Yuxarı
    Bağlamaq

    Rusiyada yeni Azərbaycan diaspor təşkilatının yaradılacağı tarix məlum olub - EKSKLÜZİV

    Yeni təşkilatın adı və Nizamnaməsi hələ müzakirə olunur və yekun qərar Rusiya Azərbaycanlıları Qurultayında qəbul ediləcək

    Moskva. 27 noyabr. REPORT.AZ/ Azərbaycanın Rusiyadakı yeni diaspor təşkilatının təsis qurultayı gələn ilin fevral ayında keçiriləcək.

    Bu barədə "Report" Rusiya bürosuna Ümumrusiya Azərbaycan Konqresinin (ÜAK) prezidenti, akademik Fazil Qurbanov bildirib.

    Onun sözlərinə görə, yeni təşkilatın yaradılması barədə qərar artıq qəbul edilib.

    "ÜAK-ın ləğv edilməsi Azərbaycan icmasına ciddi zərbə oldu. Rusiya Ali Məhkəməsi qərarını təşkilatın fəaliyyətindəki - Nizamnamə, qurultayların keçirilmə vaxtı və s. kimi kobud pozuntularla əsaslandırdı. Bu gün bu səhvləri düzəltmək və yeni, layiqli təşkilat yaratmaq imkanımız var", - F.Qurbanov deyib.

    Onun sözlərinə görə, yeni təşkilatın adı və Nizamnaməsi hələ müzakirə olunur və bu barədə yekun qərar Rusiya Azərbaycanlıları Qurultayında qəbul ediləcək.

    "Hesab edirəm ki, tələsməməliyik. ÜAK-ın əvvəlki rəhbərliyinin səhvlərini nəzərə almalı, Rusiyadakı bütün Azərbaycan icmalarının rəhbərlərinin həmrəyliyinə nail olmalı, qurultaya ciddi hazırlaşmalıyıq. Rusiyada dekabr və yanvar ayları Yeni il bayramları ilə əlaqədar "yarımçıq" olur. Ona görə də yeni təşkilatın təsis qurultayı, çox güman, 2018-ci ilin fevral ayında keçiriləcək", - o vurğulayıb.

    F.Qurbanov həmçinin bildirib ki, Azərbaycanın Diasporla İş üzrə Dövlət Komitəsi yaşananlardan xəbərdardır və bütün bu müddət ərzində ÜAK və Rusiya azərbaycanlılarını dəstəkləyib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi