Yuxarı
    Bağlamaq

    Marneulinin meri: “Gürcüstanda yaşayan azərbaycanlılar regional inkişaf layihələrindən maksimum faydalanacaqlar”

    Azərbaycanlıların interqasiyası və onların yaşadıqları bölgələrin sosial-iqtisadi inkişafı da diqqət mərkəzində olacaq

    Tbilisi. 4 noyabr. REPORT.AZ/ "Artıq 25 ildir ki, Gürcüstan müstəqilliyini bərpa edib. Bu illər ərzində dövlət müstəqilliyimiz daha da möhkəmlənib. Gürcüstanın inkişafında milli azlıqlar, xüsusən də azərbaycanlılar mühüm rol oynayıblar”.

    Bu sözləri “Report”un Gürcüstan bürosuna müsahibəsində bu ilin oktyabrında keçirilmiş seçkilərdə Marneuli rayonunun meri seçilmiş Teymur Abasov söyləyib.

    T.Abasov deyib ki, Gürcüstanda yaşayan milli azlıqlar, o cümlədən də azərbaycanlılar bu ölkənin konstitusiyası ilə bütün hüquqlara malikdirlər: "Lakin, təəssüf ki, Gürcüstana, eləcə də bölgələrə rəhbərlik edən şəxslər onların hüquqlarını yetərincə qorumayıblar. Üzvü olduğum “Gürcü arzusu - demokratik Gürcüstan” partiyası hakimiyyətə gəldikdən sonra milli azlıqların hüquqlarının qorunması, cəmiyyətə və Avropaya inteqrasiyası istiqamətində mühüm işlər görülüb. Azərbaycanlılar say etibarı ilə Gürcüstanda gürcülərdən sonra ikinci yerdədirlər. Bu gün Gürcüstan Parlamentində 4 deputatla təmsil olunur. Kvemo Kartli-Borçalı bölgəsi qubernatorunun müavini azərbaycanlıdır. Bu il ilk dəfə olaraq azərbaycanlı Marneuli rayonunun rəhbəri seçilib. Bu bir daha göstərir ki, bizim partiya və hökumət milli azlıqların inteqrasiyasına xüsusi diqqət yetirir".

    Azərbaycanlı gənclərin təhsil və işlə təminatı problemlərinə toxunan T.Abbasov deyib: “Gürcüstanda yeni təhsil proqramı tətbiq olunur. Azərbaycanlılar da bu proqramdan yararlanırlar. Gürcü dilini mükəmməl bilən azərbaycanlılara ehtiyac var. Əfsuslar olsun ki, nə əvvəlki hakimiyyət, nə də azərbaycanlı ailələr uşaq və gənclərimizin ana dilləri ilə yanaşı dövlət dilini də öyrənmələrinə diqqət yetirməyiblər. Lakin indiki iqtidar bütün gənclərin xalqının, dövlətinin tarixi ilə yanaşı, dil və digər fənlər üzrə mükəmməl təhsil almalarına xüsusi diqqət yetirir. Gənclər üçün xüsusi təhsil proqramları tətbiq olunur və azərbaycanlılar da bu proqramdan istifadə edirlər”.

    Azərbaycanlıların interqasiyası və onların yaşadıqları bölgələrin sosial-iqtisadi inkişafı da diqqət mərkəzində olacaq.

    “Azərbaycanlılar ölkə iqtisadiyyatının, xüsusən də kənd təsərrüfatının inkişafında böyük rol oynayırlar. Onlar maldarlıq və əkinçilikdə təcrübəyə malikdirlər. Bu gün Gürcüstan hökuməti ölkə iqtisadiyyatının inkişaf etdirilməsi üçün xüsusi proqram və layihələr həyata keçirir. Çalışacağıq ki, azərbaycanlılar da bu layihələrdən maksimum faydalansınlar. Düşünürəm ki, bu yolla biz onların sosial problemlərinin də həllinə köməklik edəcəyik”, - deyə T.Abasov vurğulayıb.

    Yeni mer regional əməkdaşlıq məsələlərinə diqqət yetiriləcəyini vurğulayıb. Bildirib ki, qonşu Azərbaycanın Gürcüstanla sərhəd rayonları ilə sıx əməkdaşlıq var və bu əlaqələr daha da inkişaf etdiriləcək.

    Qeyd edək ki, T.Abasov oktyabrın 21-də Gürcüstanda yerli özünüidarəetmə orqanlarına keçirilən bələdiyyə və mer seçkilərində iştirak edib. O, seçicilərin 70 faizə qədərinin səsini toplayaraq ilk azərbaycanlı olaraq Marneuli rayonunun meri seçilib. 

    T.Abasov hakmiyyətin və xalqın ona göstərdiyi etimadı doğruldacağını, qarşıya qoyulacaq məqsədlərə nail olmaq üçün bütün qüvvələri səfərbər edəcəyini bildirib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi