Litva hökuməti azərbaycanlı diaspor rəhbərini mükafatlandırıb

Litva hökuməti azərbaycanlı diaspor rəhbərini mükafatlandırıb Mahir Həmzəyev Litvada müxtəlif dövlət işləri və ictimai vəzifələrdə çalışıb
Diaspor
19 Dekabr , 2016 13:02
Litva hökuməti azərbaycanlı diaspor rəhbərini mükafatlandırıb

Bakı. 19 dekabr. REPORT.AZ/ Litva hökuməti azərbaycanlı diaspor rəhbərini mükafatlandırıb. 

Bu barədə "Report"a Diasporla İş üzrə Dövlət Komitəsinin (DİDK) mətbuat xidmətindən məlumat verilib. 

Məlumatda bildirilib ki, Litva Azərbaycanlıları Cəmiyyətinin sədri, Litva Milli İcmalar Şurasının üzvü Mahir Həmzəyev çoxillik səmərəli ictimai fəaliyyətinə görə, Litva Milli icmalarının mədəniyyətlərarası dialoqunun genişləndirilməsinə və vətəndaşlıq şüurunun artırılmasına, Litva-Azərbaycan ədəbi, mədəni və tarixi əlaqələrinin inkişaf etdirilməsinə verdiyi mühüm töhfələrə görə, Litva Respublikası Hökuməti yanında Milli Azlıqlar Departamenti tərəfindən mükafatlandırılıb.

1979-cu ildən Vilnüs şəhərində yaşayan və çalışan Mahir Həmzəyev elmi-ədəbi fəaliyyətlə yanaşı, diaspor işi ilə də məşğuldur. 1988-ci ildə Litva Azərbaycanlıları Cəmiyyətini yaradan Mahir Həmzəyev Ermənistan-Azərbaycan, Qarabağ münaqişəsi, Quba soyqırımı və Xocalı qətilamı mövzusunda 1990-2016-cı illərdə Litva, Azərbaycan və Rusiya mediasında işıq üzü görmüş 100-ə yaxın tarixi, analitik, polemik və siyasi-publisistik publikasiyaların müəllifidir.

Litvada müxtəlif dövlət işləri və ictimai vəzifələrdə çalışan M.Həmzəyev 2015-ci ildən Litva Respublikası Hökuməti yanında Litva Milli İcmalar Şurasının üzvü, 2016-cı ilin may ayından isə Seymin Liberal Sayudis Fraksiyasının millətlərarası münasibətlər və dini məsələlər üzrə məsləhətçisidir.

Son xəbərlər

Orphus sistemi