Yuxarı

Gürcüstandakı Bakı küçələri və onların tarixçələri - ARAŞDIRMA

Gürcüstandakı Bakı küçələri və onların tarixçələri - ARAŞDIRMA
Batumi şəhərindəki Bakı küçəsi Tbilisidəki eyniadlı küçədən 8 il “yaşlı”dır
© Report

Batumi şəhərindəki Bakı küçəsi Tbilisidəki eyniadlı küçədən 8 il “yaşlı”dır

Gürcüstanda Azərbaycanın paytaxtı Bakı şəhərinin adını daşıyan üç küçə var. Onlardan ikisi qonşu ölkənin paytaxt şəhərlərində - Tbilisi, Acarıstan Muxtar Respublikasının əsas şəhəri olan Batumi və digər biri isə Marneuli rayonunda yerləşir.

“Report”un yerli bürosu qonşu ölkədəki Bakı küçələrinin tarixçəsini araşdırıb. Araşdırma zamanı həmin küçələrin tarixi ilə bağlı diqqətçəkən məqamlar üzə çıxıb.

Tbilsidəki “Bakı”nın 120 illiyi tamam olur

Tbilisidə Bakı küçəsi şəhərin Çuqureti rayonunun ərazisinə düşür. Bu küçənin tarixi haqqında məlumat İrakli Abaşidzenin müəllifi olduğu və 2008-ci ildə nəşr olunan “Tbilisi – Küçələr, prospektlər, meydanlar” adlı ensiklopediyada yer alıb. Nəşrdən məlum olur ki, hazırda Bakı adını daşıyan küçə XIX əsrin ikinci yarısında salınıb və ilk adı Asatiani olub. 1900-cü ildə küçəyə Azərbaycan paytaxtının adı verilib. 120 ildir Bakı adını daşıyan bu kiçik küçədə yarandığı dövrə aid ikimərtəbəli binalara rast gəlinir.

Küçəni bəzəyən binalardan biri isə memarlıq incisidir. Əzəmətli bina Tbilisinin memarlığının formalaşmasında önəmli rol oynayan alman memar Paul Fridrix Sternin layihəsi əsasında 1893-cü ildə inşa olunub. Tikili Bakı küçəsinin mərkəzi David Aqmaşenebeli prospekti (keçmiş Mixaylovski) ilə kəsişməsində yerləşir. Binanın fasadına bu barədə məlumatın əks olunduğu lövhə vurulub.

P.Stern Azərbaycanda da yaxşı tanınır. Belə ki, onun ən möhtəşəm layihələrindən biri Bakının mərkəzində - Azneft meydanında yerləşir. 1896-cı ildə tikilmiş bu bina vaxtilə Azərbaycanın neft milyonçularından biri olan Mirtağı Babayevə məxsus saray olub. Hazırda isə burada Azərbaycan Dövlət Neft Şirkətinin inzibati ofisi fəaliyyət göstərir.

Tbilisinin Bakı küçəsi ilə addımlayarkən onun adını bildirən və müxtəlif dövrlərə aid lövhələr də diqqəti cəlb edir. Küçə boyu üzərində rusca və gürcücə Bakı yazılan köhnə və pas atmış lövhələrlə yanaşı, nisbətən yenilərini də görmək mümkündür.

Tbilisi meriyası şəhərdəki küçələrin adlarını bildirən lövhələrin vahid standartlara uyğun hazırlanaraq yenilənməsi prosesini mərhələli şəkildə həyata keçirir. Bu il küçəyə Bakı adının verilməsinin 120 illiyi tamam olur. Küçədəki lövhələrin yeniləri ilə əvəzlənməsi bu tarixin qeyd olunmasına böyük bir töhfə olardı.

Tbilisidə “26 Bakı komissarı” adlanan bir neçə məkan olub

Adıçəkilən ensiklopediyada Tbilisidə vaxtilə Bakı adı ilə bağlı olan digər bir məkan barədə də məlumat verilib. Bu, sovet dövründə “26 Bakı komissarı” adlanan hazırkı “9 aprel parkı”dır.

Araşdırma zamanı məlum olub ki, bu istirahət bağı bolşeviklərin adını daşıyan yeganə məkan olmayıb. Həmin dövrdə Tbilisidə metro stansiyalardan biri də bu cür adlanıb. Belə ki, 1967-ci ildə istifadəyə verilən indiki “Avlabar” metro stansiyasının adı SSRİ dövründə “26 komissar” olsa da, ittifaqın süqutundan sonra ona hazırkı adı verilib.

Batuminin “Bakı”sı daha qədimdir

Batumi şəhərindəki Bakı küçəsi Tbilisidəki eyniadlı küçədən 8 il “yaşlı”dır. Bu küçənin tarixi daha qədim olmaqla yanaşı, həm də çox maraqlıdır. Belə ki, şəhərin mərkəzində yerləşən bu küçəyə Bakı adı 128 il bundan öncə - 1892-ci ildə verilib.

Lakin 1954-cü ildə küçənin adı Qoqebaşvili adına dəyişdirilib. 2010-cu ilin avqustunda isə Batumi Şəhər Şurasının yekdil qərarı ilə küçəyə tarixi Bakı adı qaytarılıb.

Küçənin adını bildirən lövhələr müxtəlif formalara malikdir. Bəzi lövhələrdə Bakı adının ingilis dilində tərcüməsi gürcü səslənməsinə uyğun olaraq “Bako” kimi yazılıb.

Bakı küçəsini bir sıra köhnə və yeni tikililərlə yanaşı, 2015-ci ilin mayında açılan Azərbaycan Dövlət Neft Şirkətinin Acarıstan nümayəndələyinin inzibati binası da bəzəyir.

Batumidə mərkəzi küçələrdən birinə Bakı adının verilməsi şübhəsiz ki, həmin dövrdə Azərbaycan paytaxtının bu şəhərin inkişafında oynadığı böyük rolu ilə əlaqəli olub. Belə ki, 1883-cü ildə Bakı və Batumi arasında magistral dəmir yolu xətti ilə neftin nəql olunmasına başlanılır. 1897-1907-ci illərdə isə iki şəhəri birləşdirən neft boru kəməri inşa olunur. Bakı nefti Batumidə sənayenin inkişafına təkan verməklə yanaşı Qara dəniz sahilində yerləşən bu şəhəri dünyanın əsas və iri limanlarından birinə çevirir.

Marneulidəki “Bakı”nın tarixi naməlum qalır

Gürcüstanda azərbaycanlıların yığcam yaşadıqları Marneuli rayonunundakı küçələrdən biri də Bakı adlanır. Araşdırma zamanı bu küçənin tarixi barədə hər hansı bir mənbəyə rast gəlinmədi. Marneulinin bir neçə sakini arasında apardığım kiçik sorğu da Bakı küçəsinin dəqiq yeri və tarixi barədə heç bir məlumatı üzə çıxarmayıb. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi