Yuxarı

​Kopenhagendə Novruz şənliyi keçirilib

Bayram şənliyində azərbaycanlılarla yanaşı, danimarkalılar, bu ölkədə yaşayan türkdilli xalqların təmsilçiləri də iştirak edib

Bakı. 18 mart. REPORT.AZ/ Danimarkanın paytaxtı Kopenhagendə yaşayan azərbaycanlılar Novruz bayramını qeyd ediblər. Bu barədə "Report"a Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.

Bayram şənliyində azərbaycanlılarla yanaşı, danimarkalılar, bu ölkədə yaşayan türkdilli xalqların təmsilçiləri də iştirak edib. "Vətən" Cəmiyyətinin təşkilatçılığı ilə keçirilən Novruz şənliyində Azərbaycan milli musiqiləri səsləndirilib, rəqslər ifa olunub, səhnəciklər nümayiş etdirilib.

"Vətən" Cəmiyyətinin sədri Səfər Sadiqi bayram tədbirində çıxış edərək Novruz bayramının tarixi haqqında məlumat verib və hamının bayramını təbrik edib. Azərbaycan xalqının hər zaman öz milli-mənəvi dəyərlərinə bağlı olduğunu deyən Səfər Sadiqi adət-ənənələrimizin xaricdəki soydaşlarımız tərəfindən qorunub saxlanmasının və təbliğ olunmasının vacibliyindən danışıb.

Daha sonra qonaqlara əyləncəli konsert proqramı təqdim edilib. Kopenhagendə fəaliyyət göstərən "Cırtdan" uşaq yaradıcılıq qrupunun hazırladığı rəqslər və müxtəlif tamaşalardan səhnəciklər bayram şənliyinə xüsusi rəng qatıb. Aşıq Abbasın ifasında səslənən aşıq musiqiləri, gənclərimizdəki yüksək vətənpərvərlik ruhu isə qonaqları valeh edib.

Tədbirin iştirakçıları arasında Novruz bayramının ən maraqlı əyləncəsi olan yumurta döyüşü yarışı da keçirilib. Bayram tədbirində süfrələrə düzülən Novruz atributları - səməni, paxlava, şəkərbura, qoğal qonaqların marağına səbəb olub.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi