Yuxarı

​Rusiyada 416-cı Azərbaycan diviziyasının döyüş yoluna dair film nümayiş olunacaq

Tədbirdə veteranlar, rəsmi şəxslər və ictimaiyyət nümayəndələri iştirak edəcək

Bakı. 4 may. REPORT.AZ/ Ümumrusiya Azərbaycanlıları Konqresinin Nijnı Novqorod regional şöbəsi mayın 5-də Böyük Qələbənin 70 illik yubileyi münasibəti ilə "Biz Böyük Qələbənin varisləriyik" Ümumrusiya aksiyası çərçivəsində bayram tədbiri təşkil edəcək.

"Report" xəbər verir ki, bu barədə Nijnı Novqorod Administrasiyasının mətbuat xidməti məlumat yayıb.

Tədbirdə veteranlar, rəsmi şəxslər, ictimaiyyət nümayəndələri və Moskvadan qonaqlar iştirak edəcəklər.

Tamaşaçıların diqqətinə 416-cı Azərbaycan diviziyasının keçdiyi şanlı döyüş yoluna həsr olunmuş film təqdim olunacaq. Həmçinin Böyük Vətən Müharibəsi illərində göstərdiyi qəhrəmanlıqlara görə Sovet İttifaqı Qəhrəmanı adına layiq görülən azərbaycanlılara həsr olunmuş kataloqun təqdimatı baş tutacaq. Tədbir mədəni proqram ilə başa çatacaq.

Xatırladaq ki, Böyük Vətən müharibəsində hər beş azərbaycanlıdan biri əlində silah mübarizə aparıb: əhalisi 3,4 milyon olan zaman (1941-ci il) təqribən 700 min nəfər cəbhəyə yollanıb (Onların 10 min nəfərdən çoxu qadın olub). 300 min azərbaycanlı hərbçi döyüş meydanlarında həlak olub, 50 min nəfər əsir düşüb.

Hərbi şücaət və qəhrəmanlıqlarına görə, 400 mindən çox azərbaycanlı hərbi orden və medallarla təltif edilib, 128 həmyerlimiz, eləcə də, Həzi Aslonov iki dəfə olmaqla Sovet İttifaqı Qəhrəmanı adına layiq görülüb.

Azərbaycan ərazisində 87 batalyon, 1123 özünümüdafiə dəstələri yaradılıb, 77, 223, 396, 402 və 416-cı milli atıcı diviziyaları formalaşdırılıb. Onlar Qafqazdan Baltikyanıya, Şərqi Avropadan Berlinə qədər gedən döyüşlərdə iştirak ediblər. 2 may 1945-ci ilin səhəri hərbçilər Məmmədov, Əhmədzadə, Berejnoy və Andreyev leytenant Məcidovun rəhbərliyi altında Brandenburq qapıları üzərinə qələbə bayrağı sancıblar.

Azərbaycan müharibə illərində cəbhəyə əsas neft və neft məhsulları tədarükçüsü olub: SSRİ-nin yanacağa olan tələbatının 80 faizə qədərini Azərbaycan neftçiləri təmin ediblər. Bakı nefti faşizm üzərində qələbədə mühüm amillərdən biri olub.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi