Paris şəhərində Novruz bayramı qeyd olunub - FOTO

Paris şəhərində Novruz bayramı qeyd olunub - FOTO Yumurta döyüşü, papaqatma və digər Novruz adətləri yerli sakinlərin marağına səbəb olub
Diaspor
26 Mart , 2018 06:22
Paris şəhərində Novruz bayramı qeyd olunub - FOTO
Report

Paris. 26 mart. REPORT.AZ/ Paris şəhərində fəaliyyət göstərən Azərbaycan məktəbinin şagirdlərinin ifasında Novruz bayramına həsr edilmiş şənlik keçirilib.

“Report”un Qərbi Avropa bürosu məlumat verir ki, Fransadakı Azərbaycan səfirliyinin dəstəyi, Paris Azərbaycan Evinin təşkilatçılığı ilə Azərbaycanın Mədəniyyət Mərkəzində baş tutan tədbirdə azərbaycanlı uşaqlar bayram musiqiləri ifa edib, Novruz bayramının ənənələrini əks etdirən səhnəciklər oynayıblar.

Uşaqlar arasında yumurta döyüşü, papaqatma və digər Novruz adətləri fransalı qonaqların böyük marağına səbəb olub.

Paris Azərbaycan Evinin prezidenti, Azərbaycan məktəbinin direktoru Mirvari Fətəliyeva “Report”un yerli bürosuna bildirib ki, azərbaycanlı uşaqların iştitakı ilə belə tədbirlərin keçirilməsi Fransada yaşayan azərbaycanlılar arasında milli adət-ənənələrimizin qorunması və gələcək nəsillərə çatdırılması məqsədilə böyük əhəmiyyət kəsb edir:

"Artıq 4 ildən çoxdur ki, fəaliyyət göstərən Azərbaycan məktəbində uşaqlarımıza zəngin milli irsimiz aşılanır, tarixi qəhrəmanlarımız, şəhidlərimiz, dünya ədəbi irsində öz dəsti-xətti olan mütəfikkir şairlərimiz, yazıçılarımız haqqında məlumat verilir, ana dilimiz tədris edilir. Şagirdlərimiz nəzəri bilik toplamaqla yanaşı, milli bayramlarımıza, milli musiqilərimizə, teatr səhnəciklərinin təşkilinə böyük maraq göstərir və yüksək fəallıq nümayiş etdirirlər".

Rəssam Mehri Quliyeva və Ruziyyə Şabanovanın Novruz adət-ənənələrinə həsr edilmiş rəsm əsərləri və azərbaycanlı fotoqrafların fotolarından ibarət sərgi qonaqlar tərəfindən böyük maraqla qarşılanıb.

Tədbir zamanı fransalı qonaqlara Novruz bayramının atributları haqqında məlumat verilib, şəkərburanın bəzədilməsi və digər milli şirniyyatlarımızın hazırlanması qaydaları nümayiş etdirilib, onlar Novruz sovqatlarına qonaq ediliblər.

Son xəbərlər

Orphus sistemi