Yuxarı

Gürcüstanın baş naziri ölkənin Azərbaycan Ağsaqqallar Şurasının üzvləri ilə görüşüb

Baş nazirə “Qurani-Kərim” hədiyyə olunub

Tbilisi. 31 mart. REPORT.AZ/ Gürcüstanın baş naziri Gorgi Kvirikaşvili bu ölkədəki Azərbaycan Ağsaqqallar Şurasının üzvləri ilə görüşüb.

Gürcüstan hökuməti dəftərxanasından “Report”a verilən məlumata görə, görüşdə, ölkədə yaşayan milli azlıqların, eləcə də etnik azərbaycanlıların inteqrasiyası, dövlət quruculuğu və dövlətçiliyin möhkəmlənməsindəki, mövcud problemlərin həllindəki rolu və digər məsələlər müzakirə olunub.

Baş nazir Gürcüstanın Avropaya inteqrasiyası və ölkədəki demokratikləşmə prosesi, mövcud problemlər barədə danışıb, azərbaycanlıların bu proseslərdə fəal iştirakının və problemlərin həllində iştirakının vacibliyini qeyd edib.  
Bildirib ki, etnik azərbaycanlılar ölkədə gedən bütün demokratik inkişaf, inteqrasiya və quruculuq işlərində fəal iştirak etməlidirlər.

“Görüşün əsas məqsədi bu və digər məsələləri müzakirə etməkdir”, - deyə, G. Kvirikaşvili vurğulayıb.

Gürcüstan Azərbaycanlı Ağsaqqallar Şurasının sədri İsaq Novruzov bildirib ki, görüşdə, etnik azərbaycanlıların Gürcüstan dövlətinin möhkəmlənməsində, demokratiyanın inkişafında, Avropaya inteqrasiyasında maraqlı olduqları xüsusi qeyd olunub. Bildirilib ki, azərbaycanlılar bu ölkənin əzəli vətəndaşlarıdırlar və xalqlarımız arasındakı dostluq, qardaşlıq əlaqələrin möhkəmlənməsinə çalışırlar.

Gürcüstan hökumətində, parlamentdə, quberniya, icra hakimiyyəti və bələdiyyələrdə azərbaycanlı kadrların təmsil olunmasının vacibliyi vurğulanıb. Baş nazir bu məsələlərin diqqətdə saxlanılacağını və həll olunacağını bildirib.

Baş nazirə “Qurani-Kərim” hədiyyə olunub.

Görüşdə baş nazirin milli azlıqların məsələləri üzrə müşaviri Savalan Mirzəyev iştirak edib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi