Kiyevdə Xocalı soyqırımı qurbanlarının xatirəsinə konsert-rekviyem keçirilib

Kiyevdə Xocalı soyqırımı qurbanlarının xatirəsinə konsert-rekviyem keçirilib Tədbirdə Azərbaycan və Ukrayna rəssamlarının rəsm və foto əsərlərinin sərgisi təşkil olunub
Diaspor
26 Fevral , 2015 12:54
Kiyevdə Xocalı soyqırımı qurbanlarının xatirəsinə konsert-rekviyem keçirilib

Bakı. 26 fevral. REPORT.AZ/ Azərbaycanın Ukraynadakı səfirliyinin təşkilatçılığı, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) Ukrayna nümayəndəliyinin dəstəyi ilə Kiyevin "Fairmont" mehmanxanasının Atrium salonunda Xocalı faciəsinin 23-cü ildönümünə həsr olunmuş konsert-rekviyem keçirilib.

"Report" Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətinə istinadən xəbər verir ki, tədbirdə Ukrayna Prezidentinin humanitar məsələlər üzrə müşaviri Yuri Boqutskiy, keçmiş xarici işlər naziri Vladimir Oqrızko, Ukrayna Ali Radasının deputatları Roman Nəsirov, Nataliya Veselova, Yaroslav Markeviç və digər rəsmi şəxslər, Gürcüstanın, Küveytin, Əfqanıstanın, Malayziyanın, Moldovanın, Özbəkistanın, Pakistanın, Rumıniyanın, Türkiyənin, Türkmənistanın, Yaponiyanın Ukraynadakı səfirləri, GUAM-ın Baş katibi, bir sıra səfirliklərin diplomatları, ARDNŞ-in Ukrayna nümayəndəliyinin, Ukrayna ictimaiyyətinin, Azərbaycan diaspor təşkilatlarının və KİV nümayəndələri iştirak edib.

Tədbirdə Ermənistanın Azərbaycan torpaqlarında, əsasən də Xocalı şəhərində törətdiyi vəhşiliklər barədə iştirakçılara məlumat verildikdən sonra soyqırımı qurbanlarının xatirəsinə konsert-rekviyem olub. Konsertdə İsrail və ABŞ-ın görkəmli dirijoru, beynəlxalq Qəbələ musiqi festivalının həmtəşkilatçısı Dmitri Yablonskinin dirijorluğu və Azərbaycanın tanınmış tarzəni Şəhriyar İmanovun müşayiəti ilə Ukrayna Dövlət Filarmoniyasının Kiyev orkestrinin ifasında Azərbaycan və dünya bəstəkarlarının əsərləri ifa edilib. Musiqi proqramı çərçivəsində Qara Qarayevin simli orkestr üçün 3-cü simfoniyası, Aleksandr Çaykovskinin “Xocalı” rekviemi, Vaqif Mustafazadənin orkestrlə fortepiano konserti, Fikrət Əmirovun simli orkestr üçün “Nizami xatirəsi” simfoniyası və digər əsərlər səsləndirilib.

Mərasim salonunda Azərbaycan və Ukrayna rəssamlarının rəsm və foto əsərlərinin sərgisi təşkil olunub, səfirlik tərəfindən ingilis və Ukrayna dillərində Xocalı faciəsinə dair məlumatı əks etdirən məcmuələr, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə dair səfirliyin çap etdirdiyi kitablar iştirakçılara paylanıb.

Son xəbərlər

Orphus sistemi