Yuxarı

Rövşən Tağıyev: "Azərbaycan gəncləri Ukraynanın ictimai-siyasi həyatında fəal iştirak edirlər"

Ötən il Azərbaycan gənclərinin xaricdəki fəallığının artması ilə xarakterizə olunur

Bakı. 3 iyun. REPORT.AZ/ "Azərbaycan diasporunun işinin canlanması son 4 ildə müşahidə edilir. Xüsusilə 2015-ci il Azərbaycan gənclərinin xaricdəki fəallığının artması ilə xarakterizə olunur".

Bunu "Report"a Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin sədri Rövşən Tağıyev deyib.

Onun sözlərinə görə, Azərbaycan gəncləri, regional konqreslərin rəhbərləri Ukraynanın ictimai-siyasi həyatında fəal iştirak edirlər.

R.Tağıyev vurğulayıb ki, bundan başqa, Azərbaycan diasporunun Ukraynadakı üzvləri daim Ukrayna ictimaiyyətinin diqqətinə Dağlıq Qarabağdakı vəziyyət haqqında obyektiv məlumatlar çatdırırlar: "Biz ardıcıl hərəkətlər edərək, düşünürük ki, işlərimiz zamanı nə qədər çox dost qazansaq, Azərbaycan diasporunun işi bir o qədər artan xətlə inkişaf edər".

Ukraynanın Lvov şəhərində kunq fu və uşu üzrə keçirilən Avropa çempionatında Azərbaycan və Ermənistan idmançıları, məşqçiləri, eləcə də döyüşü izləyənlər arasında dava düşməsi məsələsindan danışan R.Tağıyev münaqişənin ermənilərin qondarma "Dağlıq Qarabağ Respublikası" separatçılarının bayrağını qaldırmasından sonra yarandığını xatırladıb: "Məlumdur ki, heç bir "Artsax" yoxdur. Əgər Qarabağın bayrağı qaldırılacaqsa, bu, Azərbaycanın üçrəngli bayrağı olmalıdır. Bu hadisədən bir neçə gün sonra erməni əsilli şəxslər tərəfindən azərbaycanlılara qarşı qəsdən hücum edildi və bu, Ukrayna ictimaiyyəti arasında geniş əks-səda və narahatlıq doğurdu. Ukraynanın şərqindəki vəziyyət nəzərə alaraq, bu münaqişənin etnik qarşıdurma kimi təqdim edilməsinə imkan verə bilməzdik. Burada biz balanslaşdırılmış siyasət seçdik. Ukraynanın müvafiq qurumlarına müraciət etdik və münaqişəni lokallaşdıra bildik. Ermənistan diasporunun liderləri bizdən üzr istədilər".

Donbasda Azərbaycan diasporunun üzvlərinə qarşı törədilmiş cinayətlərlə bağlı cinayət işinin gedişatı məsələsini şərh edən Ukrayna Azərbaycanlıları Konqresinin sədri, ümumiyyətlə, Ukraynada inqilabdan, Daxili İşlər Nazirliyində islahatlardan sonra cinayət işlərinin üstünün açılması səviyyəsinin bir neçə dəfə aşağı düşdüyünü diqqətə çatdırıb. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi