“Əgər koronavirusa yoluxmusunuzsa, həyəcanlanmayın və qorxmayın”.
Bunu “Report”un xüsusi müxbirinə açıqlamasında ABŞ-ın Nyu-York şəhərində yaşayan və koronavirusa yoluxmuş Fatih Yılmaz deyib.
Hazırda ərzaq məhsullarının topdansatış mərkəzində işləyən 30 yaşlı türk infeksiyanın daşıyıcısına necə çevrildiyini bilmir: “Bu günlərdə övladım dünyaya gəldi və mən də üç gün xəstəxanada həyat yoldaşımın yanında qaldım. Bəlkə də, orada koronavirusa yoluxdum. Özümü çox halsız hiss edirdim və hərarətim vardı. Ona görə də təcili tibbi yardıma zəng etdim. Məndən analiz götürüldü və testin nəticəsi pozitiv çıxdı. Ancaq yoluxma yeni baş verdiyindən xəstəxanaya aparmadılar. Evdə müalicə almağı məsləhət gördülər. Əvvəlcə qrip əleyhinə bir neçə dərman qəbul etdim və temperaturum düşdü. Ümumiyyətlə, koronavirusa yoluxduğumu bildikdən sonra özümü tamamilə təcrid etdim və evə qapandım. Artıq 12 gün keçib və səhhətimdə azca irəliləyiş müşahidə olunur”.
F.Yılmaz koronavirusa yoluxduğunu düşünən insanlara ilk öncə sakitləşməyi məsləhət görür: “Sanki çətin imtahana hazırlaşdığınızı hesab edin. Çox çətin dövrdən keçirik. Hər birimiz bu infeksiya ilə mübarizəyə hazır olmalıyıq. Sizə məsləhət görürəm ki, qəti həyəcan keçirməyin. Əgər koronavirusa yoluxmağınızdan şübhələnirsinizsə, ilk öncə soyuqqanlı olmalısınız. Mən bir neçə simptomlarına görə koronavirusa yoluxduğumu anladım. Belə ki, nəfəs almağım çətinləşmişdi və bədənimin hərarəti yüksək idi. Hətta hərarətim gün ərzində bir neçə dəfə qalxıb düşürdü. Ən əsası da halsızlıq və əzələ ağrıları var idi. Sanki bütün bədənim ağrıyırdı. Həkimlər sağalmaq üçün mənə yaxşı qidalanmağı məsləhət gördülər. Mən də məsləhətə qulaq asdım, limon, sarımsaq və zəncəfili ilıq suya qatıb gündə bir neçə dəfə içməyə başladım. Hazırda bu prosesi hələ də davam etdirirəm. Xüsusilə də bol-bol su, çay, alma sirkəsi və C vitamini qəbul edirəm. Həyat yoldaşım belə hazırladığı yeməkləri qidalanmağım üçün qapının qarşısına qoyur. Artıq ağrılarım bir qədər azalıb”.
O, Nyu-Yorkda tanıdığı bir çox insanın koronavirusa yoluxduğunu söyləyib: “Həyat yoldaşımın atası da infeksiyaya yoluxub və xəstəxanadadır. Vəziyyətinin yaxşı olduğunu desə də, ancaq səsi telefonda çox yaxşı gəlmir. Nəfəs almaqda çətinlik çəkir, yaşlı insandır. İnşallah, tezliklə sağalacağına ümid edirik”.
F.Yılmaz bir neçə il öncə Bakıda işlədiyini deyərək Azərbaycandakı dostlarına və həmvətənlərimizə müraciət edib: “Sizləri koronavirusun nə qədər ciddi olduğuna inanmağa çağırıram. Gördüyünüz kimi, yaşlı deyiləm. Ancaq günlərdir bu xəstəliklə mübarizə aparıram. Sanki yenidən doğuluram. Əgər yaxşı qidalanmasam, ölə də bilərəm. Çünki Nyu-Yorkda çox gənc insan koronavirusdan öldü. Əgər yaşamaq istəyirsinizsə, evdən bayıra çıxmayın. Evdə qalın. İnanın kı, bu qrip deyil, ağır xəstəlikdir. Heç nəyə güvənməyin. Bu xəstəlik sizi tez bir zamanda öldürə bilər. Ailənizi və sizi sevənləri düşünün".
Müəllif: Vüsalə Abbasova