Yuxarı
    Bağlamaq

    Rusiyada tələbələrə “Azad Mirzəcanzadə təqaüdü” təsis edilə bilər - VİDEO

    Moskva. 19 dekabr. REPORT.AZ/ Rusiyanın paytaxtı Moskva şəhərində “Rusiya Azərbaycan. Qlobal neft sahəsinin inkişafı” adlı beynəlxalq konfrans keçirilib.

    “Report”un Rusiya bürosunun məlumatına görə, Rusiya İmperiyasında ilk neft kəməri olan “Balaxanı - Qara Şəhər” neft kəmərinin istifadəyə verilməsinin 140 illiyinə və akademik Azad Mirzəcanzadənin 90 illik yubileyinə həsr olunan konfrans İ.M.Qubkina adına Rusiya Dövlət Neft və Qaz Universiteti, Beynəlxalq Şuxov Fondu, Mühəndislər İctimai Palatası və Azərbaycanlıların Milli Mədəni Muxtariyyəti tərəfindən təşkil olunub.

    Konfransda çıxış edən universitetin rektoru Viktor Martınov bildirib ki, ilk neft kəmərinin istifadəsindən 140 il keçməsinə baxmayaraq, bu gün də Rusiyada neft istehsalının Bakıdan başlamasını rusiyalılar xatırlayır. N.Martınov neft sahəsinin həm Azərbaycan, həm də Rusiya üçün iqtisadiyyatın aparıcı sahəsi olduğunu qeyd edərək Rusiya ilə Azərbaycan arasında inkişafın neft sektorunda da artdığını xatırladıb: “Biz bu sahədə iki ölkə arasında inkişafın artmasına köməklik etməliyik, yeni texnologiya baxımından bir birimizdən xəbərdar olmalıyıq”.

    Konfransda çıxış edən Azərbaycanın Rusiyadakı səfir Polad Bülbüloğlu Rusiya və Azərbaycan arasında neft sahəsində əlaqələrin daimi olduğunu qeyd edərək II Dünya müharibəsində Azərbaycan neftinin töhfəsindən danışıb. O qeyd edib ki, məhz Azərbaycan neftçilərinin əməyi sayəsində sovet texnikası hərəkət edirdi. Akademik Azad Mirzəcanzadə haqqında da xatirələrini konfrans iştirakçıları ilə bölüşən səfir alimin həmişə xalqını və dövlətini düşündüyünü bildirib. P.Bülbüloğlu universitetdə A.Mirzacanzadə adına Auditoriyanın yaradılması ideyasını yüksək qiymətləndirərək Azərbaycan tərəfinin də buna yardım edəcəyini və tələbələr üçün Azad Mirzəcanzadə təqaüdünün ayrılması baxımından danışıqlar aparacağını bildirib. Tədbirdə çıxış edən TRANSNEFT şirkətinin departament rəhbəri Qeorqiy Qusenkov, Mühəndislər Palatasının prezidenti İqor Merşin, Müstəqil Dövlətlər Birliyində İqtisadi şöbənin müdir müavini Ələddin Quli-zadə, Rusiya Federasiyasında Azərbaycan İcmasının rəhbəri Fazil Qurbanov və digərləri iki ölkə arasında münasibətlərin inkişafı, azərbaycanlı mühəndislərin Rusiyanın neft sektorunun yaranmasında və yüksəlişində rolu, tanınmış xadimlərin gənclərə təbliği və əhəmiyyətli tarixlərin qeyd olunması mövzusunda fikirlərini bildiriblər. Konfrans sessiyalar şəklində davam etdirilib.

    İqbal Rüstəmov

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi