuror olmaq istəyirdi

V.Eminov 1988-ci ildə Bakı Dövlət Universitetinin (BDU) Hüquq fakültəsinə qəbul olmuşdu. Bir il hazırlıqda oxuyandan sonra I kurs tələbəsi adını qazanmışdı. O zamanlar bu fakültəyə qəbul olmaq çox çətin idi. Vəfadar isə savadı, çalışqanlığı və zəkası hesabına buna nail ola bilmişdi. O, həmin illərdə Marneuli rayonundan BDU-nun Hüquq fakültəsinə daxil olan yeganə tələbə idi.

Etibar müəllim Vəfadarın nakam qalan arzularından da söz açır: “Prokuror olmaq istəyirdi. Sessiyanı başa vurandan sonra Kirəc-Muğanlıya qayıtmalı idi... Uşaqlıqdan mərd və qorxmaz, köməksevər, istiqanlı, mərhəmətli idi. Mən ürəyiyumşağam, Vəfadar məndən də üstün idi”.

Şəhid qardaşı Vəfadar Eminova həsr olunan, 1997-ci ildə işıq üzü görən “Ömrə bağışlanan ömür” kitabını vərəqləyib nəşrdə yer alan fotoşəkilləri göstərir.

Vəfadarın plaşının cibindən pasportu, “Qarabağ” siqareti, tələbə bileti, qiymət kitabçası və qana boyanmış “Azadlıq” qəzeti çıxır. Etibar müəllim qardaşının heç vaxt siqaret çəkmədiyini deyir. Görünür, Vəfadar Bakıdakı qanlı olaylar səbəbindən fikirdən siqaret çəkməyə başlamışdı.

“Sənin şəhid adınla fəxr edirik”

Söhbətə Bakıdan Vəfadarın bacısı Gülnarə Musayeva da video zənglə qoşulur. Ağır günləri yada salıb danışmağa çalışır, lakin gözləri dolur, dili söz tutmur. Gülnarə müəllimə qardaş itkisinin dözülməz ağrı-acısını bu sözlər ilə ifadə edir:

“Sən həyatımın ən hüznlü, ağrılı və qaranlıq səhifəsi, ölçüyəgəlməz kədərisən. Mən qocaldım, sənsə xatirələrimdə həmişə gənc qaldın. Sənin ölməz ruhun və işıqlı xatirən qəlbimi həmişə göynədəcək. Hüquq fakültəsində hələ təhsilini bitirməmiş öz qanınla millətinin hüquqlarını qorumağa çalışdın, canını Vətəninə fəda etdin. Gözümün nuru qardaşım, vaxtsız gedişinlə dünyamızı qaranlığa bürüsən də, çiyinlərimizə çəkilməz qəm yükü qoysan da, biz sənin şəhid adınla və məzarın üstünə qoyulan qucaq-qucaq çiçəklərinlə fəxr edirik”.

Şəhidin əziz xatirəsi

Vəfadar Eminovun bacısı oğlu Ramin Musayev dayısının altı yaşında itirdiyindən onunla bağlı xatirələrinin çox az olduğunu bildirir. Ramin məktəb yaşlarında Şəhidlər Xiyabanında dayısının məzarını ziyarət etdiyini xatırlayır. Ziyarət zamanı dayısının fotoşəklini tutduğunu və öndə getdiyini yada salır.

Söhbət zamanı R.Musayev dayısının doğulduğu kənddə onun adının əbədiləşdirilməsini arzuladıqlarını dilə gətirir. Bunun üçün aidiyyəti qurumlar kənddə anım məkanı üçün torpaq sahəsi ayırsalar, Eminovlar ailəsi orada Vəfadarın adına xatirə abidəsi və anım tədbirləri üçün bir zal yaratmağı öz üzərilərinə götürməyə hazır olduqlarını bildiriblər.

20 Yanvar hadisələrinin 30-cu idönümü ilə əlaqədar Azərbaycanın Gürcüstandakı səfiri Dursun Həsənov, səfirliyin əməkdaşları, ziyalılar Vəfadar Eminovun yaxınlarına baş çəkiblər. Səfirlik adından şəhid ailəsinə ərzaq sovqatı təqdim olunub. Görüşdə şəhidin əziz xatirəsi yad edilib və qısa, lakin şərəfli ömür yoluna nəzər salınıb.

Eminovlar ailəsində bir Vəfadar da var

Etibar müəllim 1991-ci ildə doğulan ikinci oğluna şəhid qardaşının adını qoyur. Vəfadar Eminov kiçik yaşlarından əmisinin şəhid olması barədə nənə-babasından öyrənir. Vəfadar Osman baba və Tamara nənənin ən əziz və sevimli nəvəsi olur. Ömürlərinin sonuna qədər övlad dağı çəkən ata-ana nəvələri Vəfadar ilə az da olsa təsəlli tapa bilirlər.

Vəfadar Eminov əmisinin adını daşımasından qürur duyduğunu deyir. O, şəhid Vəfadar Eminovun adına layiq oğul olmağa çalışdığını bildirir.  

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi