Rusiya azərbaycanlıları cəbhədə baş verənlərlə bağlı bəyanat yayıb

Rusiya azərbaycanlıları cəbhədə baş verənlərlə bağlı bəyanat yayıb “Azərbaycan torpaqlarının azad olunmasının kökündə regionda sabitliyin bəqrərar olunması dayanır”
Diaspor
4 Aprel , 2016 10:21
Rusiya azərbaycanlıları cəbhədə baş verənlərlə bağlı bəyanat yayıb

Bakı. 4 aprel. REPORT.AZ/ Ümumrusiya Azərbaycan Konqresi Azərbaycanın Dağlıq Qarabağ regionundakı vəziyyətlə bağlı bəyanat yayıb.

“Report”a Diasporla İş üzrə Dövlət Komitəsinin (DİDK) mətbuat xidmətindən bildirilib.

Bəyanatda bildirilir ki, Ümumrusiya Azərbaycan Konqresi bütün Azərbaycan xalqı kimi Ermənistanın Azərbaycana qarşı törətdiyi hərbi təxribatlarla bağlı narahatlıq keçirir.

“Münaqişənin həllindən ötrü üçüncü tərəflərin iştirakı ilə sülh danışıqları ilə bağlı bütün cəhdlərə, BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsinə və digər beynəlxalq təşkilatların Ermənistanın işğalçı ordusunun Azərbaycan ərazisindən çıxarılmasını tələb edən sənədlərin olmasına baxmayaraq vəziyyət dəyişilməz olaraq qalır. Azərbaycan torpaqlarının 20 faizi işğal altındadır. Bir milyondan çox azərbaycanlı doğma yurdlarını tərk etmək məcburiyyətində qalıb” -  bəyanatda bildirilir.

Bəyanatda vurğulanır ki, Dağlıq Qarabağda döyüşlərin yenidən başlanması tamamilə Ermənistan tərəfindən törədilmiş təxribatdır. “Bu situasiya uzun müddət davam edə bilməz. Biz ümid edirik ki, erməni xalqı və Ermənistan rəhbərliyi qonşu dövlətlərə qarşı aqressiv siyasətdən imtina edəcək. Azərbaycan torpaqlarının azad olunmasının kökündə regionda sabitliyin bəqrərar olunması dayanır”- deyə bəyanatda bildirilir.

Ümumrusiya Azərbaycan Konqresi hərbi təxribatlar zamanı düşmənlə döyüşdə həlak olanların ailələrinə başsağlığı verib və bildirib ki, Rusiya azərbaycanlıları Azərbaycan Prezidentinin işğal altındakı Azərbaycan torpaqlarını azad etməsi ilə bağlı bütün qərarlarını dəstəkləyəcək. 

Son xəbərlər

Orphus sistemi