Yuxarı

Misirdə Heydər Əliyevin anım mərasimi keçirilib

“Azərbaycanın bu günü və sabahı” mövzusunda konfrans təşkil edib

Bakı. 12  dekabr. REPORT.AZ/ Azərbaycanın Misirdəki səfirliyi Qahirə Universitetinin iqtisadiyyat və siyasi elmlər fakültəsində ulu öndər Heydər Əliyevin xatirəsinin anım gününə həsr olunan “Azərbaycanın bu günü və sabahı” mövzusunda konfrans təşkil edib. "Report" xəbər verir ki, səfir Şahin Abdullayev konfransda çıxış edərək ümummilli lider Heydər Əliyevin həyatı, siyasi fəaliyyəti ilə bağlı məlumat verib. O, 1994-cü ildə Heydər Əliyevin Misirə səfəri ilə ölkə arasında ənənəvi dostluq əlaqələrinin möhkəmləndiyini söyləyib.

Səfir 1982-ci ildə Heydər Əliyevin SSRİ Nazirlər Soveti sədrinin birinci müavini olduğu dövrdə onun ərəb ölkələri ilə əməkdaşlıq məsələsinə böyük önəm verdiyini qeyd edib. O, Heydər Əliyevin Yaxın Şərq problemlərinin həllinə dəstək verdiyini, hətta nümayiş etdirdiyi ədalətli mövqe ilə Sovet İttifaqının xarici siyasətinə təsir etdiyini vurğulayıb.

Azərbaycanın ötən əsrin 90-cı illərinin əvvəllərində çox çətin vəziyyətdə olduğunu deyən səfir bir tərəfdən Ermənistanın Azərbaycana qarşı təcavüzkar siyasəti, torpaqlarımızın 20 faizinin işğal edilməsi, digər tərəfdən, sovet iqtisadi quruluşunun dağılması ilə ölkənin iqtisadi böhran yaşaması və xarici təzyiqlərə məruz qalması barədə məlumat verib. 1993-cü ildə Azərbaycanı bu böhrandan çıxarmaq üçün xalqın tələbi ilə Heydər Əliyevin hakimiyyətə gəldiyini və onun müdrik siyasəti ilə ölkəni parlaq gələcəyə doğru apardığını, qısa zamanda dövlətin əsaslarını gücləndirdiyini, siyasi, iqtisadi və sosial islahatlar apardığını diqqətə çatdırıb.

Misir-Azərbaycan Dostluq Cəmiyyətinin sədri, sabiq xarici işlər naziri Məhəmməd Orabi Heydər Əliyevin siyasi fəaliyyəti barədə söhbət açıb. O, Azərbaycan iqtisadiyyatının dinamik şəkildə inkişaf etdiyini, valyuta ehtiyatlarının 53 milyard dolları keçdiyini, yoxsulluq səviyyəsinin səkkiz il ərzində 49 faizdən 5 faizə endiyini bildirib.

Misirin keçmiş sənaye naziri İbrahim Fovzi Azərbaycanın müstəqilliyini bərpa etdikdən sonra yaşadığı çətin zamanları xatırlayaraq, Heydər Əliyevin hakimiyyətə gəlməsi ilə ölkənin tarixi və dini bağlılığı olan ərəb və müsəlman dünyası ilə əlaqələrinin inkişaf etdirilməsinə xüsusi önəm verdiyini qeyd edib. O, ulu öndərin, eyni zamanda siyasi və iqtisadi islahatlar apararaq, Azərbaycanın Avropa dövlətləri ilə təmaslar qurduğunu, ölkədə yeni neft və qaz yataqlarının aşkar edildiyini, beynəlxalq neft və qaz şirkətləri ilə əməkdaşlıq edərək, əldə olunan gəlirlərin qeyri-neft sektorunun inkişafına yönəldildiyini bildirib.

Orta Asiya və Qafqaz məsələləri üzrə mütəxəssis, tanınmış jurnalist və tədqiqatçı Əhməd Tarabek Azərbaycanın Misirdəki səfirliyinin dəstəyi ilə çap olunmuş “Qarabağ Qafqazda sülhün yoludur” adlı kitabından söz açıb, Azərbaycanın əsas problemi olan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı reallıqları iştirakçıların diqqətinə çatdırıb. O, Heydər Əliyevin siyasi fəaliyyəti nəticəsində Ermənistanla atəşkəsin əldə edildiyini və Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı danışıqlar prosesinin başlanıldığını vurğulayıb.

Tədbirdə ulu öndər Heydər Əliyevin həyat və fəaliyyəti ilə bağlı məlumatları, həmçinin Azərbaycanın son illər əldə etdiyi nailiyyətləri əks etdirən videoçarxlar nümayiş olunub. Azərbaycan reallıqlarını əks etdirən və səfirliyin dəstəyi ilə çap olunan kitablar iştirakçılara və tələbələrə paylanıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi