Yuxarı

Otuza yaxın ölkədən soydaşlarımızın Berlində görüşü - FOTO

Otuza yaxın ölkədən soydaşlarımızın Berlində görüşü

Almaniyanın paytaxtı Berlində dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlılarla görüş keçirilib.

Diasporla İş üzrə Dövlət Komitəsindən “Report”a verilən məlumata görə, tədbirdə komitənin sədri Fuad Muradov, Azərbaycanın Almaniyadakı səfiri Ramin Həsənov, dünyanın 30-a yaxın ölkəsindən Berlinə gələn soydaşlarımız, Azərbaycan evlərinin və "Qarabağ" Azərbaycan məktəblərinin rəhbərləri iştirak ediblər.

Görüşdə çıxış edən komitə sədri rəhbərlik etdiyi qurumun fəaliyyəti, son illər diaspor təşkilatlarının yüksək səviyyədə təşkilatlanması baxımından həyata keçirilən çoxsaylı layihələr, xaricdəki həftəsonu Azərbaycan məktəblərinin "Azərbaycan dili" dərsliyi ilə təmin olunması və s. barədə danışıb.

Səfir diasporumuzun Ümumavropa Qarabağ mitinqində iştirakını yüksək qiymətləndirib. Qeyd edilib ki, diaspor təşkilatları xeyli güclənib və inkişaf edib. Görülən işlərin soydaşlarımızın birləşməsində, koordinasiya olunmasında, ümumiyyətlə, fəallığının artırılmasında rolu, Azərbaycanın mövqeyinin möhkəmlənməsi, Qarabağ probleminin dünya ictimaiyyətinə çatdırılması istiqamətində həmvətənlərimizin ardıcıl və yorulmaz fəaliyyət göstərdikləri nəzərə çatdırılıb.

Görüşdə çıxış edən təşkilat rəhbərləri və üzvləri bütün dünyada diaspor hərəkatının güclənməsi naminə görülən işləri təqdir etdiklərini bildiriblər. Müxtəlif ölkələrdə açılan Azərbaycan evlərinin və həftəsonu məktəblərinin, diaspor təşkilatlarının təşəbbüsü və Almaniya Azərbaycan Alyansının təşkilatçılığı ilə keçirilən Ümumavropa Qarabağ mitinqinin əhəmiyyətindan danışılıb. Bu cür tədbirlərin dünya azərbaycanlılarının səsinin beynəlxalq təşkilatlara çatdırılması, diaspor təşkilatlarının birliyinin daha da artırılması, soydaşlarımızı ruhlandırılması baxımından önəmli olduğu vurğulanıb. Belə təşəbbüslərin intensivləşdirilməsi, əhatə dairəsinin genişləndirilməsi, Qarabağla bağlı məlumatların çatdırılması, tədbirlərin keçirilməsi baxımından beynəlxalq standartlara uyğun, dünya ictimaiyyətinin qəbul edəcəyi yeni formatlara üstünlük verilməsi kimi təkliflər irəli sürülüb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi